525.Az

Qarabağa gedirəm! - Seçmə şeirlər


 

Qarabağa gedirəm! - <b style="color:red">Seçmə şeirlər</b>

Ədəbi prosesin canlanması baxımından bölgələrimiz arasında Beyləqan bu gün xüsusi seçilir.
 
Tanınmış şair və yazıçı Asif Cəfərlinin başçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin yaradılmasından sonra bu canlanma daha qabarıq hiss olunur.

Beyləqan yazarları tez-tez cəbhə bölgələrində olur, klassiklərin yubileylərini, müasir şair-yazıçıların oxucularla görüşlərini keçirirlər. Təsadüfi deyil ki, bölmənin fəaliyyəti AYB rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, xüsusi ödülə layiq görülüb.

Bu sayımızda bölmə üzvlərindən bir neçə şairinpoetik nümunələrini oxucuların diqqətinə çatdırır, maraqla qarşılanacağına ümid edirik.

Ağa SAVALAN

QARABAĞA GEDİRƏM

Bir əlimdə bayrağım, bir əlimdə silahım, 
Dilimdə yurd nəğməsi, başım üstə ? allahım.
O, mənim qibləgahım, o, mənim səcdəgahım,
Çox uzaqdan gəlirəm, çox uzağa gedirəm,
Qarabağa gedirəm!
O mənim sevdiyimdir, yanağında xalı var,
O  mənim dediyimdir, dodağında balı var,
O mənim gördüyümdür, min bir cürə halı var.
Yanğımı söndürməyə o bulağa gedirəm,
Qarabağa gedirəm!
Şuşadan at sallayıb düz Ağdama gələrdim,
Cıdırından baxanda Laçınımı görərdim,
Hər yan vətən torpağı, mən hər yana gedərdim,
O dövrana qayıdıb, mən o çağa gedirəm,
Qarabağa gedirəm!
O dağ mənim dağımdır, öz dağıma gedirəm,
O bağ mənim bağımdır, öz bağıma gedirəm.
Öz yurduma, yuvama, ocağıma gedirəm,
Mənə gəl-gəl söyləyən bir torpağa gedirəm,
Qarabağa gedirəm!
Ustad Arif, sənin də azalmasın həvəsin,
Yenə oxu avazla, yenə gəlsin qoy səsin.
Qarabağ torpağında "Qarabağ şikəstəsi"n,
Səsimin zil yerində oxumağa gedirəm,
Qarabağa gedirəm!
Qılıncım qından çıxıb, qanmazı qandırıram,
Düşməni şikəst edib, belini sındırıram.
Yurduma göz dikənin gözünü yandırıram,
Sən də gəl qoşul mənə, gəl, ay Ağa, gedirəm,
Qarabağa gedirəm!
Qarabağa gedirəm!
 
Arif HƏSƏNLİ

Mübarək

Cocuq Mərcanlıya

Gözün aydın ulu məskən,
Yanar çırağın mübarək!
Su gələn arx boş qalmazmış
Gur axan suyun mübarək!

 Mərcanlıda çocuq səsi.
Quzuların mələşməsi
Heyran eləyir hər kəsi
Bayramın, toyun mübarək!

Gündəmdədir, düşmür adın
Ramazanı qarşıladın.
Gur yansın ocağın, odun,
Müqəddəs ayın mübarək!

Pöhrə verir ağacların,
Yaşıllaşır yamacların.
Yenə səkir turacların
Səsin, harayın, mübarək!

Cocuqludan durma yana.
Böyüklük də çatdı sana
Yüksəlmisən ada, sana
Mülkün, sarayın mübarək!

Gövhər Ağa məscidin var,
 Sədası, Şuşaya çatar.
 Tanrı ordan dua umar,
 Azan harayın mübarək!

Samavarın tüstülənir,
Süfrən noğulla bəzənir.
 Damaqlar dada bülənir,
Məxməri çayın mübarək!

Boylanırdın qərib-qərib.
Baxışların, sevinc dərib.
Sevinc gözündə göyərib,
Mərcan gözlərin mübarək!

Tarixlərə düşdü adın.
Zəfər üçün addımladın.
Sönməyəcək ocaq-odun,
Eşqin, amalın mübarək!
Qorqud tonqalın mübarək!

Nağıl

Biri var idi,
Biri yox idi,
Vaqif Səmədoğlu var idi.
Var idi bircə dərdi.
Ölümü oynadardı,
Ölümlə rəqs edərdi.
Dostlaşmışdı,
Heç qorxmurdu ölümdən.
Ağrıdan qorxurdu yamanş
Sığındı ölümə,
Sığındı dostuna
Ağrının qorxusundan.

Asif CƏFƏRLİ
 
Yaşadacaq dünya səni

Gəl açma sən bu kələfi
Dünya necədir, sənə nə?
Nur-işıqdır, bir tərəfi
Zülmət gecədir, sənə nə?

Yaratdığın yaşadacaq,
Yaxşıya pisə böləcək,
Böləcək xeyirə-şərə,
Gecə-gündüzə böləcək.

Gah boşalıb, gah dolacaq,
Ovudacaq səni, məni.
Yaxşı əməlin olarsa.
Yaşadacaq dünya səni.

Toz qonub sözüm üstə

Mənə bir söz söylədin,
Söylədim, gözüm üstə.
Söz ruhumu yandırdı,
Su səpdin közüm üstə.

Gözlərim qana düşdü,
Damara-qana düşdü.
Çox söz yan-yana düşdü
Mən düşdüm özüm üstə.

Sakit durub dayandım
Göy rənginə boyandım
Çox sonralar oyandım
Toz qonub sözüm üstə.

Həsrət, yerin gor olsun

Həsrəti çəkdim özümə
Tələsik yığdım gözümə.
Yenə baxmadı sözümə
Həsrətin gözü kör olsun.

