525.Az

Dünya liderlərinin Nyu-York toplantısında işğalçı ölkə sərt tənqid olundu


 

ELÇİN ƏHMƏDOV: “AZƏRBAYCAN PREZİDENTİ BMT KÜRSÜSÜNDƏN ERMƏNİSTANIN TƏCAVÜZKAR SİYASƏTİNİ DANILMAZ FAKTLARLA İFŞA ETDİ”

Dünya liderlərinin Nyu-York toplantısında işğalçı ölkə sərt tənqid olundu<b style="color:red"></b>

“Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir”.
 
Bu sözləri Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov dövlət başçısı İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilən dinləmələrdə tarixi çıxışı ilə bağlı fikirlərini bildirərkən deyib. E.Əhmədov qeyd edib ki, müsair dövrdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrdə daha yaxından iştirak edərək, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edib dünya birliyinə sıx inteqrasiya olunmaq xəttindən ibarətdir: “Həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün  Azərbaycanın dünya  miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir  göstərmək imkanı qazanıb. Hazırda Azərbaycan Cənubi Qafqaz  regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Qeyd etmək lazımdır ki, BMT Baş Assambleyasının hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir. Həmin sessiyada iştirak edən dövlət başçıları dünyanın əsas problemlərinə diqqət çəkir və beynəlxalq aləmdə mürəkkəb vəziyyətlərdən çıxış yolları göstərilir”.

Siyasi elmlər doktoru hesab edir ki, Azərbaycan prezidentinin sentyabrın 20-də BMT Baş Assambleyasının sessiyasındakı çıxışı və ölkə başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyd etdiyi mühüm fikirlərin üzərində ayrı-ayrılıqda dayanmağa ehtiyac var: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin dövlətimizin xarici siyasətində mühüm prioritet istiqamət olduğunu hər zaman vurğulayan dövlət başçısı BMT Baş Assambleyasının sessiyasında faktlara əsaslanan çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyd edib ki, “25 ildən çoxdur Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”. Bununla yanaşı, 1992-ci il fevralın 26-da Ermənistanın Xocalıda 613 dinc azərbaycanlını, o cümlədən, 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət, soyqırımı törətdiyini və Xocalı soyqırımının 10-dan artıq ölkə tərəfindən rəsmən tanındığını bildirən dövlət başçısı İlham Əliyev bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan birinin Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan olduğunu bu ali qurumun tribunasından diqqətə çatdırıb. Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şu­ra­sının 822, 853, 874 və 884 saylı qət­na­mələri, eləcə də Təhlükəsizlik Şu­ra­sı sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdik­lə­ri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.  Son zamanlar isə, NATO-nun zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması tələb edilir. Sessiyada çıxışı zamanı  Ermənistan bu qərar və qətnamələri icra etmədiyini bildirən Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”. Dövlət başçısı İlham Əliyev Ermənistanın sülh istəmədiyini, status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istiqamətində fəaliyyət apardığını, işğal olunmuş torpaqlardan çəkilmək fikrində olmadığını vurğulayaraq, təcavüzkar dövlətin yalnız vaxt uzatmaqla məşğul olduğunu və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istədiyini bildirib”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş əldə edilməməsinin əsas səbəbinin təkcə təcavüzkar Ermənistan olmadığını deyən E.Əhmədov vurğulayıb ki, prezidentin qeyd etdiyi kimi, ikili standartlar siyasətinin tətbiq olunması nəticəsində təcavüzkara heç bir təzyiq göstərilmir, Ermənistan diktatorluğuna beynəlxalq sanksiya tətbiq olunmur: “Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev BMT-də çıxışında onu da qeyd edib ki, “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir. Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur?” Emənistanın Azərbaycana qarşı təcavüz hərəkətlərini davam etdirməsini faktlarla diqqətə çatdıran dövlət başçısı bildirib ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda bu Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər: “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı...Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum edib, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirib. 2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanıb”. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli olduğunu bildirən dövlət başçısı 2016-cı ilin aprelində uğurlu əks-hücum nəticəsində Azərbaycanın 3 işğal olunmuş rayonunda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdiyini və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdığını diqqətə çatdıraraq Ermənistan rəhbərliyinin bu dərsi yaddan çıxarmamalı olduğunu və əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələrinin onlar üçün daha ağrılı olacağını bildirən Azərbaycan prezidentinin söylədiyi kimi, beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq”. Siyasi elmlər doktorunun sözlərinə görə, dövlət başçısı İlham Əliyev ərazisində demək olar ki, milli azlıqlar yaşamayan, monoetnik ölkə kimi tanınan və ksenofob dövlət siyasəti həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycanın çoxmillətli ölkə olduğunu bildirərək Ermənistanın vandalizm siyasətini faktlarla ifşa edib: “Prezident çıxışında vurğulayıb ki, islamofobiyanı pik həddinə çatdıran Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törədib. Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan, Azərbaycan prezidenti BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı beynəlxalq mövqelərimizin möhkəmləndiyini, bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirildiyini gostərir. Eyni zamanda, ölkə başçısı İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha da artırıb. Bu mənada, prezindent qeyd edib ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır”. Ümümiyyətlə, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır”.

E.Əhmədov əlavə edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun hazırda prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksələməsini təmin edib: “Bu siyasət hazırda dövlətimiz və xalqımız üçün çox vacib olan problemin -  Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına, işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə və ərazi bütövlüyünün bərpasına olan ümidləri daha da artıraraq perespektivdə Azərbaycanın ən qüdrətli dövlətər sırasında duracağını şərtləndirir”.

 

Ceyhun ABASOV

 

 





22.09.2017    çap et  çap et