525.Az

Görkəmli alimin böyük töhfəsi


 

PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN "HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI" KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏR

Görkəmli alimin böyük töhfəsi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Hüseyn Kürdoğlunun dördlükləri və qəzəl janrı sahəsindəki xidmətləri 60-80-ci illər poeziyasının estetik mənzərəsini formalaşdıran bədii tendensiyalardan biridir.
 
Professor Q.Paşayev bu münasibətlə bağı düşüncələrini davam etdirərək yazır ki, dördlüklər bir janr kimi H.Kürdoğlu yaradıcılığında sabitləşib. Şairin dördlüklərindəki təzə-tər orijinal bənzətmələr, yeni mətləb, poetik fikir tapıntıları xüsusi ilə diqqətə layiqdir. H.Kürdoğlunun dördlükləri haqqında görkəmli şair və alim Qasım Qasımzadə gözəl bir məqalə yazdığını müəllif ayrıca vurğulayır. Akademik Yaşar Qarayevin şairin bu yöndəki intensiv və uğurlu axtarışları barəsindəki mühüm fikirləri bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır: "H.Kürdoğlunun dördlükləri klassik rübai, bayatı, təcnis, qoşma və gərayli zəminində yaransa da bugünkü şeir təcrübəmizin hadisəsi kimi müasir çalar kəsb edir". Həqiqətən, ustad şairin klassik poetikamızın az qala unudulmağa başlayan əsas janrlarını öz yaradıcılığında yenidən dirçəltməsi və onlara müraciət etməsi, sadəcə olaraq, ənənəni yada salmaq, ədəbi keçmişimizə sadəcə bir ehtiram deyildi.

Yeni poetik janrların bədii təfəkkürə qayıdışı ədəbi prosesdə bir canlanma, duyğusallıq yaratmaqla yanaşı, eyni zamanda, milli-ictimai şüurda da özünəməxsus bir hərəkət və resonans doğurmaqda idi. Altmışıncıların sırf bədii-estetik axtarışlarının və ekperimentlərinin ictimai-fəlsəfi təfəkkürdə əks-səda yaratması həmin poetik prosesin xarakterini və mahiyyətini səciyyələndirən ən mühüm hadisələrdən biri kimi dəyərləndirməyə layiqdir.

"Dördlük" janrının şair yaradıcılığında mərkəzi mövqeyə malik olmasını hərtərəfli tədqiq edən və əsaslandıran müəllif bir qayda olaraq, həm bədii mətnlərə, həm də görkəmli sənətkar haqqında yazılmış, söylənmiş mühüm fikir və qənaətlərə müraciət edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, görürük kü, nəzərdən keçirdiyimiz tədqiqatdakı bütün fikirlər əsaslandırılıb. Məsələn, dördlüklərlə bağlı akademik T.Hacıyevin məşhur fikirlərini misal gətirən müəllif Kürdoğlünün dördlük tarixində era yaratmasını və bu janrdakı əsərlərinin ana dilli poeziyamızın ən saf, həm də milli nümunələri olduğunu dərdindən təhlil edir. Bu münasibətlə kitabda ustad şair Məmməd Aslanın da gözəl fikirləri misal gətirilir: "Hüseyn Kürdoğlu ayrı heç nə yazmamış olsaydı belə, təkcə "Qaya çiçəkləri" silsiləsinə görə uzun bir dövrün ən qabil şairidir, dilimizin heyrət ediləcək əzəməti böyüklükdə bilicisidir".

Həqiqətən, təhlil prosesində tez-tez şairin əsərlərinə müraciət edən müəllif özü də H.Kürdoğlunun bədii təfəkkürümüz tarixindəki xidmətlərini vurğulayarkən şairin dilinin və ifadə tərzinin son dərəcə şirinliyini və gözəlliyini ayrıca qeyd edir. Oxuduğu gözəl şeirlərdən vəcdə gələn müəllif qeyri-ixtiyari olaraq, şairin cinas yaratmaq qabiliyyətinə, dilinin şirinliyinə heyran olmamaq mümkün deyil, deyə yazır və təbii olaraq, özünə belə bir sual ünvanlayır: Haradan qaynaqlanırdı şairin dilinin şirinliyi, zənginliyi, sözdən mum kimi istifadə etmək qabiliyyəti?! Müəllif də, biz də bu sualın cavabını şairin məşhur dördlüklərindən tapırıq:

Ömrümün beşiyi Əhmədli kəndi,
Səndə şahə qalxdı könül kəməndi.
Anamın bal kimi şirin dilində
Yarandı şeirimin şəkəri, qəndi.

