525.Az

Sümüklər üzərindəki şəhər - Fotolar


 

PİTERİN YAĞIŞINDA İSLANAN, QARINDA DONAN, İSTİSİNDƏ YANANLARA İTHAF OLUNUR

Sümüklər üzərindəki şəhər - <b style="color:red">Fotolar</b>

Hər kəsin öz Sankt-Peterburqu, Leninqradı, Piteri var, yaxud mənim şəhərim 

Düzü, bilmirəm yazıya haradan başlayım. Olur belə hallar. Birinci cümlə sanki tıxaca düşür. Bəlkə əksinə, söz susmaq istəyir? Məncə, yox. Susan olsaydı ürəyimi, beynimi rahat buraxar, monitora başqa cümlələr gətirərdi. Göründüyü kimi, bu belə deyil, şəhərim haqqındakı fikirlərim yavaş-yavaş cümləyə çevrilir. Kaş ki, bütün sözlər rahat şəkildə cümlə olaydı.

Barmaqlarım hərflər arasında gəzdikcə, bilirsiz, nəyi düşünürəm? Sankt-Peterburqun sərhərdlərini. Belə nəticəyə gəlirəm ki, Piter heç də Fin körfəzindən başlayıb, Moskvaya gedən sıx meşələrdə bitmir. Hər halda mənə görə. Mən Piterin sərhədlərini öz içimdə çəkmişəm. Yəni o, ürəyimdə başlayıb, beynimdə bitir. Bəli, şəhərim belə şəhərdir. Xəyal, xatirə şəklində ürəyimlə beynim arasında yorulmadan dolaşır. Elə cümlələrim də belə cümlədir. Məni gah dünənə, gah da indiyə aparır. Bax, elə bu an iyirmi il əvvələ qayıdıram:

1997-ci ilin may ayının sonları idi. Piterə ilk gəlişimdi. Axşam Moskva vağzalında qatardan düşüb Liqovski prospektə çıxanda anama elə bu saat Ermitajı görmək istədiyimi söylədim. O zaman elə bilirdim Peterburq yalnız Qış sarayından ibarətdir. Təbii, anam əlimdən tutub Ermitaja apardı, amma bir müddət sonra. Həmin günü isə 44 nömrəli tramvaya minib, Neva çayı boyunca Proletarski metro stansiyasına sarı yollandıq.

Beləcə, Piterdə nəinki ilk gecəm, sonrakı illərim də Proletarski stansiyasının ətrafında keçdi. Elə ordakı ömrüm də proletarlardan fərqlənmədi. Ailəlikcə fəhlə kimi gündüzü gecəyə qatıb istirahətsiz işlədik. Ona görə də Piteri xatırlayanda atamın, qardaşımın mazutdan qaralan, anamın istidən yanan əllərini görürəm. Görürəm nədir? Dərilərinin ağrılarını, sümüklərinin sızıltılarını hiss edirəm. Hələ mən öz əllərimdən yazmıram. Daha doğrusu, barmaqlarım xatirələrimin qarşısını kəsir, onu monitorun üzərinə çıxartmır. Yaxşı da edir.

Yəqin elə ona görə Peterburq mənim üçün sevincdən daha çox kədərdir. Qəribədir, ailəmizin ordakı iztirablarına, ağrılarına, itkilərinə baxmayaraq, o şəhərə olan sevgim zərrə qədər də azalmır. Əksinə, ildən-ilə artır. Bunun səbəbini bilirəm. İnsan faciəsində şəhərin, özü də Sankt-Peterburq kimi şəhərin heç bir günahı ola bilməz. Lakin bir məsələ var. Ev sahibəmiz Olya deyirdi ki, Piter bataqlıqdır, çalış batmayasan. Səksən yaşlı qarı bunu elə əminliklə söyləyirdi, sanırdın çüxura düşmüş mavi gözlərinin önündə batalyon batıb. Əslində, onun sözlərində həqiqət vardı. Piter doğrudan da bataqlıq üzərində qurulub. Hətta deyərdim, insan sümükləri Peterburq torpaqlarının bərkiməsində böyük rol oynayıb. Yəni, I Pyotrun əmrilə torpaq qurutmağa cəlb edilən fəhlələr ağır şəraitə dözə bilməyib, iş başında həlak olanda onların cəsədlərini Rusiyanın ucqar kəndlərinə, şəhərlərinə göndərən kim idi? İş dayanmasın deyə ölənləri harda gəldi, necə gəldi torpağa qarışdırırdılar.

Görəsən, Piterin bataqlığında insan cücərirmi? 

Avqustda payız həsrəti   

Piterdə fasilələrlə üç il yaşamışam. Özü də üç payız, üç qış olmuşam. Oranın qışını Allah bir dəfə blokada dönəmində göstərib, bir də, deyəsən, mən yaşayan vaxtda. Hərdən mənə elə gəlirdi ki, yerdəki buz heç zaman əriməyəcək, yağış heç vaxt kəsməyəcək. İndi qlobal istiləşmə Piterdən də yan keçmir. Amma o zaman şəhərin yağışından, şaxtasından elə bezmişdim Günəşi görəndə qollarımı açıb şüalarını bağrıma basmaq istəyirdim.

