525.Az

Gəncədəki Aqrar Universitetin tədris-texniki bazası genişləndirilir


 

BURADAKI YENİ TƏSİSATLARIN AÇILIŞINDA KƏND TƏSƏRRÜFATI NAZİRİ VƏ BİR SIRA ÖLKƏLƏRİN SƏFİRLƏRİ İŞTİRAK EDİBLƏR

Gəncədəki Aqrar Universitetin tədris-texniki bazası genişləndirilir<b style="color:red"></b>

Elmi-statistik araşdırmalara görə, 21-ci əsrin başlanğıcında 6 milyard insanın yaşadığı Yer Kürəsinin əhalisinin sayı 2050-ci ildə 9 milyard nəfəri keçəcək. 

Odur ki, qlobal problemlərdən ən vacibi bəşəriyyətin ərzaq təminatıdır. Azərbaycan  özünün etibarlı ərzaq strategiyasına malik olan qabaqcıl ölkələr  sırasında yer alıb. Bu baxımdan, ölkəmizdə aqrar kadrların yetişdirilməsinə daim diqqət göstərilir. Bu fikirlər Respublikamızın ikinci şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetdə yeni tədris ilinin başlanmasına həsr edilən görüşdə səsləndirilib. Bu tədris ilində universitetdə bir sıra yeni  mərkəz, laboratoriya və təcrübə stansiyaları yaradılıb.

Ölkəmizin ən qocaman ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris ilinin başlanması ilə bağlı keçirilən görüşdə Kənd Təsərrüfatı naziri, eləcə də ali təhsil ocaqlarının bu universitetlə əlaqələri olan ölkələrdən Türkiyə, Çin və  Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri  iştirak ediblər. Yüzlərlə tələbə və müəllimin iştirak etdiyi görüşdə Azərbaycanda gedən dinamik inkişaf, o cümlədən, ölkəmizin aqrar sektorunun geniş perspektivləri haqda söhbət gedib. Bu baxımdan ölkə rəhbərinin  diqqət və qayğısı ilə Azərbaycanda aqrar mütəxəssislərin hazırlanması  ənənələri yüksək qiymətləndirilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxışında vurğulayıb ki, son illər ölkəmizdə aqrar sektorun canlandırılması üçün atılan addımlar, eləcə də bu yöndə Azərbaycanda yeganə ali təhsil ocağında dövlətin xüsusi diqqətilə aparılan islahatlar gənclərin bu təhsil müəssisəsinə olan marağını artırıb. 2017-2018-ci tədris ilinin qəbul göstəricilərinə görə, ADAU-ya tələbə qəbulu planı 85,5 faiz yerinə yetirilib ki, bu da 2012-2013-cü tədris ilindən sonra əldə edilən ən yüksək nəticədir. İ. Cəfərov aqrar universitetə dövlət sifarişi əsasında qəbul olunanların sayında da artım olduğuna diqqət çəkərək, cari ilin qəbul imtahanlarının nəticələrinə görə tələbə adı qazanmış 1129 gəncdən 654 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq.

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov çıxışında aqrar sahə üçün mütəxəssis hazırlığının təkmilləşdirilməsi yönündə hökumətə təqdim olunan təkliflərdən də söz açıb. O, deyib ki, bu təkliflər əsasında növbəti ildən Aqrar Universitetdə  "Bağçlıq və tərəvəzçilik", "Bitki mühafizəsi", və "Şərabçılıq", "Landşaft bağçılığı", "Aqrobiznes", "Ekoloji kənd təsərrüfatı" ixisaslarının tədrisinin açılacağı nəzərdə tutulub.

Xarici qonaqlar isə  Azərbaycan aqrar alimləri ilə təcrübə mübadilələri, eləcə də bir sıra xarici ölkələrin aqrar universitetləri ilə qarşılıqlı tələbə mübədilələrinin perspektivləri haqda danışıblar. Qeyd olunub ki, ADAU xarici ölkələrdəki həmkarları ilə ən sıx əlaqələrə malik olan ali təhsil ocaqlarındandır.

Görüşdə bu il universitetə yüksək ballarla daxil olan tələbələrə xatirə hədiyyələri də təqdim edilib.

Sonra bu tədris ocağında yeni istifadəyə  verilən bir  sıra  laboratoriya, mərkəz, klinika, auditoriya  və digər yeni tədris-təcrübə sahələrinin açılışı olub. Belə ki, qonaqlar Çin hökümətinin maliyyə dəstəyi ilə  yaradılan  Virtual Tədris Auditoriyası, qardaş Tükiyənin dəstəyi ilə qurulan   Baytarlıq Klinikası, həmçinin  Eksperimental heyvandarlıq məntəqəsi, Süni mayalandırma tədris mərkəzi, Toxumçuluq və Aqrkimya üzrə laboratoriyalar və digər yeni təsisatlarla tanış  olublar.

Tədbirin sonunda qonaqlar  universitetin tələbə bağında  çinar ağacları  əkiblər.

Zakir MURADOV
Gəncə

 





19.09.2017    çap et  çap et