525.Az

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" yeni qanun layihəsi hazırlanır


 

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" yeni qanun layihəsi hazırlanır<b style="color:red"></b>

Milli Məclisin qarşıdan gələn 2017-cil payız sessiyası ilə bağlı dünə parlamentin Aqrar siyasət komitəsinin  ilk iclası keçirilib.

Komitə sədri Eldar İbrahimov komitənin 2017-ci il yaz və növbədənkənar sessiyasının yekunlarına dair gördüyü işlər barədə məlumat verərək fəaliyyətlərini qənaətbəxş hesab edib.

Onun sözlərinə görə, bu ilin yaz və növbədənkənar sessiyası çox məhsuldar keçib:

"Yaz sessiyasında komitə tərəfindən 7 iclas keçirilib. Bu iclaslarda 17 məsələ müzakirə olunub, bunlardan 15-i Milli Məclisin plenar iclasına tövsiyə edilib. Milli Məclisin plenar iclasında 14 qanun layihəsinə dəyişiklik qəbul edilib". Ümumiyyətlə, yaz sessiyası dövründə komitəyə 59 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, 38 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 21 ərizə isə təkrar daxil olduğu və ərizə, şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından verilən cavablar olduğu üçün işə alınıb. Dövlət idarə, təşkilat və orqanlarına göndərilən ərizələrdən 29-u torpaq məsələləri, digər 9 ərizə isə sosial, işsizlik, qanunvericilik, məhkəmə və qəbulla bağlı məsələlərlə əlaqədar olub.
 
Komitənin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə də məlumat verən E.İbrahimov bildirib ki, bu payız sessiyası da məhsuldar olacaq. Komitə sədri həmçinin qeyd edib ki,  "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" yeni qaqnun layihəsi hazırlanır. E. İbrahimov bu sənədin komitənin 2017-ci il qanunvericilik işləri planına da daxil edildiyini söyləyib:"Bildiyiniz kimi, bizim bu yöndə qanunumuz vardı. Ancaq o qanun işləmədi, effekt vermədi. Mən heç də iddia etmirəm ki, biz yaxşı qanun hazırladıq, amma o yaxşı icra olunmadı. Hesab edirəm ki, həmin qanun o qədər də uğurlu olmadı və xalq tərəfindən də yüksək səviyyədə qəbul edilmədi. Müvafiq icra qurumu da bu qanuna, onun icrasına və təbliğinə bir o qədər önəm vermədi və nəticədə də o qeyri-işlək vəziyyətdə qaldı. Lakin bununla belə, hesab edirəm ki, bu yöndə yeni bir qanuna ehtiyac var. Sığorta məsələsi məhsul istehsalçıları üçün çox vacib məsələlərdəndir. Bəzən məhsul istehsalçılarımız deyir ki, "bəlkə yağış yağmadı, bəlkə sel olmadı, bəlkə təbii fəlakət yaşanmadı, sığorta bizim nəyimiz lazımdır" və sairə. Bu, düzgün yanaşma və düzgün düşüncə tərzi deyil. Heç kim Allahdan təminat almayıb ki, sabah sel, təbii fəlakət olacaq, yoxsa, olmayacaq…Ona görə belə bir qanunun qəbulu vacibdir. Eyni zamanda insanlarımızın düşüncəsində, beynində çevriliş, dönüş etmək lazımdır. Onlara inandırmaq və qəbul etdirmək lazımdır ki, bu, ilk növbədə həmin insanların özü üçün ilk növbədə lazımdır və vacibdir". Komitə sədri artıq yeni qanun layihəsi üzərində aidiyyatı qurumlarla, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyi ilə hazırlıq işlərinə başlanıldığını da sözlərinə əlavə edib:"Hazırda qanun layihəsi üzərində işə başlanılıb və çox güman ki, onu oktyabr ayında komitəmizdə ilkin müzakirələrə çıxara biləcəyik".

Komitənin sədr müavini Eldar Quliyev də belə bir sənədin hazırlanmasının və qəbulunun vacib olduğunu deyib: "Çox təəssüflər olsun ki, bir neçə il öncə qəbul etdiyimiz qanun müəyyən səbəblərdən işləmədi. Ancaq hesab edirəm ki, bu yöndə yeni və təkmil bir qanuna böyük ehtiyacımız var. Biz xarici ölkələrdə olanda mütəxəssislərlə, məhsul istehsalçıları ilə söhbətlərimiz zamanı onlar bizə bildirirlər ki, bu yöndəki qanundan çox yaxşı yararlana bilirlər. Yəni, qeyd edirlər ki, hansısa təbii fəaləkət baş verəndə ciddi ziyan çəkmir, ciddi narahatçılıq keçirmirlər. Çünki sığortalanıblar və dövlət onlara dəyən zərəri, ziyanı ödəyir. Bu baxımdan, şəxsən mən də belə hesab edirəm ki, nəhayət, yeni bir qanun layihəsinin hazırlanmasına və qəbuluna ciddi ehtiyac duyuklur. Çox əlamətdar haldır ki, komitəmizin qanunvericilik işləri planında da bu məsələ nəzərdə tutulub".

Komitənin üzvü Novruzəli Aslanov isə bildirib ki, yeni qanun layihəsi hazırlanarkən köhnə qanunun nədən işləməməsi məsələsi geniş araşdırılmalı və ciddi təhlil olunmalıdır: "Yəni, yeni qanun layihəsində bu məsələlər tam nəzərə alınmalıdır".

Kamil HƏMZƏOĞLU

 





21.09.2017    çap et  çap et