Bir gün heç ağlıma gəlməzdi ki, Piterin leysanı, şaxtası üçün burnumun ucu göynəyə (şaxtada burnum donduğundan nəfəs alanda sanki can verirdim) bilər. Özü də bu yay Piter, necə deyərlər, bolsulu olub. Bilet alıb yola hazırlaşanda nəinki çətir, hətta gödəkçə götürməyi belə unutmadım. Qanadlarımı çiynimə alıb, hava limanına gəldim. Bakının qızmar yayından Piterin qızıl payızına düşmək üçün üç saat yarım sərf elədim. Amma içimdə qəribə hiss vardı ki, şəhərimə şəxsi əşyalarımla yanaşı, Günəşi də aparıram. Hissim həmişəki kimi məni aldatmadı. On iki gün qaldığım müddətdə Günəş Piterin başının üstündən əskik olmadı. Cəmi iki dəfə, xala-xətrin qalmasın, qısa müddətdə yağış yağdı. Halbuki, mənə qədər hər gün leysan tökürdü.

Görəsən, yağış Piterə, yoxsa mənə naz edirdi?

Müharibənin Leninqrad üzü  

Nə gizlədim, əslində, yağış, payıza düşmək bir bəhanə idi. İyuldakı gərginliyimi əritmək üçün kirayə qaldığım mənzildən müvəqqəti uzaqlaşmaq istədim. Ürəyimi götürüb harasa getmək istəyəndə seçimim, təbii ki, Piter olur. Çünki o, yaxşı dinləyicidir. Əvvəla sənə sakitcə qulaq asır, sonra məşəqqətli keçmişini asta-asta göstərir. Sən də o həyata baxıb, dərdini içinə atırsan.

Piterin gözəlliyinə baxmayın, onun elə acınacaqlı taleyi olub ki. Elə götürək II Dünya müharibəsindəki 900 gün mühasirəni. İnsanlar aclıqdan bir-birini yeyiblər, soyuqdan yerlərində donublar. Adamların gözü pişiklərin tutduqları siçanda, quşda qalıb. Amma nə olsun? Piterlilər aclığa, şaxtaya tab gətirdilər, nəinki özlərini, hətta muzeylərini, abidələrini, heykəllərini qorudular. Üstəlik, Dmitriy Şostakoviçin 7-ci simfoniyasını ifa edib, faşistlərə meydan oxudular. Axı konsert səslənən gün, yəni 1942-ci ilin avqustun 9-u Hitler Leninqradı tutacağına and içmişdi.

Yeri gəlmişkən, blokadada yaşayanların hamısı qeydiyyata alınıb, hətta ayrıca vəsiqələri də var. Əl boyda kağız parçası onlar üçün yalnız güzəşt, imtiyaz deyil, həm də xatirə, şərəf, qürurdur. Şahidi olmuşam. Anam tanış pensionerin blokada vəsiqəsini tapmışdı. Səhəri günü onu özünə qaytaranda qadın dayanmadan xaç çəkdi. Anam elə bil onun keçmişini qaytarıb, gələcəyini vermişdi. Qadın əlləri əsə-əsə "gələcəyini" ürəyində gizlədib, dönə-dönə təşəkkür etdi. O, bununla kifayətlənmədi, səhəri günü Zinqer tikiş maşınını anama bağışladı. Anam hədiyyəni götürmək istəməyəndə, qadın bir kəlmə dedi: sən heç bilmirsən, o kitabça mənim üçün nə deməkdir. 

Təyyarədə Nobel mükafatçısı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü " kitabını yarı edəndə yadıma həmin hadisə düşdü. Özümə söz verdim ki, gəzməyə çıxanda blokadaya həsr olunan muzeyə gedəcəm. Hətta internetdə muzeyin ünvanını da tapdım: Solyanıy döngəsi, 9. Amma qaldığım evə çatanda kitabı bir kənara qoydum, Leninqradın blokadasını bir az düşünəndən sonra beynimi daha onunla məşğul etmədim. Heç özüm də bilmədim niyə belə oldu? Axı müharibə mənə yad deyildi. Səhəri günü isə Blokada muzeyinə getmək fikrini tamamilə unutdum. Çünki şəhərin mərkəzinə gələndə Sadovaya küçəsini, o küçədə baş verənləri qələmə alanı düşündüm. Belə çıxırdı ki, məni statistika, fakt yox, daha çox SÖZ çəkirdi.

Görəsən, ürəklərində müharibə daşıyanlar nə düşünür?  

Karamazov qardaşlarının evi 

Vladimirski metro stansiyasından çıxanda rəngbərəng gül-çiçəklə, dəstə-dəstə cəfərilə, göy soğanla qarşılandım. Pensioner qadınlar bostanlarının nemətlərini gətirib, metronun yanında yerləşən qədim Kuzneçniy bazarının qarşısında ucuz qiymətə satırlar. Hamısının başında ağ-güllü şal, üzlərində nur, əllərində çətir vardı. Bazarın önündən keçəndə rəhmətlik qardaşımın fasiləsiz öskürəklərini xatırladım. Vərəmdən əziyyət çəkdiyindən kökəlsin, tez sağalsın deyə, hər dəfə bu bazara gəlib, onun üçün donuz piyi alırdım. O vaxtı heç bilmirdim ki, bazarın iki addımlığında - Kuzneçnıy döngəsi 5/2 ünvanında sözü özündən böyük Fyodr Dostoyevsikinin ev muzeyi yerləşir.