Bəli, Hüseyn Kürdoğluya misilsiz poetik möcüzələr yaratmağa imkan verən bizim doğma anamızın dilidir - Azərbaycan dilidir. Böyük şair məhz Azərbaycan dilinin incəliklərinə, sirlərinə və əgər belə demək mümkünsə, stixiyasına hamıdan yaxşı, dərindən bələd olduğuna görə möcüzələr yaratmağa qabil və qadir idi. Bu mülahizələrə və düşüncələrə böyük alman alimi Leybnisin məşhur kəlamı da qüvvət verir: "Mənə mükəmməl dil verin, sizə mükəmməl mədəniyyət verim".

Bu qənaətdən çıxış edərək cəsarətlə söyləmək mümkündür ki, H.Kürdoğlu şeirlərinin gözəl və cazibədar dili, həssas şairin cilalanmış və yetkin poetik ifadə sənəti onun, ümumən, şeir mədəniyyətimiz qarşısındakı böyük xidmətlərindən biridir.

"Hüseyn Kürdoğlunun poetik dünyası" kitabının ən mühüm məziyyətlərindən biri məhz bədii yaradıcılıq sirlərinin təhlil edilməsi ilə bağlı olub, şairin əsərlərindəki bu özəllikləri və keyfiyyətləri aşkar etməsidir. Monoqrafik tədqiqatdakı əsas fəsil və bölmələrin adı da tədqiqatçının daha çox bu yöndə düşündüyünü və mülahizə yürütdüyünü göstərməkdədir: "Dördlük tarixində era yaradan şair", "Zəmanəmizin bayatı ustası", "Təcnislər", "Şairin gəraylı dünyası", "Təsniflər", "Hüseyn Kürdoğlunun ağıları", "Rübailər", "Hüseyn Kürdoğlu poeziyası və unudulmaqda olan janrlar", "Hüseyn Kürdoğlunun uşaq şeirləri" və s. Öncədən qeyd edim ki, monoqrafiya müəllifi şair haqqında uzun-uzadı və yorucu nəzəri mülahizələr söyləməyi sevmir. O, öz fikrini aydın və sərrast üslubda ifadə etməyə, öz qənaətlərini konkret və parlaq misallarla əsaslandırmağa üstünlük verir. "Dördlük tarixində era yaradan şair" bölümündə Azərbaycan şeiri tarixində dördlük janrının yerinə və mövqeyinə nəzər salan müəllif şair yaradıcılığından gözəl nümunələr seçib oxucuya təqdim etməklə öz fikirlərini əsaslandırır. Məncə, aşağıdakı bədii cəhətdən son dərəcə təsirli misraları oxuyanların həm şair haqqında təsəvvürləri dolğunlaşır, həm də kitab müəllifinin ifadə etdiyi nəzəri mülahizələrin sanbalına və səmimiyyətinə ürəkdən inanırlar:

Yaz yerə kilim də, xalı da çəkir,
Lalənin bağrına xalı da çəkir.
Anam da rəssamdır, ilk bahar kimi
Vətən gülzarını xalıda çəkir.

Müəllifin misal gətirdiyi başqa bir dördlük isə həqiqətən də, H.Kürdoğlu sənətinin mükəmməlliyini, onun vətən eşqinin sönməzliyini nümayiş etdirir.

Dön igid başına, dön ər başına,
Anamın gəlini, dön ər başına.
Qartallar qayanın, bülbüllər gülün,
Şairlər Vətənin dönər başına.

H.Kürdoğlunun dördlüklərini həvəslə, şövqlə, vəcdə gələrək təhlil və təsnif edən müəllif şairin bu sahədəki bədii tapıntı və kəşflərini məharətlə ümumiləşdirərək, bu yöndəki düşüncələrini məhz elə onun öz sözləri ilə yekunlaşdırır:

Çox da doluxmasın qəbir qazanlar,
Məndən yol öyrənər yolun azanlar.
Qoca Kürdoğluya rəhmət oxuyar,
Min il bundan belə dördlük yazanlar.

