525.Az

Filoloq alim təhsil nazirinə müraciət etdi


 

Filoloq alim təhsil nazirinə müraciət etdi<b style="color:red"></b>

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Tofiq Məlikli Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova açıq məktubla müraciət edib.

Müraciətin mətnini oxucuların diqqətinə çatdırırıq.

"Hörmətli Mikayıl müəllim!

Yeni dərs ilində 46 mindən çox övladımızın məktəblərdə təhsilə başlamaları olduqca sevindirici haldır. Bununla bərabər, bir çox məktəblərin Azərbaycan və rus bölmələrində yaranmış durum heç də ürəkaçan deyil. Xüsusi ilə bəzi Bakı məktəblərində sosial, siyasi və ideoloji baxımdan son dərəcə qəbulolunmaz bir durum yaranıb. Bu məktəblərin rus bölmələrində 4-5 sinif açılıb və bu siniflərin hərəsində 45-50 (cəmi 150-200) şagird, Azərbaycan bölməsinin 1 sinfində isə sadəcə 20-25 şagird oxumaqdadır.

Dövlət dilinin Azərbaycan türkcəsi olduğu bir ölkədə azərilərin övladlarını rus bölmələrinə vermələrini anlamaq mümkün deyil. Görünür, onlar Azərbaycan məktəbləriylə müqayisədə rusdilli məktəblərdə müəllimlərin, dərsliklərin səviyyəsinin daha yüksək olduğunu düşünürlər. Ancaq bu valideyinlər bilmirlər ki, rus bölmələrində müəllim, kadr çatışmazlığı var, sovet dövründən fərqli olaraq orada təhsilin səviyəsi o qədər də yüksək deyil. Qəribədir, uşaqlarının gələcəkdə bir çox problemlərlə qarşılaşacaqlarını bilə-bilə, onlar nədənsə yenə də rus bölmələrini seçirlər. Dövlət dilini aşağı səviyədə, ya da heç bilməyən bu qənclər sabah bu dövləti necə idarə edəcəklər? Bəlkə bu valideynlər uşaqlarını xarici ölkələrdə yaşamaq üçün hazırlayıb yeni miqrantlar nəslini yetişdirirlər? Məhz məktəbdə bu və ya başqa mədəni, etnik qrupa mənsub şəxsiyyətlər formalaşır. Bu səbəbdən bir ingilis, alman, rus və digər millətlərin nümayəndələri  öz uşaqlarının başqa dildə təhsil və tərbiyə almalarını ağıllarının ucundan belə keçirmirlər.

Heyf ki, bu olduqca ciddi məsələdə rəsmi qurumların da mövqeyi axıra kimi aydın deyil. Unutmayaq ki, gənç nəslin milli şüurunun, etnik kimliyinin, elsevərliyinin və vətəndaş mövqeyinin formalaşmasında milli dəyərlərə, mədəni irsimizə dayanan və ana dilində təhsil verən məktəblərin rolu olduqca böyükdür. Biz bir həqiqəti də dərk etməliyik: dil toplumu xalq edən, onu birləşdirən ən başlıca amildir.

Yanlış anlaşılmasın, mən nə rus dilinin və nə də başqa dillərin öyrənilməsinin əleyhinəyəm. Tam tərsinə, müstəqil dövlətimizin beynəlxalq əlaqələri və millətlərarası kommunikativ ünsiyət vastəsi olması baxımından rusca və ingiliscənin də yüksək səviyədə öyrənilməsinin tərəfdarıyam. Ancaq bir şərtlə, ana dili mükəmməl bilmək şərtiylə.

Cənab nazir!

Təhsil və təhsil sistemiylə bağlı yuxarıda toxunduğumuz və toxunmadığımız bu önəmli problemləri cəmiyyətdə müzakirə etmənin vaxtı çoxdan çatıb. Bu məsələləri təcili surətdə əlbirliyi ilə həll etməmiz lazımdır, yoxsa biz bir neçə nəsli itirə bilərik.

Sonda mənim rus dilinə qarşı olduğumu düşünənlərə məlumat verirəm ki, 20-dən çox kitab və sayısız məqlələrimi rusca yazmışam, bir çox yazıçıların əsərlərini ruscaya tərcümə etmişəm. Dil problemiylə bağlı bir çox yazılarım və çıxışlarım var. Həmin yazılardan ikisinin adlarını çəkməklə müraciətimi yekunlaşdırıram: birincisi, "525-ci qəzet"də işıq üzü görən "Ana dilim - səs bayrağım mənim" məqaləm, ikincisi isə "Exo" qəzetində rusca çap olunan və bir çox dilə tərcümə edilən "Milli ideya olaraq dil" yazım".

 





21.09.2017    çap et  çap et