Muzeyə yaxınlaşdım. Giriş qapısında sadəcə yazılmışdı: "Muzey F.M.Dostoevskoqo". Söz külliyatına cild-cild əsərlər bəxş edən yazıçının bəlkə də ağlına gəlməzdi ki, nə vaxtsa adına, atasının adına 5-10 hərf qənaət ediləcək. Düşünürəm ki, o, lap bu haqda düşünsəydi belə vecinə almazdı. Çünki yazıçı nəinki atasının, hətta öz adını belə SÖZ içində əridib.

Kassaya 150 rubl ödəyəndən sonra pilləkənlərlə yuxarı qalxdım, aparatın düyməsini basıb, yazıçının ev muzeyi haqqında məlumatlar aldım. Həmin məlumatlar muzeyin rəsmi səhifəsində olduğuna görə, qısaca deyim ki, ev-muzeyi yazıçının 150 illiyi münasibətilə, yəni 1971-ci il noyabrın 12-də açılıb. Dostoyevski həmin evi iki dəfə - 1846 və 1878-ci ildə kirayəyə götürüb. Axı onun heç vaxt şəxsi mülkü olmayıb. Ümumiyyətlə, o, Sankt-Peterburqda yaşadığı otuz ildə kirayələrdə qalıb. Özü də hər evdə 1-2 il yaşayıb. Bu hesabla Dostoyevski Piterdə 20-dən çox ev dəyişib. Düzü, bu faktı eşidəndə özümə təsəlli verdim. Düşündüm ki, Dostoyevskiyə "çatmağıma" hələ 10 mənzil var. Nə gizlədim, dəyişdiyim kirayə evlər kinolenti kimi bir-bir gözümün önündən keçdi və etiraf edim ki, ilk dəfə olaraq indiki qaldığım otaq üçün darıxmağa başladım.

Muzeyə çevrilən bu evdə isə yazıçı üç il yaşayıb. Elə son mənzilə də bu evdən yollanıb. Həmin günü Dostoyevskinin kiçik qızı Lyubov atasının siqaret qutusunun üstünə sadə qələmlə bunları yazıb: "28-qo yanvarya 1881 qod - umer papa". O, elə iş otağında dünyasını dəyişib. İndi həmin otağa giriş qadağandır. Öyrəndim ki, elə yazıçı da otağına hər adamı buraxmayıb, qonaqları olanda yanaşı otaqda qəbul edib. Dostoyevski yaşıl parça ilə örtülən yazı masasında "Karamazov qardaşları"nı, "Yazıçının qeydləri"ni, sevimli şairi Aleksandr Puşkin haqqında çıxışını yazıb. Yeri gəlmişkən, o, elə məhz bu yazılarla sağlığında Rusiyada böyük şöhrət qazanıb.

Muzeydə ona aid şəxsi əşyalar azdır. Elə muzeyin özü də yazıçının xanımı Annanın xatirələri üzərində qurulub. Çünki həmin ev uzun illər kommunal mənzil kimi istifadəyə verilib.

Otaqları dolaşandan sonra evlə üzbəüz zala keçdim. Burada hərtərəf yarıqaranlıq idi. Amma bu yarıqaranlıq otaqda insan sanki işıqlanırdı. Çünki məhz burada Dostoyevski şəxsiyyəti açılır. Qara rəngli stendlər oğul, qardaş, məktəbli, dustaq, qumarbaz, xəstə, ər, ata, sevgili, yazıçı, bir sözlə, Fyodor Dostoyevski adlı İNSAN haqqında danışır.

Muzey həm də mənə xristian məbədini xatırlatdı. Düzdür, heç yerdə şam yanmırdı, amma demək olar hər tərəfdə İncildən sitatlar, İsa Peyğəmbərin rəsmləri vardı. Dostoyevksi Allaha, İsa peyğəmbərə bağlı insan idi və bunu onun əsərlərindən bilmək olar. Düşünürəm, o, inanclı adam olmasaydı belə, yazdıqlarına görə yaşadığı ev ocaq sayılacaqdı. Çünki Dostoyevski orada SÖZ yaradıb. Elə SÖZ ki, nəinki dünyanı, ürəkləri fəth edib. Əsas ürəyə yol tapmaqdır.

Muzeydə ən son oxuduğum söz göy çantanın üzərində iri ağ hərflərlə yazılmış "İDİOT" oldu.    

Görəsən, idiotlar Dostoyevskini oxuyurmu?  

Rekviyemin evi 

Fyodr Dostoyevskinin mənzilindən çıxanda ürəyimlə ayaqlarım əlbir olub, məni Anna Axmatovanın evinə sarı apardı. Düzü, özüm də təəccübləndim ki, niyə məhz Anna Axmatova? Məsələn, həmin günü Aleksandr Blokun, Vladimir Nabokovun ev muzeyinə də gedə bilərdim. Bunun səbəbi sonradan mənə aydın oldu. Demə, 1989-cu ildə Anna Axmatovanın 100 illiyi münasibətilə yaradılan mənzil muzeyi elə Fyodr Dostoyevski muzeyinin filialı olub. Lakin muzey bir müddət sonra müstəqil olaraq fəaliyyət göstərməyə başlayıb. Görünür, bu bağlılıq hələ də davam edir.