Lal olub dinməyə sən,
Bircə yol gülməyəsən.
İsinə bilməyəsən,
Həsrət, yerin qor olsun.

Asif tək göynəyəsən
Həmişə inləyəsən.
Torpağı çiynəyəsən,
Həsrət, yerin gor olsun.

Elman İSRAFİLOĞLU

Axtarıram

Dərdi seçdim özümə yar,
Dərd, qəm doğra, köksümü yar.
Həyatın rəngsiz üzü var,
Dözümə rəng axtarıram.
Baxıram sevən gözlərə,
Mavi gözlü dənizlərə.
Baxıb boyalı üzlərə,
Üzümə rəng axtarıram.
Gözümə sıxıb göyləri,
Gözümə yığıb göyləri.
Sənsiz qarğıyıb göyləri,
Özümə rəng axtarıram.
Söz deyirəm düşür yerə,
Ta, baxan yoxdur sözlərə.
Çıxıb gedirəm göylərə,
Sözümə rəng axtarıram.

Sevgi qatili

Əvvəlcə zəncirlənmiş dağlar,
qırılıb düşdü
ayaqlarıın altına,
sonra yollar.
Sındı sevgiyə açılan qollar.
Dağları, yolları saxlaya bilmədi,
zamanın zənciri.
Yarpaq-yarpaq
gözlərimdən töküldü
payızın səsi.
Buludların göz yaşlına
islandı
payız çiçəkləri,
sevdiyim qızın mənə açılan əlləri...
Payızdan o yana sevgim üşüdü.
Günəşsiz günlərim üstünə
ayrılığın qarı yağdı.
Ayrılığın rəngini
dağlara, yollara, ürəyimə çəkdim.
Heç biri saxlaya bilmədi.
Dünya öz rəngini dəyişdi,
Sən oldun... Sevgi qatili...

Rövşən Budaq 

Ağ yol

Bu yol hardan başlayır,
Harda qurtaracaq bəs?
Hara gedir bu yolçu,
Bu ağ  yolu  seçən kəsə!

Ağ  yola olub rəvan,
Bu Sarvan Haqqa aşiq.
Bu yolun əksi dalan,
Bu yolun sonu işıq.

Haqqa şahid göy üz ü
Bu karvanı salamlar.
Bu yol "Quran"ın izi,
Bu yol dürlü kəlamlar.

Bu karvanın yolu Haqq,
Yolçu Adəm övladı.
Yol sahibi Ulu Haqq,
O bu Haqqa mövladı,

Aləmlərə can verib,
Ol sözüylə yaradan.
Hər kəsə yol göstərib,
Haqq iziylə  Yaradan!

Behiştin gülləri solmaz

Balaca Zəhranın xatirəsinə

Qarabağda  rüzgar əsdi,
Bu fələyin nədi qəsdi,
Balamızın başın kəsdi
Bu qədər müsibət olmaz,
"Bu nahaq qan yerdə qalmaz".

Alxanlını atəş yaxdı,
Köndələndən qanlar axdı,
Bir cocuğun soldu baxtı,
Bu yara sızlar, sağalmaz,
"Bu nahaq qan yerdə qalmaz".

Yer titrədi, göylər doldu,
Analar saçların yoldu,
Məsum Zəhra şəhid oldu.
Behiştin gülləri solmaz,
"Bu nahaq qan yerdə qalmaz".
Zəlil olsun namərd yağı,
Ağır olur bala dağı.
Zəhranı dünya ağladı,
Bəşərin dərdi azalmaz,
"Bu nahaq qan yerdə qalmaz".

Fazil ƏSƏD

Ümid ver, Ümid mənə

Bəsdi aytək batdığın,
Bəsdi qaş-göz atdığın.
Bəsdi ta naz satdığın,
Ümid ver, ümid mənə.

Bir azca sabaha bax,
İstəsən, şimşəktək çax.
İstəsən, yandırıb-yax,
Ümid ver, ümid mənə.

Göylərin qaşı qarmış,
Bu dünya bizə darmış.
...bir yaşıl işıq varmış,
Ümid ver, ümid mənə.

Arxada qaldı yollar,
Boşaldı, doldu yollar.
Sənsizcə soldu yollar,
Ümid ver, ümid m ənə.

...addım səsləri gəlir,
Səslər üzümə gülür.
Eh, ümid sonda ölür...
Ümid ver, ümid mənə.

Əlimə yaraq edim,
Sevgimi soraq edim.
Ümid ver, ümid mənə,-
Yoluma çıraq edim.
  
Körpətək üzümə gülür

Bu yollar aparır - mən də gedirəm,
Ayağıma tanış gəlir bu yollar.
Məni çəkib hara aparır belə?
Körpətək üzümə gülür bu yollar.

Yoldaca oynayan uşaq kimiyəm,
İrəli gedirəm, geri gedirəm.
Baxıb bu yolların gözəlliyinə,
Yarı dayanıram, yarı gedirəm,
Qarlı zirvələrə sarı gedirəm.

Zirvələrə qalxır bu cığır, bu yol,
Dağların qoynunda qalır beləcə.
İrəli aparır elə hey məni,
Ta özünə çəkir, səma, göy məni,
Məni də tilsimə salır beləcə.

Sevinə-sevinə gedirəm indi,
...məni sağ-salamat geri qaytarar.
Bu hava, bu su ki buralarda var -
Ölü apardığın diri qaytarar.

Min dəfə getmişəm bu yolu, sanki
Ayağıma tanış gəlir bu yollar.
Gedirəm ürəklə, sevgiylə indi,
Körpətək üzümə gülür bu yollar.
Daha məni doğma bilir bu yollar.

 





21.09.2017    çap et  çap et