IV

Professor Q.Paşayev vurğulayır ki, bütün klassik növ və janrlar sənətkardan bir sıra mühüm keyfiyyətlər, bədii istedad və səviyyə tələb etdiyi kimi, təcnis və bayatı yaratmaq üçün də o cür təcrübə və səriştəyə malik olmaq lazımdır. Onların hər biri sənətkardan sözə həssas münasibət, az sözlə dərin mənalar ifadə etmək, zəngin söz ehtiyatına malik olmaq və sözləri seçərək cinas yarada bilmək qabiliyyəti tələb edir. H.Kürdoğlu yaradıcılığının böyük qismini heyrətamiz poetik gücü və zənginliyi ilə seçilən, lirik növün bədii cəhətdən kamil növü olan, ölməz sənət əsərləri səviyyəsinə yüksələn bayatılara həsr etməklə bir çox estetik məqsədləri, o cümlədən, şifahi şeir sənətinin ən qədim növlərindən biri olan bayatının yeni dövrün fikrini ifadə etməkdə nə qədər münasib və uğurlu bədii forma olduğunu göstərməkdən ibarətdir. Müəllifin böyük rus alimi Mixail Baxtindən gətirdiyi aşağıdakı mülahizələr bədii epoxalar arasındakı mənəvi-estetik əlaqələri dərk etməyə təkan verir; hər zaman irəliyə doğru atılan hər bir əhəmiyyətli addım geriyə qayıdışla müşayiət olunur. Yəni mənşənin yenilənməsinə gətirib çıxarır. Yalnız yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləndirir. Zatən, H.Kürdoğlunun bu nəzəri mülahizələri sanki poetikləşdirən və onları bədii vüsətlə, obrazlı şəkildə gerçəkləşdirən aşağıdakı misraları da müəllif konsepsiyasının davamı kimi emosional səslənir:

Şeri yaraşıqdır insan oğluna,
Rəsul hümmətinə, Quran oğluna.
Kim deyir  köhnədir qoşma, bayatı,
Qoy desin, nə deyim nadan oğluna?

"Şairin gəraylı dünyası" bölümündə də H.Kürdoğlu poeziyası klassik poetik ənənələrimiz müstəvisində müqayisəli şəkildə təhlilə cəlb edir. Həssas şairin bu janrdakı axtarışları və yenilikləri uğurlu misallarla əsaslandırılır.

İstedadlı şairin gəraylılarında zəmanədən şikayət, lirik qəm, qüssə, kədər, insanın mürəkkəb və təzadlı psixoloji yaşantıları leytmotiv dərəcəsinə yüksəldiyi vurğulanır. Eyni zamanda, klassik poetika məcrasında yaranan və cilalanan bu gəraylılarda çağdaş problemlər, qayğılar, faciə və fəlakətlər aparıcı xətti təşkil etdiyi də göstərilir.

Yəni H.Kürdoğlunun gəraylıları bədii səviyyəsinə görə klassik gəraylılar dərəcəsində olmaqla bərabər, həm də öz estetik məzmununa, hissi və duyğular tüğyanının mündəricəsinə görə yenidir, müasirdir, bu günün təbii arzu və ehtiyaclarından doğulub:

Nə söyləyim qaçqın elə,
Bax gözümdən axan selə.
O yurda dönməyim hələ
Gümandır, güman, ay duman!

Bu gəraylını oxuyan kəs şairin Azərbaycanın faciələrinə yanıb yaxıldığına, gecə-gündüz bu yaşantılarla yaşadığına əmin olur. Aşağıdakı gəraylıda isə tragik mübaliğə daha möhtəşəm və müəzzəmdir. Dərdin, ələmin, yandırıcı iztirabların istisi üzümüzü qarsır. Bu kədərin yandırıcılıq dərəcəsini dahi Füzulinin göylərə bülənd olan ah-nalələri ilə müqayisə etmək olar: "Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?" H.Kürdoğluda isə şairin dərd-qəmi torpağı yandırmağa qadirdir:

Basdırma, torpaq yanmasın,
Oğlum, axıt çaya məni.
Vətən dərdi sönməz olur,
Aparsın dəryaya məni.

Şairin kədəri - bizim kədərimizdir. Bizim faciəmizdir. Burada mücərrəd və absurd pessimizmdən söhbət gedə bilməz.

(Ardı var)

 





21.09.2017    çap et  çap et