Liteyniy prospekti 53 ünvanına yaxınlaşanda köhnə arka ilə içəri daxil oldum. Arkanın içində kərpic divarın üzərində Anna Axmatovanın portretini gördüm. Fyodor Dostoyevskidən fərqli olaraq, Anna Axmatovaya hərflər, sözlər qənaət edilməmişdi. Əksinə, prospektdə iri plokatın üzərində-şairənin imzası altında.

 "Muzey Annı Axmatovoy v fontannom dome" sözündən əlavə, arkada iri dəmir parçası ilə ingilis dilində "museum" da yazılmışdı. Hələ bu harasıdır? Muzeyin binasına gedən yolun üzərində divar boyunca Anna Axmatovanın, İosif Broskinin şeirlərindən parçalar səpələnmişdi. Ziyarətçilər divara yaxınlaşıb misraların yanında şəkil çəkdirirdilər. Demə bu, səbəbsiz deyildi.

Qarşıma muzeyin "Axmatova ilə selfi" layihəsi çıxdı. Axmatovanın poetik obrazını tanıtmaq məqsədilə gerçəkləşən layihəyə əsasən, ziyarətçilər özlərinə yaxın bildikləri şeir parçalarının qarşısında şəkil çəkdirib, #selfi #MuzeyAxmatovoy #Fontannıydom həştaqı ilə paylaşmalıdırlar. Mən də Anna Axmatova SÖZünün kölgəsində dayanıb şəkillər çəkdirdim. Necə ki, Axmatova da "kölgəm sənin divarında" deyib, divardan ziyarətçilərə qəmgin-qəmgin baxırdı.

Muzeyin baxçası isə ayrı aləmdir. Dəmir skamyalar yammaşıl otların, ağacların içində itib batmışdı. Anna Axmatova isə bu bağı "sehrli" adlandırıb. Onun sözlərinə görə, "bura Peterburq tarixinin kölgəsi gəlir".

120 rubl ödəyib, 44 nömrəli mənzilə yollandım. Əslində, bura heç yaşayış binası deyil. Əvvəla deyim ki, Anna Axmatova da Dostoyevski kimi ömrü boyu şəxsi mənzil üzünə həsrət qalıb. O da Piterdə yaşadığı dövrdə 10-dan çox küçə, mənzil dəyişib. Özü də qaldığı evlərə xüsusi ad qoyub. Məsələn, "buludcuq", "hava", "budka". Muzeyə çevrilən "Fəvvarə ev" isə vaxtilə Şeremetyevlər sarayının fliqeli olub. XVIII əsrdən qalan bina Sovet dövründə Arktika və Antarktida İnstitutuna verilib.

Anna Axmatova sayca üçüncü əri sənətşünas Nikolay Puninlə evlənəndən sonra 1924-cü ildə bura köçüb. Köçüb deyəndə ki, ona institutun möhürlü, "vəzifə" yerinə "sakin" yazılmış daimi buraxılış vərəqəsi verilib. Ona görə də Axmatovanın dostları evinə qonaq gələndə giriş qapısında mütləq buraxılış vərəqəsi alırmışlar.

Şairə bu evdə 30 il yaşayıb. Hətta N.Punindən ayrılandan sonra kiçik otağında yaşamağa davam edib. 1944-cü ildə üç illik evakuasiyadan qayıdan kimi də ilk olaraq məhz bura üz tutub. Çünki gedəcək yeri olmayıb...

Məni dəhlizdə muzeyin yaşlı əməkdaşları, divarda isə qəhvəyi rəngli nimdaş kişi paltosu qarşıladı. Palto diqqətimi çəkdiyindən nəzarətçilərdən ilk olaraq o haqda soruşdum. Məlum oldu ki, Axmatova keçmiş əri Punin həbs olunandan sonra ondan yadigar kimi paltonu asıb. Palto ilə üzbəüz iri güzgü qoyulmuşdu. Mənə bir anlıq elə gəldi ki, palto səhərdən axşama kimi güzgüdə özünə baxıb, söhbət edir. Özü də repressiyadan danışır. Axı Stalin repressiyası palto sahibini rahat yaşamağa qoymayıb. Nəinki Punin, elə Axmatovanın yeganə oğlu Lev Qumilyov da repressiya günahsızlarından olub. Həbs, qorxu, iztirab onları qarabaqara izləyib.

Elə ona görə də kədər kölgə kimi Anna Axmatovanı təqib edib. Həmin o kədər yaşıl boyalı divarlara hopduğundan evin ab-havasına ağırlıq gətirib. İndi muzeydə o kədəri duymaq heç də çətin deyil. Divarlara bərkidilən elektron stendlərə barmağını toxunduran kimi Axmatova həyəcanı dilə gəlir.

