525.Az

Beş yaşadək uşaqlarla bağlı problemlər açıqlandı


 

UNICEF YENİ HESABAT YAYDI

Beş yaşadək uşaqlarla bağlı problemlər açıqlandı<b style="color:red"></b>

Bu gün UNICEF yeni hesabat yayıb.

Hesabat beş yaşadək uşaqların vəziyətinə həsr olunub. UNICEF-in Azərbaycan nümayəndəliyinin yaydığı press-relizdə bildirilir ki, sənəddə beş yaşadək təxminən 85 milyon uşağın yaşadığı 32 ölkədə ailələrə iki illik ödənişsiz məktəbəqədər təhsil, yeni analar üçün ilk altı ay boyunca ana südü ilə qidalandırma üçün ödənişli fasilələr və adekvat səviyyəli ödənişli valideynlik məzuniyyəti təklif edilmədiyini diqqət çəkilir: “Dünyada yalnız 15 ölkənin valideynləri öz azyaşlı uşaqlarının sağlam beyin inkişafını dəstəkləmək üçün ehtiyac duyduqları vaxt və resurslarla təmin edən üç əsas milli siyasətə sahibdir. Pis olan odur ki, beşyaşadək dünya uşaqlarının hər səkkizindən birinin yaşadığı 32 ölkədə bu siyasətlərin heç biri mövcud deyil”.  

Hər bir Uşaq üçün Erkən Anların Önəmi adlı hesabata əsasən, iki illik ödənişsiz məktəbəqədər təhsil, ilk altı ay boyunca ana südü ilə qidalandırma üçün ödənişli fasilələr və altı aylıq ödənişli analıq məzuniyyəti, o cümlədən dörd həftəlik ödənişli atalıq məzuniyyəti erkən uşaqlıq dövrünün optimal inkişafının təməlini qoyur: “Bu siyasət sahələri valideynlərə öz uşaqlarını qorumaqda və uşaqların beyinlərinin bir daha təkrarlanmayacaq sürətlə inkişaf etdiyi həyatın ilk illərində onları daha yaxşı qidalanma, oyun və öyrənmə təcrübələri ilə təmin etməkdə kömək edir”.  

Hesabatda qeyd edilir ki, Kuba, Fransa, Portuqaliya, Rusiya və İsveç hər üç sahədə müvafiq siyasətlə təmin edən ölkələr arasındadır. Bununla belə, dünyada beş yaşadək 85 milyon uşaq bu vacib üç siyasətin heç birinin mövcud olmadığı 32 ölkədə böyüyür. Təəccüblüdür ki, həmin uşaqların 40 faizi yalnız iki ölkədə -  Banqladeş və Amerika Birləşmiş Ştatlarında yaşayırlar.  

“Uşaqların sahib olduqları ən vacib şey nədir? Bu, onların beyinləridir. Buna baxmayaraq, biz uşaqların bədənlərinə göstərdiyimiz qayğını onların beyinlərinə göstərmirik – və bu, xüsusilə onların erkən uşaqlıq dövründə, elmin uşaqların beyinlərinin və gələcəklərinin sürətlə formalaşdığı bir dövr kimi təsbit etdiyi dövrdə baş verir,” deyə UNICEF-in İcraçı direktoru Entoni Leyk bildirib. O, əlavə edib: “Biz azyaşlı uşaqların valideynlərinə və onların tərbiyəçilərinə beyin inkişafının bu ən vacib dövründə ehtiyac duyduqları dəstəyi vermək üçün daha çox çalışmalıyıq”. 

Hesabatda həmçinin vurğulanır ki, beş yaşadək milyonlarla uşaq öz təşəkkül illərini təhlükəsiz və stimullaşdırıcı olmayan mühitlərdə keçirirlər: “Beş yaşadək təxminən 75 milyon uşaq münaqişələrin təsir göstərdiyi ərazilərdə yaşayır ki, bu da onlarda zəhərli stress riskinin yüksəlməsinə və nəticədə erkən uşaqlıq dövründə beyin hüceyrə əlaqələrinin baş tutmasına mane ola bilər.

Zəif qidalanma, qeyri-sağlam mühitlər və xəstəliklər qlobal miqyasda beş yaşadək 155 milyon uşağın inkişaf ləngiməsindən əziyyət çəkməsinə səbəb olub. Bu, onların bədən və beyinlərinin inkişaf edərək tam potensial səviyyəyə çatmasına imkan vermir.

64 ölkədə 2-4 yaşlı bütün uşaqların dörddə bir hissəsi oyun oynamaq, oxumaq və mahnı oxumaq kimi beyin inkişafı üçün vacib olan fəaliyyətlərdə iştirak etmir.

Qlobal miqyasda təqribən 300 milyon uşaq havanın zəhərli olduğu ərazilərdə yaşayır. Son tədqiqatlar bu cür havanın uşaqların beyin inkişafına zərər vura biləcəyini göstərir”. 

Hesabat bir tədqiqata istinad edərək xəbərdarlıq edir ki, ən təcrid olunmuş uşaqların qorunmasındakı və onların erkən inkişaf imkanları ilə təmin olunmasındakı uğursuzluq bütün cəmiyyət və iqtisadiyyatları sarsıdır. Həmin tədqiqat müəyyən edib ki, kasıb ailələrdən olan və erkən yaşlarında oyun oynamış və erkən öyrənmə ilə məşğul olmuş uşaqlar yetkinlik yaşına çatdıqları zaman onlar kimi uşaqlıqda oyun oynanamış və erkən öyrənmə imkanı olmamış şəxslərdən orta göstərici ilə 25 faiz daha çox qazanc əldə ediblər.  

“Əgər biz indi ən həssas uşaqlar və ailələrə sərmayə qoymasaq, biz nəsillərarası əlverişsizlik və bərabərsizliyi möhkəmləndirməyə davam etmiş olacağıq. Bir həyatın ardınca digər həyat, buraxılmış bir imkanın ardınca digər buraxılmış imkan, beləliklə biz sahib olduqlarımızla sahib olmadıqlarımız arasındakı uçurumu böyütməyə davam edir və uzunmüddətli perspektivdə gücümüzü və sabitliyimizi sarsıtmış oluruq,” deyə Leyk bildirib.

Orta hesabla, dünya miqyasında hökumətlər öz təhsil büdcələrinin yalnız 2 faizini erkən uşaqlıq dövrü proqramlarına sərf edirlər. Bunanla belə, hesabat vurğulayır ki, bu gün uşaqların erkən illərinə qoyulan sərmayə gələcəkdə böyük iqtisadi qazanclarla təmin edəcək. Ana südü ilə qidalandırmanı dəstəkləyən proqramlara qoyulmuş hər 1 ABŞ dolları bunun əvəzində 35 ABŞ dolları miqdarında geri dönəcək; və ən təcrid olunmuş uşaqlar üçün erkən uşaqlıq dövrü xidməti və təhsilinə qoyulmuş hər 1 ABŞ dolları bunun əvəzində 17 ABŞ dolları miqdarında qazancla geri dönə bilər.

Hesabat hökumətləri və özəl sektoru aşağıda göstərilmiş fəaliyyətləri yerinə yetirməklə erkən uşaqlıq dövrünün inkişafının dəstəklənməsini nəzərdə tutan əsas milli siyasətləri dəstəkləməyə səsləyir.

 





21.09.2017    çap et  çap et