525.Az

Behrudinin duyğular aləmi və mənalar dünyası


 

Behrudinin duyğular aləmi və mənalar dünyası<b style="color:red"></b>

Nə zaman Behrudidən bir şeir oxusam, nədənsə  "Şamandan, Turandan" daha çox, suriyalı üsyankar şair Əbul Ala əl Maarri yadıma düşür.
 
Doğrudur, Behrudi də əl Maarri kimi həyata, düzənə, yalnızlığa, insanlara və dünyaya qarşı üsyan edən şeirlər yazıb. Amma bundan başqa, zaman və məkan fərqinə baxmayaraq, bu iki şair arasında bir duyğu bağı olduğuna da inanıram. Bu inancımı Behrudinin şeirlərini almancaya tərcümə edən dostum Karl Hermann da dilə gətirincə düşüncələrimdə yanılmadığıma bir daha əmin oldum.

Əl Maarri Rüstəm Behrudidən tam 1016 yıl öncə (973) bugünkü Suriyanın Hələbə yaxın bir qəsəbəsində dünyaya gəlib. Dörd yaşında çiçək xəstəliyindən gözləri kor olub. Kor olmasına rəğmən, həm atasından, həm də Hələb, Şam və Bağdadda yaşayan o dönəmin ən önəmli müəllimlərindən mükəmməl bir təhsil alıb. 1007-ci ildə anası vəfat edincə təkrar ata-baba yurduna dönüb. O gündən sonra yazacağı əsərlərində çox fərqli bir yöntəmlə bilgi, əxlaq, maddə, ruh, Allah, məkan, siyasət və sosial həyat mövzusunda özünəməxsus fikirlərlə adını tanıdıb. Bəzi şeirlərində ümidsizlik, bəzi şeirlərində üsyan, bəzilərində isə qaçış meyli var. Amma bütün sənətkarlara xas yalnızlıq duyğusu onun şeirlərində daha bəlirgindir:

Kəndi fəryadımdır ancaq səs verən
fəryadıma!
Kimsələr yox aşinadan,
yardan hali diyar...

Əl Maarridə görünən bu yalnızlıq duyğusu Behrudinin şeirlərində də çox bəlirgindir. Hər misrasına sinən yalnızlıq duyğusu onu  məclis, dost və cəmiyyətin içindən alaraq fərqli bir məkana götürür:

Bu qosqoca şəhərdə, ruhum,
Heç kim bizimtək tək deyil.

Təklik, yalnızlıq Behrudinin şeirlərində, əl Maarridə olduğu kimi, qaçış meylindən daha çox bir üsyandır. O, qorxduğu, bezdiyi, ümidsizliyə qapıldığı üçün qaçmaz. O, üsyan etdiyi üçün qaçar. Çünki qaçışın məğlubiyyəti də bərabərində gətirdiyini bilir. Ona görə də yalnızlıq duyğusunun ardından belə deyər:

İblis-mələk davasıdı
Davamız bitəcək deyil.

Əlbəttə ki, "yaxşı və pis"  davasının qaçışla bitməyəcəyini bilir Behrudi və ona görə də hər dönəmdə cəsurca özünü meydana atar. Meydan onun üçün bəzən bir hayqırış məkanıdır, bəzən də bir dar ağacı:

Mən hara ayaq basdım,
Gördüm orda qəm-yasdı.
Dar ağacıyam - asdım
Mən özümü özümdən.

Behrudidə dünyaya və həyata bağlılıqdan daha çox, həyatın məhkumiyyətinə və dünyanın zalımlığına üsyan var. Onun şeirlərində ilk oxunuşda həyatdan qopuqluq görülsə də, o, əslində həyatın içində fərqli bir həyatın arzusundadır. Əl Maarri isə həyat mövzusunda çox şikayətçidir və o biri  aləmlə vüsalın həsrəti içindədir:

Çox sürdü bu aləmdə qonaqlıq,
Tam zamanı artıq mütləq bir vüsalın...

Behrudidə isə o biri aləm, axirətdən daha çox, bu aləmdəki arzuladığı bir yerdir. Bu səbəblə "namərdlərdən" bezdiyində belə üsyan edər:

Yolçu sərxoş, yol başına
Ruhum vaxtdı, dur ayağa;
Çəkib gedək, gücümüz yox
Onsuz da adam olmağa.