Barmağımı Axmatovanın 1939-cu ildə Stalinə yazdığı məktubun üzərinə yaxınlaşdırdım. Məktub işıqlandı, qara monitorda məktub haqqında məlumat göründü. Onu ürək ağrısı ilə oxudum. Axmatova tənhalığından, xəstəliyindən, oğlunun istedadlı tarixçi olduğundan yazırdı. Yeganə balasının yanında olmaması onun həyat qabiliyyətini itirməsindən söz açırdı. Məktubun sonu belə bitir: "İosif Vissarionoviç! Sovet tarixçisini qoruyun və mənə yenidən yaşamağa, işləməyə imkan verin".

Şairənin sözünü dinləyən kim idi? Ona görə də o, 1935-ci ildə başladığı "Rekviyem" poemasını qorxa-qorxa yazmağa davam edib. Amma bu elə bir dövr idi ki, misrası belə onu gedər-gəlməzə göndərə bilərdi. Odur ki, Axmatova poemanı qorumaq üçün onu yaxınlarının yaddaşına "yollayıb". Onlar poemanı əzbərləyəndən sonra şairə əlyazmaları külə döndərib. O, bu poemaya çox sonralar qayıdıb.

Barmağımı toxundurmaqla Axmatovanın yaxın rəfiqəsi, aktrisa Faina Ranevskayanın "Rekviyem"lə bağlı sözləri canlandı. O, hər dəfə "Rekviyem"i oxuyanda hönkürdüyündən, bir yerdə yaşadıqları vaxt Axmatovanın necə iztirab çəkdiyindən yazırdı.

Stenddə - şüşənin altında Dostoyevskinin də fotosu vardı. Əlimi şüşəyə yaxınlaşdırmaqla Axmatovanın Dostoyevksi haqqındakı fikri ekrana gəldi: "Dostoyevksi çox bilirdi, amma o qədər də yox. Məsələn, o, düşünürdü ki, əgər insan öldürmüsənsə, Raskolnikova çevrilirsən. Biz isə indi anlayırıq ki, əlli, yüz insan öldürüb, axşam teatra gedə bilərik."

Muzeyi başdan-başa gəzdim, ordakı yemək otağını, iş otağını, kitabxananı, yazı masasını, patefonu, fotoları gördüm. Ümumiyyətlə, qeyd edim ki, muzeydə əlli min adda əşya, o cümlədən, Gümüş əsrin yazıçılarının şairəyə avtoqrafla hədiyyə etdikləri kitablar da saxlanılır. Axmatovanın yazı masasına baxdım. Orada əlyazmaları, fotolarıyla yanaşı sevdiyi, demək olar bütün poeziyasını əzbər bildiyi Aleksandr Puşkinin qalın kitabı vardı.

Muzeyi gəzəndən sonra yenidən qapıya yaxınlaşdım. Muzeyin yaşlı əməkdaşları gələnləri gülərüzlə qarşılayıb, gedənləri təəssüflə yola salırdılar. Onlarla sağollaşanda Vladimir Nabovokun ev muzeyinin yerini soruşdum. Qadınlar Nabokovu eşidən kimi gözləri güldü. Həvəslə mənə ünvanı başa saldılar. Hətta ağ vərəq götürüb, qələmlə xəritə də çəkdilər, ora hansı tralleybusun getdiyini yazdılar.

Anna Axmatova sevgisini ürəyimə götürüb, pilləkənlərlə aşağı düşdüm. İçimdə qəribə bir hiss vardı. Elə bil ayrı dünyadan qopurdum. Etiraf edim ki, ordan ayrılmaq istəmirdim. Amma ayaqlarım öz işində idi. Birinci mərtəbədə uzun dəhliz boyunca əsas qapıya sarı yön aldım. Yox, muzeylə sağollaşmadım...

Görəsən, adsız qəhrəmanlara rekviyem yazılırmı?

"Amerikan kabineti" 

Əsas qapının yanında İosif Brodskinin "Amerikan kabineti"nə üz tutdum. Ağ qapını açıb içəri daxil olanda mənə bir anlıq elə gəldi ki, Brodski Vətəninə qayıdıb, hardasa buralardadır. Ya bağçada, ya da dəhlizdə gəzir. Otaqdan heç muzey, ekspozisiya "iyi" gəlmirdi. Əslində, Brodski ömründə bir dəfə də olsa Axmatovanın Fəvvarə evinə gəlməyib. O, Axmatovanın Komarova qəsəbəsindəki "budka" adlandırdığı evinə gedib. Bu, sıradan bir görüş olmayıb. Brodski ilə Axmatovanı bir-birinə misraları, düşüncələri, bir sözlə, ruhları bağlayıb. Və bu bağlılıq onların ölümlərindən sonra da davam edib. Odur ki, 2005-ci ildə Axmatovanın ev muzeyində "Brodskinin Amerikan kabineti" yaradılıb. Şairin həyat yoldaşı Mariya Brodskaya ərinin 80-ci illərdə Amerikanın Saut-Hedli şəhərində yaşadığı otağının əşyalarını bağışlayıb.

Xudmani otaqda şairin yazı masası, yazı makinası, kitab şkafı, divanı, kreslosu, fotoları, dünyanın müxtəlif yerlərindən ailəsinə göndərdiyi açıqcaları nümayiş olunur. Otaqda, diqqətimi xüsusən yazı makinası çəkdi. Düşünəndə ki, bu qapqara makina yüzlərlə işıqlı sözlər yaradıb, nə gözlədim, kiril əlifbalı hərflərini öpmək istədim.

