525.Az

"Prezidentin ABŞ səfəri Azərbaycan üçün çox əhəmiyyətlidir"


 

"BU SƏFƏR AZƏRBAYCANIN BEYNƏLXALQ ALƏMDƏKİ NÜFUZUNUN DAHA DA MÖHKƏMLƏNMƏSİNƏ ÖZ TÖHFƏSİNİ VERƏCƏK"

"Prezidentin ABŞ səfəri Azərbaycan üçün çox əhəmiyyətlidir"<b style="color:red"></b>

Milli Məclisin (MM) Regional məsələr komitəsinin sədr müavini Fəttah Heydərov  ölkə Prezidenti İlham Əliyevin ABŞ səfərinə toxunaraq, bu səfərin Azərbaycan dövləti üçün çox əhəmiyyətli olduğunu bildirib.

F.Heydərov bununla bağlı fikirlərini Milli Məclisin qarşıdan gələn payız sessiyası ilə bağlı parlamentin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında dilə gətirib: "Çox əlamətdar haldır ki, komitəmizin iclası məhz həmin səfər günlərinə təsadüf edir. Bu səfər çox əhəmiyyətli və vacib səfərdir. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və layiqli yerinin göstəricisidir. Azərbaycanın yürütdüyü düzgün, balanslı siyasət nəticəsində ölkəmiz bu gün dünyanın aparıcı, söz sahibi olan ölkələrindən birinə çevrilib. Hesab edirəm ki, ölkə Prezidentinin bu səfəri də Azərbaycanın beynəlxalq aləmdəki yerinin və nüfuzunun  möhkəmlənməsinə öz töhfəsini verəcək".

Adıçəkilən komitənin üzvü Tahir Rzayev isə diqqəti qarşıdan gələn 2018-ci il prezident seçkilərinə yönəldib. O, bildirib ki, Azərbaycanın uğurlarını gözügötürməyən ermənipərəst anti-azərbaycançı qüvvələr seçkilər ərəfəsində yenidən fəallaşmaqdadırlar: "Bildiyiniz kimi, gələn il Azərbaycan cəmiyyəti, ictimai-siyasi həyatımız üçün çox vacib bir proses yaşanacaq. Yəni, Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ancaq çox təəssüflər olsun ki, yenə də bəzi anti-Azərbaycan dairələri  fəallaşmaqdadırlar. Onlar ölkəmizlə, uğurlarımızla bağlı yenidən ən müxtəlif təxribatlara əl atmaqdadırlar. Hər vəchlə çalışırlar ki, ölkəmizin uğurlarının, nailiyyətlərinin üzərinə kölgə salsınlar. Ancaq həmin dairələr  əmin olsunlar ki, budəfəki cəhdləri, murdar niyyətləri baş tutmayacaq, iflasa məruz qalacaqlar. Seçkilər azad, ədalətli və demokratik şəritdə baş tutacaq və Azərbaycan xalqı növbəti dəfə öz layiqli seçimini edəcək".

Komitə üzvü, professor Fəzail İbrahimli də seçkilər məsələsində sərt danışıb, Azərbaycanın sabitliyini, inkişafını istəməyən qüvvələrin ünvanına kəskin ifadələr səsləndirib.  Deputat  eyni zamanda, Azərbaycan xalqını anti-Azərbaycan dairələrinə qarşı birləşməyə, səfərbər olmağa çağırıb: "Həmin mənfur qüvvələr yenidən fəallaşmaqda, ən alçaq təxribat əməllərinə əl atmaqdadırlar. Onlara imkan, fürsət vermək olmaz. Azərbaycan xalqı öz gələcəyi, inkişafı, xüsusən də yaşadığı stabilliyi, təhlükəsizliyi naminə həmin qüvvələrə qarşı sıx birləşməli və onların niyyətlərinin  baş tutmamasına qarşı birgə mübarizə aparmalıdır. Bu, hər birimizin borcu və vəzifəsidir. Heç kəs bu məsələdə kənarda - seyrçi kimi qalmamalıdır".

Millət vəkili Azər Badamov da həmkarlarının mövqeyini dəstəkləyib: "Mən də belə hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı hər birimiz ayıq-sayıq, fəal olmalıyıq. Çünki həmkarlarımın da qeyd etdikləri kimi, Azərbaycanı istəməyən qüvvələr yenidən ölkəmizə qarşı fəaliyyətə başlayıblar. Əslində, onlar heç zaman "fəaliyyətlərini" dayandırmayıblar, daim ölkəmizə qarşı təxribatlarını davam etdirməkdədirlər. Onlar ölkəmizin inkişafından, dünyadakı nüfuzundan, ölkə Prezidentinin apardığı uzaqgörən və müstəqil siyasət kursundan çox narahatdırlar. Bu, onların maraqlarına uyğun deyil. Ancaq mən inanıram və qəti əminəm ki, bu dəfə də həmin qüvvələr acı məğlubiyyətə uğrayacaq, seçkilər prosesi isə çox sakit, təhlükəsiz və demokratik bir şəraitdə reallaşacaq. Heç kim də buna şübhə etməsin. 2018-ci il seçkiləri də anti-Azərbaycan dairələri üzərində növbəti qələbəmiz olacaq".

Kamil HƏMZƏOĞLU

 





20.09.2017    çap et  çap et