525.Az

"Qərb kürdlərin digər xalqlarla savaşını qaçılmaz edən planın yanındadırlar"


 

"Qərb kürdlərin digər xalqlarla savaşını qaçılmaz edən planın yanındadırlar"<b style="color:red"></b>

"Bazar günü İraqın şimalında çoxdandır "de-fakto" müstəqil dövlət halına gətirilən Kürdüstanda referendum keçirilməsi planlaşdırılır. Ancaq anlaşılır ki, Böyük Kürdüstan planını ortaya atanların məqsədi heç də belə bir dövlətin yaradılması deyil. Daha dəqiqi, bu, onlar üçün birinci dərəcəli önəm kəsb edən məsələ deyil. Onlar üçün önəmli olan regionda xaosun daha da genişlənməsidir".

Bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev deyib.
 
Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları bildirir ki, Kürdüstanda müstəqilliklə bağlı referendum təxirə salınmalıdır:

"Belə bir referenduma qarşı çıxılmır, onun təxirə salınması məsləhət olunur. O da üzdə. Arxada nə tapşırıqlar verilir, bunu bir özləri, bir də tapşırıq verdikləri bilirlər. Ən acınacaqlısı isə odur ki, BMT-nin baş katibi Antonio Guterres də Vaşinqtonun dediklərini birəbir təkrarlayır. Halbuki onun tutduğu vəzifə mərkəzi hakimiyyətin izni olmadan İraqın parçalanmasına yol açan bu referendumun qətiyyətlə pislənməsini tələb edir".

S.Alıyev hesab edir ki, Qərbdəki bəlli çevrələr bəzilərinin düşündükləri kimi heç də kürdlərin yanında deyil:

"Onlar kürdlərin regiondakı digər xalqlarla savaşını qaçılmaz edən planın yanındadırlar. Əgər kürdlərin yanında olsaydılar, keçirilməsi planlaşdırılan referendumu qətiyyətlə dəstəkləyərdilər. Belədə referendum əleyhdarları qarşılarında Qərbi görüb, göz önünə Serbiyanı gətirib ona uyğun hərəkət edərdilər.
 
Əgər qərbdəkilər özləri dedikləri kimi, guya regionda sülh istəsəydilər, eyni qətiyyətlə Kürdüstanda referendum keçirilməsini rədd edərdilər. Belə bir referenduma qarşı çıxmayıb onun keçirilməsinin təxirə salınmasını məsləhət görmək isə bu prosesin təkcə İraqın parçalanmasıyla bitməyəcəyini düşünərək bundan narahat olanları kürdlərlə açıq savaşa həvəsləndirməkdən başqa bir şey deyil".

Ceyhun ABASOV

 





20.09.2017    çap et  çap et