Muzeydən ayrılanda yenidən divarlara yazılmış şeir parçalarına baş çəkdim. Anna Axmatovanın bu sözlərini oxuyub, Fəvvarə evi tərk etdim. 

И тихо, так, Господи, тихо,
Что слышно, как время идет.

Görəsən, zaman nə vaxtsa səsini ucaldacaq?

Bir az Nevski, bir az Bulqakov  

Liteyniy prospektdən çıxıb Piterin venasına - Nevskiy prospektə sarı üz tutdum. Bir qədər yol qət edəndən sonra Mayakovski metro stansiyasının yaxınlığına gəldim. Bura Piterdə ən sevdiyim yerlərdən biridir. Çünki ucu-bucağı görünməyən prospektdə həyat qaynayır. Düzdür, hər şəhərdə prospekt, həyat var, amma Nevski prospekti başqa aləmdir. Teatrlar, otellər, parklar, muzeylər, heykəllər, kanallar, metro stansiyaları, nə bilim, daha nələr elə bil muncuq kimi sapa düzülüb. Baxdıqca baxmaq istəyirsən. Bu dəfə də prospekti sevə-sevə gəzdim və həmişəki kimi heç bir yenilik görmədim. Sadəcə, restavrasiyadan çıxan binalar öz formasını saxlamaqla, bir balaca təzələnmişdi. Vəssalam! Nə söküntü, nə dağıntı, nə yer qazanlar, nə də yol çəkənlər vardı. Heç bir yeni tikintidən söhbət gedə bilməzdi. Ona görə də qarşıma "Filan idarə müvəqqəti narahatçılığa görə üzr istəyir" kimi şüarlar çıxmadı. Düzü, bu məni təəccübləndirmədi.

Amma məni heyrətə gətirən asfalta yazılan sözlər oldu. Demək olar hər əlli-yüz metrdən bir "Lyubov - 800 r.", "Otdıx - 1000 r." kəlmələrilə rastlaşdım. Belə anladım ki, son illər Piterdə "sevgi", "istirahət" ayaq açıb yeriyir. Özü də hər "sevginin" yanında telefon nömrəsi yazılıb. Yəni, "sevgi" bu qədər əlçatan idi. Boz asfaltda ünvansız "məhəbbətdən" başqa dam üzərində səyahət, müxtəlif kreditlərin ödənilməsi kimi elanlara da rast gəldim. Düzü, diqqətimi dam üzərində səyahət çəkdi. Başımı qaldırıb Piterin damlarına baxdım. Düşündüm ki, bəlkə yeni texnika insanları Karlson kimi göyə uçurda bilir. Hər tərəfə göz gəzdirdim, heç bir "Karlsona" rast gəlmədim. Uşaq vaxtı onun kimi uçmağı, şəhərə göydən yerə baxmağı arzulasam da, yerə yazılmış elandan nömrə götürmədim. Nədənsə, mənə damlar maraqlı gəlmədi. Çünki dam yox, SÖZ axtarırdım.

Dörd tərəfi atlarla qorunan Aniçkov körpüsünü keçəndən sonra qarşıma "Yazıçının kitab mağazası" çıxdı. Həmin an anladım ki, ayağım məni istədiyim yerə gətirir. İçəri daxil oldum. Burada kafe də vardı. Kimi kitab, qazet oxuyur, kimi də müsahibə verirdi. Kafedə yer olmadı, yoxsa kitab alandan sonra bir küncdə oturub dincimi alacaqdım. Ürəyim Rus klassiklərini istədi. Bir qədər əvvəl ocaqlarını ziyarət etdiklərim də yanaşı dayanmışdılar. "Qumarbaz"ı, "Qəhrəmansız poema"nı vərəqləsəm də, sol əlim Bulqakovu götürdü. Həmişə belə olur, kitabların içində var-gəl edəndə əlim biixtiyar Bulqakova uzanır. Yazıçının Moskva haqqında felyetonlarını, qeydlərini alıb mağazadan çıxdım.

Peterburqda Moskva haqqında kitabı yalnız Bulqakov sevgisi aldıra bilərdi. Kitabı çantaya qoyar-qoymaz elə bil ürəyim də ora düşdü. Kitabı tezliklə oxumaq üçün "Qostinnıy dvor" metro stansiyasına tələsdim. Axı kitabı yollarda oxuyuram. Fərqi yoxdur, ya göydə, ya yerdə olsun.

Sevinirdim, çünki Piterdə yerin altını məhz Bulqakovla gəzəcəkdim. Nə vaxtan idi ki, cümlələrini canıma hopdurmurdum.

Görəsən, Ustad Moskvadakı ev muzeyinə baş çəkirmi?  

SÖZ qatarı və ya metro yuxuları 

Jetonu atan kimi kitabı çantamdan azad etdim. Bulqakovun cümlələrindən yapışıb yerin altına düşdüm. Vaqonda yerimi rahatlayandan sonra yenidən ona qayıtdım. Buna oxumaq yox, cümlələri yemək adlandırardım. Sözlər qanıma elə işləyirdi, yedikcə yemək istəyirdim. Kitab zaman, ticarət isə saatdır. Bunu Bulqakov "Şanson dete", yəni yay nəğməsi adlı felyetonunda deyirdi. Belə çıxır ki, kitabı oxumaqla zamanı içimizdə əridirik...