"Adam olmaq" Behrudi üçün bir millət, məmləkət davasıdır. Ona görə insanlar gündəlik alışqanlıqlardan qurtulub adam olduqlarında vətən daha çox yaşana bilən bir yer olacaq. Onun bütün çırpınış və hayqırtılarında  "adam olmağa" vurğu var.

Behrudinin Əl Marri ilə digər ortaq yanı onun da insan və insan xarakteri mövzusunda mükəmməlliyətçi olmasıdır. Əl Maarri zamanında gördüyü yaltaq, yalançı, əxlaqsız və mənfəət düşgünü insanları şeirində yerdən-yerə vurarkən zalım hökmdarları da unutmaz:

Behrudi də "Halım məmləkətin halı" şeirində ətrafındakı insanlar və düzənlə barışmadığını çox açıq bir şəkildə ifadə edər:

Sən hər şeylə barışdın,
Mən hələ də  savaşda.
Halım məmləkətin halı, Şahin...

Behrudinin şeirləri almanca çıxanda bir neçə alman ədəbiyyatsevər dostum onun bir sufi şair olub-olmadığını soruşdu. Bu dostlar tərcümələrdən İslam və Hind sufilərini oxuyublar və bu mövzuda bilgiləri olan insanlardır. Onlara cavab verərkən bir ara "bəli" deməkdə tərəddüd  etdim. Çünki Behrudidə nə qədər sufi anlayış və ifadələr olsa da, onda eşqə tam təslimiyyət yoxdur. Bu üzdən dostlarıma almanca "Jajin" kəlməsi ilə qarşılıq vermək məcburiyyətində qaldım. Bu söz "hə və yox"un qarışığı bir sözdür. Həm "bəli", həm də "xeyr" deməkdir. Çünki Behrudidə həm;

Həyat nə ki, öyəsən,
Ruha bədən geyəsən?
Ən gözəl şey, ah, bilsən,
Heç əzəldən olmamaq.

kimi yoxluğu işarət edən sözlər olmasına rəğmən, eşqə tam təslimiyyət də var:

Gözümü yoldan yığım,
Dönüm bir sözə sığım.
Ən böyük azadlığım
Sənin əsirin olmaq.

Eşqdə əsarət, eşqin varlığında yoxluq bütün böyük sufilərin sözlərində vardır. Mövlana da məşuqun yanında nə var, nə də yox olduğunu söylər. Amma Behrudidəki yoxluq eşqdə yox olmaq deyil, eşqlə birlikdə var olmaqdır. Yəni həm bir sufi inanışı vardır onun fikirlərində, həm də dünyəvi bir arzu. O, şeirlərində bu "sirli aləm" ilə dünyəvi, gerçək ailəmi bir arada görmə istəyini önə çıxarır:

Yüz tilsimə baş vurdum,
Qayıdıb səndə durdum.
Bu "olumla" nə buldum?
Olmamaqdı bu olmaq.

Hər sənətkara baxış əslində o sənətkarın gerçək varlığını və əsərlərindəki fikirlərinin mahiyyətini çözmək mənası daşımaz. Hər insan öz ifadələriylə o sənətkara baxar və özünəxas kəlmələrlə onu tərif edər. Mən Behrudinin şeirlərini oxuyarkən onun iç dünyasından mənə doğma fikirlər çıxartmağa çalışdım. Təbii ki, anlayış və düşüncə fərqlilikləri şeirləri fərqli şəkildə anlamağa yol açar. İngilis şair Eliot: "Hər kəlmə şeirin digər kəlmələrinə anlam qazandırır" - deyərkən o anlamları da hər oxuyanın özünə görə yorumlayacağını bildirir. Behrudi bu mövzuda çox yönlü, zəngin bir dilə və mənalar dünyasına sahib olan bir şairdir. Onda Nəsimidən də, Xətaidən də, Şəmsi Təbrizidən də izlər görmək mümkündür. Çünki qidalandığı aləm onların böyük mənalar dünyasıdır və bu səbəblə Şair özünəməxsus sirrlərlə doludur:

Sirrimi açıb demə,
Girsəm də cəhənnəmə.
Son istəyim; qəm yemə,
Açılmaz sirrin olmaq.

Sirli şeirlərin şairi Behrudi dostum, altmış ildən sonrakı sirli aləmə olan yolçuluğun xoşbəxtlik və sağlıqla dolsun!

 





20.09.2017    çap et  çap et