525.Az

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı)


 

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi<b style="color:red"> (davamı)</b>

Anar İSGƏNDƏROV
Tarix elmləri doktoru, professor

1929-1937-ci illərdə respublikada bağlanmış çoxsaylı məscidlərdən əksər hallarda məktəb, klub və ya anbar kimi istifadə edilirdi. 30-cu illərin sonlarında Azərbaycanda 20 məscid formal fəaliyyət göstərirdi ki, onların bəziləri müharibədən sonrakı illərdə də açıq idi. Bu illərdə Bakıda Bibiheybət məscidi, Əmircanda Murtuza Muxtarov məscidi, Əjdərbəy məscidi, İçərişəhərdə Cümə məscidi bağlanmış, Suraxanı Atəşgah Məbədi baxımsız qalmışdı. Şərqdə məşhur olan Bibiheybət məscidinin taleyi də acınacaqlı oldu. Şərq memarlığının incilərindən biri olan bu məscid 1934-cü ilin sentyabrında partladıldı.

1934-1938-ci illərdə Azərbaycanda 27458 nəfər repressiyaya məruz qalmışdı ki, onların arasında din xadimləri də az deyildi. Repressiyaya məruz qalan və güllələnənlər arasında Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri 83 yaşlı Bakı qazisi Mir Məhəmməd Kərim ağa da var idi. O, Nargin adasında qətlə yetirildi.

Sovet dönəmində Təzəpir məscidinin ən ağır və məşəqqətli günləri başladı. Yalnız xoşbəxt təsadüf üzündən Təzəpir məscidi dağıdılaraq məhv edilmədi. Müxtəlif illərdə Təzəpir məscidi çay fabrikinə, yay kinoteatrına və mağaza anbarına çevrilsə də özünü qoruyub saxlaya bildi.

Azərbaycan Respublikası Dövlət Arxivində Təzəpirlə bağlı maraqlı bir sənəd diqqəti cəlb edir. Sənəddə 1934-cü ilin sonlarına qədər Bakıda və Azərbaycanın qəzalarında müsadirə olunan, mədəni-maarif müəssisələrinə çevrilən və məhv edilən məscidlərin və kilsələrin sayı haqqında Moskvaya məlumat verilmişdir. Bibiheybət məscidi, Aleksandr Nevski kilsəsi və onlarla başqa dini məbədlərin “zəhmətkeş əhalinin xahişi ilə” məhv edilməsi əsaslandırıldıqdan sonra Təzəpir məscidinin, rus provaslav kilsəsinin və erməni kilsəsinin təyinatının dəyişdirilərək onların saxlanılması məqsədəuyğun hesab olunurdu. Təzəpirlə bağlı qeyd olunur ki, tarixən bu ərazidə məscid tikilməmişdən əvvəl müsəlmanların ziyarət etdiyi pir mövcud olmuşdur. Şəhərin qatı dindar əhalisinin evləri ilə əhatə olunan bu məscidin sökülməsi ciddi narazılıqlar doğura bilər. Ona görə də yaxın gələcəkdə bu binanın sovet fəhlələrinin mədəni istirahət yerlərindən birinə çevrilməsinə razılıq verilməsi tövsiyə olunurdu. Bu sənəddən görünür ki, o zamankı Azərbaycan rəhbərliyi Təzəpirin sökülməsinin tərəfdarı olmamışdır.

Beləliklə, 20-ci illərin əvvəllərində Sovet hakimiyyətinin “təntənəli” surətdə elan etdiyi vicdan və din azadlığı işdə heçə endirilirdi və bu, mahiyyət etibarilə, əslində, xalqı öz mənəvi kökləri və ənənələrindən ayırmaq cəhdindən başqa bir şey deyildi. Lakin xalqı öz mənəvi köklərindən ayırmaq cəhdi baş tutmadı. Azərbaycan xalqı özünün tarixinə, mənəviyyatına bağlılığı sayəsində bu illərin ağır sınağından çıxa, “ideoloji” məngənəsindən xilas ola bildi.

1941-1945-ci illər sovet-alman müharibəsinə  bütün sovet xalqı kimi Azərbaycan xalqı da səfərbər olundu. 1944-cü ildə sovet rəhbərliyi faşizm üzərində qələbəni təmin etmək üçün dini təbliğata yer verməyi qərara aldı. Bu məqsədlə SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il 17 saylı qərarı ilə 24 ildən sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa olundu. 1944-cü ilin mayında Zaqafqaziya müsəlmanlarının birinci qurultayı keçirildi. Axund Ağa Əlizadə ikinci dəfə Ruhani İdarəsinin sədri seçildi. Din xadimləri xalqı vətənə sədaqətlə xidmət etməyə və faşist cəlladlarına qarşı qəhrəmanlıq göstərməyə çağırırdılar. Beləliklə, Ruhani İdarəsinin yenidən təşkil olunması ilə Təzəpir məscidi də öz fəaliyyətini davam etdirməyə başladı.

60-cı illərin sonu – 70-ci illərin əvvəllərində Təzəpir məscidi sovet ideologiyasına sinə gərərək gündəlik həyatını yaşayırdı. Məscid daha çox məhərrəmlik günlərində hökumətin diqqətini cəlb edirdi. Bütün sərt tədbirlərə baxmayaraq, təziyə günlərində məscidlərə gələn insanların qarşısını almaq mümkün olmurdu. 