"Leninskiy prospekt" stansiyasına getmək üçün Mayakovski stansiyasında düşüb digər xəttə keçdim. Məlumat üçün deyim ki, Piterdə bir çox stansiyalar iki mərtəbəlidir. Qatarı gözləyəndə yenidən kitabı açdım. Bir dəqiqə keçmədi ki, qırmızı qatar sürətlə özünü yetirdi. Başımı kitabdan ayırıb qatara baxanda gözlərimə inana bilmədim. Vaqonların içi başdan-başa sözə bürünmüşdü. Maşinist tərəfdən ikinci qatara mindim. Bulqakova xəyanət etdiyimin fərqinə varsam da, kitabını çantama qoydum.

Əvvəl gördüklərimi yuxu sandım. Elə bildim SÖZ qatarında yol gedirəm. Bəlkə əksinə, özüm Rus ədəbiyyatın yuxusundaydım? 

Alisa Möcüzələr adasına düşən kimi, mən də sanki Ədəbiyyat aləminə düşmüşdüm. Konkret desəm, Rus əbədiyyatının Gümüş əsrində idim. Burada kimlər yox idi? Anna Axmatova, Nikolay Qumilyov, Aleksandr Blok, Andrey Belıy, Fyodor Soloqub, Zinaida Gippius, Dmitri Merejkovski... Onların şeirləri, fotoları, qısa bioqrafiyaları vaqonu bəzəyirdi. Qapıdan, pəncərədən, hətta tavandan belə şeirlər asılmışdı.

Qəribə idi ki, Gümüş əsrə düşən sadəcə mən idim. Vaqonun digər sərnişinləri yerlərində sakit oturub bir-birilərinin üzünə baxırdılar. Heç kitab oxuyan da yox idi. Mənsə, nə gizlədim, SÖZdən doymurdum. Ona görə də yalnız Gümüş əsrlə kifayətlənmək istəmədim. Növbəti stansiyada digər vaqona keçəndə Aleksandr Puşkinin şeirlərinin qoynuna düşdüm. Gözlərim qamaşırdı, çünki hər tərəfdən Puşkin poeziyası işıq saçırdı.

Başım Puşkinə necə qarışdısa, hansı vaqonda olduğumu tamamilə unutdum. Digər stansiyada başqa vaqona keçmək istəyəndə baxdım ki, daha vaqon görünmür. Geriyə, daha doğrusu, üçüncü vaqona qayıtmağa isə otuz saniyə kifayət etmirdi. Ona görə də "Leninksiy prospekt"ə kimi Puşkinlə baş-başa qaldım.

Görəsən, şeirin yuxusuna nəsr girirmi?  

Kəpənəyin evi  

Vladimir Nabokovun ev muzeyinə getmək üçün Piterin ən məşhur yerlərindən biri olan "İsaakievski sobor"la üzbəüz meydana gəldim. Bura hər dəfə gələndə kilsənin hansısa yerinin təmirə dayandığını görürəm. Bu dəfə də gümbəzin üstündəki kiçik hissə bağlanmışdı. Qəribədir ki, ora heç vaxt can atmamışam. Elə qarşısında dayanıb şəkil çəkdirməklə kifayətlənmişəm. Amma hər dəfə bura gələndə onun ətrafını dövrə vururam. Yaxınlıqdakı "Astoriya" otelinə baxıb, Sergey Yesenini düşünürəm. Axı şairin ömrü məhz o oteldə boğulub.

Deyim ki, bura Dostoyevskinin də sevdiyi yerlərdən biri olub. Ev-muzeyində eşitdim ki, sürgündən qayıdandan sonra "İsaakiyevki sobor"a baş çəkir. Amma kilsəylə üzbəüzdə rus çarı I Nikolayın heykəlini görəndə əhvalı dəyişilir və ora bir də ayaq atmır. Çünki o, məhz I Nikolaya görə həyatının on ilini həbsdə, sürgündə keçirib. Bəlkə də o dövrdə Dostoyevski kimi "sobor"dan ayağı üzülənlərin sayı yüzlərlə olub. Amma indi I Nikolay Piterə yaraşıq verir, yüz ildən çoxdur ki, at üzərində dayanıb "İsaakiyevski sobor"a baxır. Turistlər də onun qarşısında dayanıb müxtəlif pozlarda şəkil çəkdirirlər.

Mən də özümü fotonun yaddaşına ötürəndən sonra "Bolşaya Morskaya, 47" ünvanına yollandım. O qədər də uzun yol qət etmədim. Heykəlin sol tərəfində yolu keçib küçəyə daxil oldum. Təxminən əlli metr gedəndən sonra üç mərtəbəli binanın qarşısında barelyef gördüm. "Bu evdə yazıçı Vladimir Vladimiroviç Nabokov anadan olub" yazılmışdı. Bloka daxil oldum. O qədər sakitçilik idi ki, muzeyin hansı mərtəbədə yerləşdiyini bilmədim. Gözətçi əlini könülsüz qaldırıb muzeyin istiqamətini göstərdi. Muzeyə tələsdim, elə bildim Lolita, Maşenka qapıda dayanıb məni səbirsizliklə gözləyir. Amma içəri daxil olanda stentlərə "qonmuş" kəpənəkləri gördüm.

