525.Az

Xorxe Marinin "Varlığın canlanması" sərgisi başa çatdı


 

Xorxe Marinin "Varlığın canlanması" sərgisi başa çatdı<b style="color:red"></b>

Bakıda, Heydər Əliyev Mərkəzində təşkil olunan maestro Xorxe Marinin məhşur "Varlığın canlanması" sərgisi başa çatıb.

Meksikanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, 2016-ci ilin oktyabrın 28-də açılış mərasimi olan və cari ilin sentyabrın 15-ə qədər davam edən sərgidə bürüncdən hazırlanmış 10 möhtəşəm əsər nümayiş olunub. Təqdim olunan əsərlər vasitəsilə Xorxe Marin insan bədənini dünya ilə bağlayıcı vasitə kimi kəşf etməyə, ətrafı nəzərdən keçirməyə və yaddaşı yaratmağa dəvət edib.

Qeyd edək ki, 1963-cü ildə Meksikada dünyaya gələn X.Marin ölkəsində müasir təsviri incəsənətin ən görkəmli nümayəndələrindən biridir. Karyerasının çoxşaxəli olması ustada fərqli sahələri əhatə etmək və müxtəlif materiallarla - keramika və qatranla işləmək imkanını yaradıb. Uzun axtarışların sonunda heykəltəraş fərqliliyi üstün tutaraq bürünclə işləməyi seçib, bununla da, personajların əlləri və ayaqlarının, həmçinin parça, damar və lələk teksturasının canlı görünüşü əldə etməsi üçün ideal imkan yaradıb. X.Marinin sənəti həm ölkə, həm də beynəlxalq səviyyədə tanınıb. Ustad 25 illik fəaliyyəti ərzində 250-dən çox qarışıq və fərdi sərgilərdə iştirak edib. Onun işləri Avropa, Amerika və Asiya ölkələrinin muzey və qalereyalarında nümayiş olunub.

Ceyhun ABASOV

 





21.09.2017    çap et  çap et