Milli-azadlıq mübarizəsi və Təzəpir məscidi 

1978-ci ildə Allahşükür Paşazadə Təzəpir məscidinin axundu təyin olundu. Qısa vaxt ərzində Təzəpirin axundu Bakıda və Abşeronun kəndlərində, Azərbaycanın digər bölgələrində bilikli, hövsələli, başqalarının fikrinə hörmətlə yanaşan din xadimi kimi şöhrət qazandı. Azərbaycanın ən böyük məscidinin 29 yaşlı axundunun mühakimələri, islamın saflığı məsələlərinə prinsipial münasibəti ölkəni ziyarət edən xarici qonaqlarda xoş təəssürat yaradırdı.

80-ci illərin sonlarına yaxın Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq planlarını həyata keçirmək üçün başda “Daşnaksütyun” partiyası olmaqla bütün millətçi erməni təşkilatları və komitələri fəaliyyətlərini genişləndirdilər. Moskvadan asılı olan Azərbaycan rəhbərliyi respublikanın suveren hüquqlarını müdafiə etmək əvəzinə xalqın diqqətini taleyüklü məsələlərdən yayındırmaq siyasəti yürüdürdü. Respublika rəhbərliyinin öz xalqına qarşı həyata keçirdiyi bu antimilli siyasət 1990-cı ilin yanvarında Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı qanlı təcavüzünə gətirib çıxardı. Bu qanlı günlərdə Azərbaycanın dini rəhbərliyi və Təzəpir məscidi insanların ümid yerinə çevrildi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontıngentinin Bakı şəhərini zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət olunmuşdu. Sovet qoşun birləşmələrinin qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Səhərin gözü açılmamış Bakının küçələrində öldürülmüş insanların cənazələri Təzəpir məscidinin həyətinə daşınmağa başlandı. Təzəpir məscidi 1918-ci ilin mart soyqırımından sonra birinci dəfə idi ki, bu qədər meyit və bu meyitlərin üzərində göz yaşı tökən insan görürdü. Meyitlər “Təcili yardım” maşınlarında, hətta minik avtomobillərində məscidlərə çatdırılırdı. Çoxunun qohum-əqrabası, yaxınları əzizlərinin həlak olmasından xəbərsiz idi. Bu dağılmış-didilmiş insan cəsədlərini sonuncu güman yerinə–Allah evinin həyətinə daşıyanlar özlərini ölənlərin ən yaxın adamı kimi aparırdılar. Meyitləri gətirən maşınların sükanı arxasında oturanlar ürəklərinin hökmü ilə şəhərə çıxıb sovet əsgərinin gülləsinə tuş gələrək qanına qəltan olan insanları Təzəpir məscidinin həyətinə daşımağı  özlərinə borc bilirdilər. Bütün insanların güvənc yeri Təzəpirin həyəti idi. Başsız qalan respublikanın ümid bəslədiyi şəxs isə Hacı Allahşükür Paşazadə idi. Tarix təkrar olunurdu. 1918-ci ilin martında da erməni-daşnak qüvvələrinin soyqırımına məruz qalan insanlar Təzəpir məscidinə sığınmış və ümidlərini məscidin axundu Ağa Əlizadəyə bağlamışdılar. İndi də sovet ordusunun amansız hərəkətlərinin şahidi olan əliyalın Bakı əhalisi Təzəpirin həyətinə yığışaraq Şeyxülislam Allahşükür Paşazadədən imdad istəyirdilər. Şeyxülislam həzrətləri bir-bir tabutlara yaxınlaşır, göz yaşlarını zorla boğaraq öldürülənlərin yaxınlarına təskinlik verirdi. 1918-ci ilin martında da cəsədlərin yığılmasında və cəmbərəkənddə dəfn olunmasında Təzəpir məscidinə ən böyük köməyi Əjdərbəy məscidi etmişdi. İndi də Şeyxülislam göstəriş verdi ki, Əjdərbəy məscidinin qapıları taybatay açılsın, cəsədlər qəbul edilsin, yuyulsun, kəfənlənsin, şəhidlərin siyahısı tutulsun, ünvanları təcili müəyyənləşdirilsin, ailələrinə ərzaq və pul yardımı edilsin. Şeyxülislam daha bir göstəriş verdi: “Həlak olanların qanlı paltarları yığılsın. Gün gələcək ki, cəlladların dilini kəsmək üçün bütün dünyaya göstərəcəyik”.

Təzəpir məscidi bir tarixi qərarın da şahidi oldu. Sovet ordusu tərəfindən gülləbaran edilən insanların cənazələrinin 1918-ci ilin mart qırğını şəhidlərinin dəfn olunduğu yerdə torpağa tapşırılması qərara alındı. Bu tarixi qərar Şeyxülislamın iştirakı ilə Təzəpir məscidində çıxarıldı. Qətlə yetirilənlərin meyitlərinin çoxu Şeyxin iqamətgahının yerləşdiyi Təzəpir məscidində yuyulurdu. Şeyx burada cənazə namazı qılanların önündə durur, Qurani-Kərimdən surələr oxuyur, adamlara Allahdan səbr diləyir, ürək-dirək verirdi. Onu tez-tez Dağüstü parkda şəhidlərin məzarları arasında dərin hüznlə dolaşan görmək olurdu.

20 Yanvar faciəsi ilə bağlı Moskvada, Azərbaycan SSR-in daimi nümayəndəliyinin konfrans zalında İttifaq əhəmiyyətli fərdi pensiyaçı Heydər Əlirza oğlu Əliyev toplaşanlara müraciətlə deyirdi: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən,bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın...”

(Ardı var)

 





28.05.2013    çap et  çap et