Gənc qızdan kassanın harada yerləşdiyini soruşanda "giriş sərbəstdir", dedi. O da həvəssiz idi. Elə bil güclə otuzdurmuşdular. Ayaq saxlayıb ətrafa baxdım. Hər tərəf yarıqaranlıq idi. Çünki işıqlandırma muzey yox, evsayağı idi. Qeyd edim ki, bina bütünlükdə nabovoklar ailəsinə məxsus olsa da, onun cəmi birinci mərtəbəsi muzeyə verilib. Muzey isə Nabokovun 100 illiyi münasibətilə 1999-cu ildə yaradılıb. Binada Nabokov sonuncu dəfə 1917-ci ilin noyabrın 15-də olub. Sonra isə başı ingiliscə danışmağa, ürəyi rusca döyünməyə, qulaqları fransızca eşitməyə başlayıb.

Əsas ekspozisiya xollda yerləşir. Burada yazıçının əsərlərinin ilk nüsxələri, tərcümələri, 18 nömrəli şaxmat tapşırığı, "Scrabble" adlı stolüstü oyunu, royalı nümayiş olunur. Diqqətimi sözsüz ki, yazıçının kəpənək kolleksiyası çəkdi. Çəkməyə də bilməzdi. Çünki həyatımda görmədiyim kəpənəkləri mənə Nabokov "göstərdi". Kəpənəyin Nabokovun həyatının, yaradıcılığının hansı məqamda dayandığını bilənlər çoxdur. Bilməyənlər üçün deyim ki, yazıçı entomoloq, yəni həşərat, böcək mütəxəssisi olub. Kəpənək tutmaq, bəsləmək, bu haqda məqalələr yazmaq, kolleksiyalar toplamaq onun hobbisi yox, işinin bir hissəsi olub. O, ədəbiyyata aid assosiasiyaların, qrupların yox, ömrünün sonuna kimi entomoloqiya cəmiyyətinin üzvü olub. Tamam unutmuşdum, muzeydə Nabokovun həyat yoldaşı Veraya bağışladığı kitabların surəti nümayiş olunur. Nabokov sevdiyi qadına öz kitablarını hədiyyə edəndə ora avtoqrafla yanaşı, kəpənəklər də çəkirmiş...

Muzeydə növbəti otağa keçdim. Geniş otaqda kitab şkafları yan-yana düzülmüşdü. Bura nabokovlar ailəsinin kitabxanası idi. Düzdür, ailəyə məxsus şəxsi kitabxana yox idi, amma onun yerini Nabokovun müxtəlif dillərdə çıxdığı kitablar əvəzləmişdi. Sanki kitabxana ona görə boşalıb ki, nə vaxtsa onu yazıçının kitabları dolduracaq. Düşünürsən ki, bir yazıçı bu boyda SÖZÜ ömrünə necə sığdırıb?

Muzeydə çox vaxt keçirə bilmədim. Çünki ekspozisiya olduqca az idi. Nabokov buranı "dünyada yeganə evi" adlandırsa da, etiraf edim ki, orda ev ab-havasını duymadım...

Yol boyu Piterdə olduğum ev-muzeylərini düşündüm. Bu qənaətə gəldim ki, Rusiyada ədiblər üçün mənzil muzeyi 100-150 illik yubileylərində açılır. O yazıçılar ki, dünya onları elə sağlığında qəbul edib. Odur ki, Piterdə sevimli yazıçım Sergey Dovlatovun mənzilini axtarmadım. Ümid edirəm, 20-30 ildən sonra mənə Piterdə Dovlatovun ev muzeyini görmək qismət olacaq.

Görəsən, SÖZ muzeyi yaradılsa, birinci hansı söz nümayiş olunar? 

Yenə də Bulqakov 

Deyirlər, Bulqakovu oxudunsa, gərək bütün sürpizlərə hazır olasan. Demə, Piterdə Moskva haqqında felyetonlar oxumağım heç də təsadüfi deyilmiş. "Sankt-Peterburq-Mahaçqala" qatarı ilə geri qayıdanda yol xəritəsi ilə tanış oldum. Gözlərimə inana bilmədim. Qatar gecə yarısı Moskvada, səhəri günü isə Ukraynada olacaqdı. Hələ bu harası idi? Rusiyanın hansısa vağzalında Bulqakovun "Ustad və Marqarita"sını gördüm. Kitabı götürüb vərəqlədim, amma almadım. Düşündüm ki, qoy, Bulqakov başqa oxucusunu "tora salsın". Vaqona qayıdıb, oxuduğum kitabı yenidən əlimə götürdüm.

Belə...

Düzü, heç bilmirəm yazını necə bitirim? Olur belə hallar. Bir yer ki, sənə doğmadır, onun haqqında cümlələr səni heç cür tərk etmir və ona görə də düşünürəm...

Görəsən, suallarım məndən bezmədi?

Avqust-sentyabr, 2017
Sankt-Peterburq - Bakı.

 

 





21.09.2017    çap et  çap et