525.Az

Kürd muxtariyyətinin referendum qərarı: Bərzani geri addım atacaq?


 

Kürd muxtariyyətinin referendum qərarı: <b style="color:red">Bərzani geri addım atacaq?</b>

Məlum olduğu kimi, İraqın kürd muxtariyyəti sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırıb. Artıq İraq kürd muxtariyyətinin parlamenti bu bazar günü müstəqilliyə dair referendum keçirilməsi barədə qərarı təsdiqləyib.

İki illik fasilədən sonra sentyabrın 15-də fəaliyyətini bərpa edən parlamentin ilk iclasının gündəliyində referendum olub.

Dəyişiklik Hərəkatı, İslami Toplum Partiyası, İslami Hərəkat Partiyası və İraq Türkmən Cəbhəsi parlamentin toplantısını boykot edib. Dəyişiklik Hərəkatının nümayəndəsi Birzo Məcid parlamentin iclasının qanunlara uyğun keçirilmədiyini bəyan edib. Siyasətçi bildirib ki, Kürdüstan Demokratik Partiyası tərəfindən iki il əvvəl çevriliş həyata keçirilib və parlamentin qapısına kilid vurulub. İndi isə heç bir razılaşma və qanuni mexanizm olmadan parlament işini bərpa edib. Birzo Məcid hesab edir ki, məqsəd qanunsuz Ali Seçki və Referendum Komissiyasına dəstək verməkdir.

Qeyd edək ki, İraq kürd muxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə birtərəfli qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bildirir.

Beynəlxalq birlik isə Bərzanini referendumu ləğv etməyə çağırıb. Belə ki, Türkiyə, ABŞ, Avropa dövlətləri, həmçinin beynəlxalq təşkilatlar referendumu ləğv etməyə, bəzi qərb dövlətləri isə təxirə salmağa çağırıb. Bəllidir ki, kürd muxtariyyətində referendumun baş tutacağı halda bu, çox pis nəticələrə gətirib çıxaracaq. Referendumun nəticələri tanınmasa belə, gərginlik yaranacaq. Bu, bir tərəfdən İraqın ərazi bütövlüyünə təhlükədir, digər tərəfdən isə Türkiyə, digər region dövlətlər üçün təhdid olmaqla yanaşı, vəziyyəti gərginləşdirən bir səbəb olacaq. Həmçinin, separatizmin alovlanmasına gətirib çıxara bilər. Bu referendumun ən böyük zərbəsi isə heç şübhəsiz ki, türkmənlərə dəyəcək. Çünki bu gün kürdlər türkmənlərin yaşadığı böyük əraziləri ələ keçirib, xüsusilə, Kərkük şəhərində məskunlaşma həyata keçiriblər.

Bu arada İraqın Federal Məhkəməsi  Kürd muxtariyyətinin sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan müstəqillik barədə referendum qərarını ləğv edib. Məhkəmə referendum barədə qərarın ölkə Konstitusiyasına zidd olduğunu bəyan edib. İraqın Baş naziri Haydar el-İbadi bəyan edib ki, İraq Kürd Regional rəhbərliyi referendum keçirmək barədə fikrindən daşınmasa, rəsmi Bağdad ölkənin ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlardan istifadə edəcək.

Yuxarıda qeyd etdiyimiz kimi, əgər bu referendum baş tutarsa, ondan daha böyük ziyanı da bölgədə yaşayan türkmənlər görəcək. Belə ki, kürdlər bütün vasitələrlə türkmənləri sıxışdıraraq, onların torpaqlarını ələ keçirib, indisə Kərkükə tam olaraq sahiblənmək istəyirlər. Məlumat üçün bildirək ki, Kərkük şəhəri İraqda 4-cü ən böyük şəhərdir. Təxminən 3 min il əvvəl şumerlər tərəfindən inşa edilib. Bura vaxtilə gələn ingilislər türk ləhcəsində danışan insanları görərkən onları türkmən(man), yəni ingiliscədən tərcümədə Türk adam adlandırıblar. Türkmənlərə İraq azərbaycanlıları da deyilir. Kərkük sözü isə ər-Türk sözünün ərəb və Türk dillərinin deformasiyaya uğramış formasıdır. İraqda 3 milyona yaxın türkmən yaşayır. Onlar əsasən Azərbaycan türkcəsində danışırlar. Kərkük həm də zəngin neft ehtiyatlarına malikdir və onu ələ keçirmək niyyətinin arxasında dayanan məqamlardan biri də məhz budur.  Belə ki, İraqın neft ehtiyatı 140 milyard barel hesab edilir ki, bunun da 20 faizi Kərkük ərazisində yerləşir.

Sentyabrın 25-nə hələ var. Bu müddət ərzində Bərzaninin geri addım atması istisna edilmir. Çünki əvvəllər də Bərzani referendum keçirməklə bağlı mərkəzi hökuməti hədələyib. Düzdür, bu dəfə daha iddialı görünür. Amma böyük güclərin, yaxın qonşuların da münasibətini nəzərə almaq məcburiyyətindədir. Referendum keçirib, Kürd muxtariyyətinin müstəqilliyini elan edəcəksə, Bağdadın müdaxiləsi ilə də qarşılaşa bilər. Çünki söhbət bir dövlətin parçalanmasından gedir. Artıq rəsmi Bağdad da müdaxilənin ola biləcəyini bəyan edib. Bir sözlə, tərəflər mövqeyini ortaya qoyub, Bərzaninin atacağı yekun addım isə yaxın günlərdə bəlli olacaq. Ya referenduma gedib yeni bir gərginliyə, münaqişəyə səbəb olacaq, ya da sonunda geri çəkilməyin daha ağıllı qərar olduğunu qəbul edəcək.

PƏRVANƏ

 





20.09.2017    çap et  çap et