525.Az

Konqresin ləğvi Bakı-Moskva əlaqələrinə mənfi təsir edir


 

ƏLİMƏMMƏD NURİYEV: "RUSİYA APELLYASİYA MƏHKƏMƏSİNİN QƏRARI SİYASİ XARAKTERLİDİR"

Konqresin ləğvi Bakı-Moskva əlaqələrinə mənfi təsir edir<b style="color:red"></b>

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması Azərbaycan dövləti və cəmiyyəti tərəfindən narahatlıqla qarşılanıb.

Ölkə ictimaiyyəti Rusiya Ali Məhkəməsinin bu qərarının siyasi xarakterli olduğunu düşünür, ədalətsiz addım hesab edir.

Təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması kimi hər hansı qurumun ləğvi üçün yetərli olmayan səbəblərin tam subyektivliyindən belə nəticəyə gəlmək olur ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi iki ölkə arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmaq istiqamətində böyük səylə fəaliyyət aparır. Ancaq Rusiya rəhbərliyinin bu qüvvələrin həyata keçirdiyi qara işləri gözardı etməsi, diqqətə almaması anlaşılan deyil. Ona görə də, haqlı olaraq bu, azərbaycanlılar tərəfindən Kremlin ermənipərəst dairələr, erməni lobbisinə dəstəyi kimi qiymətləndirilir. Əks halda, Rusiya rəhbərliyi dünya azərbaycanlılarının ən böyük diaspor təşkilatına qarşı biganə münasibət sərgiləməz, konqresin ləvğinin qarşısını almaq üçün səy göstərərdi.

Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. İki ölkə prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb. Ölkəmizdə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atılıb və bu siyasət hazırda da davam etdirilir. Bu mənada, qərar qəbul olunarkən Rusiyada çoxmilyonlu azərbaycanlı icmasının yaşaması, qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilməsi nəzərə alınmalı idi.

Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü rolu oynayır və bu əlaqələrin sağlam məcrada saxlanması istiqamətində məqsədyönlü fəaliyyət aparır. Bu qərar isə Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlik olmaqla yanaşı,  onların fəaliyyətinə süni maneələrin yaradıldığını göstərir. Habelə Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Eyni zamanda, məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir. Ümumilikdə isə bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacaq və onun bitərəf mövqeyinə kölgə salacaq.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı qərara dəqiq siyasi qiymət verib: "Çünki Rusiya Apellyasiya Məhkəməsinin qərarı siyasi xarakterlidir. Bunun başqa bir adı yoxdur".

Rusiya Erməniləri İttifaqının azad şəkildə, heç bir maneə yaradılmadan fəaliyyət göstərməsinə diqqət çəkən Ə.Nuriyev bildirib ki, halbuki bu qurum istənilən siyasi proseslərə müdaxilə edir, başdan-ayağa siyasi xarakterli fəaliyyət ortaya qoyur. Fond sədrinin sözlərinə görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin isə yeganə məqsədi iki ölkə xalqları arasında mədəni sahədə əlaqələrin genişləndirilməsinə töhvə verməkdir.

Hüquq müdafiəçisi qeyd edib ki, birləşmə azadlığı fundamental azadlıqdır: "Bu, Rusiya Federasiyasının konstitusiyasında da əsas insan hüquq və azadlıqlarından biri kimi qəbul edilib və çoxsaylı qanunlarla tənzimlənib. Həmçinin, Rusiya bir çox beynəlxalq konvensiyalara qoşulub ki, burada sözügedən ölkənin birləşmə azadlığının təmin edilməsi ilə bağlı öhdəlikləri var. Bu mənada, Rusiyada yaşayan soydaşlarımız bu hüquqdan istifadə edərək, qanunvericilik qaydasında Ümumrusiya Azərbaycanlıları Konqresi yaradıblar".

Ölkəmizdə də çoxsaylı rus icmasının fəaliyyət göstərdiyini deyən Ə.Nuriyev qeyd edib ki, Azərbaycan onların birləşmək hüququnu yüksək səviyyədə təmin edib: "Təbii ki, biz uzun müddət Çar imperiyası və SSRİ adlı dövlətlərin tərkibində birgə yaşamışıq. Bu səbəbdən iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm mədəni və digər sahələrdə sıx əlaqələr qurulub. Həmçinin, Rusiya ilə Azərbaycan arasında ciddi tərəfdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin daha da dərinləşdirilməsində Azərbaycanda yaşayan ruslar kimi, Rusiyada yaşayan soydaşlarımızın da mühüm rolu var. Onlar bir təşkilat ətrafında birləşərək bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərə biliblər. Ona görə də, belə bir qurumun ləğvi ilə bağlı qərarın qüvvədə saxlanılması heç bir məntiqə sığmır.. İstənilən ictimai birliyin fəaliyyətində qüsur tapmaq mümkündür. Lakin əsas məsələ odur ki, həmin nöqsanlar ölkə qanunvericiliyinin kobud şəkildə pozulması, Rusiyanın milli maraqlarına ziddirmi? Halbuki, azərbaycanlılar Rusiyada fəaliyyət göstərməklə bu ölkənin daha da möhkəmləndirilməsində yaxından iştirak edirlər".

Fond sədri hesab edir ki, Azərbaycan post-sovet məkanında yeganə ölkədir ki, burada rus məktəblərinin sayı getdikcə daha da artır və hətta ali təhsil səviyyəsində Azərbaycan Slavyan Universiteti fəaliyyət göstərir.

Dövlətimizin indiyədək bütün beynəlxalq təşkilatlarda Rusiyaya dəstək verdiyini xatırladan Ə.Nuriyev bildirib ki, belə olan halda Rusiyanın siyasi dairələrinin çıxartdığı bu qərar iki ölkə arasında münasibətlərə ciddi ziyan vurur: "Çünki bu qərar Rusiya-Azərbaycan münasibətlərinin ruhuna tamamilə ziddir. Bu çox təəssüf doğuran bir hadisədir".

Hüquq müdafiəçisi ümid edir ki, Rusiya Ali Məhkəməsi kassasiya qaydasında işə baxarkən bu məsələdə düzəlişlər edəcək: "Həmçinin, Rusiya siyasi rəhbərliyi də Azərbaycanla dinamik münasibətlərin məzmununa uyğun olaraq məhkəmənin qərarının hüquqa söykənməsi ilə bağlı öz müvafiq tövsiyələrini verə bilər. Çünki bu qərar hüquqdan çox uzaqdır".

Qərarın dəyişdirilməsi üçün hələ də imkanların olduğunu deyən Ə.Nuriyevin sözlərinə görə, görünən odur ki, Rusiyada müəyyən siyasi dairələr, xüsusilə erməni lobbisinin təsiri altında olan qüvvələr bu cür xoşagəlməz qərarın qəbul olunmasına nail olublar: "Lakin hələ də qərarın ləğvi mümkündür. Ümid edirəm ki, qərar ləvğ olunacaq və Ümumrusiya Azərbaycanlıları Konqresi iki ölkə arasında əlaqələrin inkişafına töhvə vermək istiqamətində fəaliyyətinə yenidən uğurla davam etdirəcək".

Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

Ceyhun ABASOV

 





21.09.2017    çap et  çap et