525.Az

Meksikada baş verən zəlzələlər ciddi tələfatlara səbəb olub


 

SİLAHLI QÜVVƏLƏRƏ DAĞINTILAR ALTINDA SAĞ QALANLARIN XİLAS EDİLMƏSİNDƏ YERLİ HAKİMİYYƏT VƏ VƏTƏNDAŞLARA KÖMƏK EDİLMƏSİ ÜÇÜN ƏMR VERİLİB

Meksikada baş verən zəlzələlər ciddi tələfatlara səbəb olub<b style="color:red"></b>

Bu ay Meksikada yüzlərlə insanın ölümü, xəsarət alması ilə nəticələnən iki güclü zəlzələ baş verib.

Meksikanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, Meksikanın tarixində ən güclü zəlzələ cari ilin sentyabrın 7-ə təsadüf edib. Zəlzələ Rixter şkalası ilə 8,2 bal gücündə qiymətləndirilib. Həmin zəlzələ ölkənin cənubunda yerləşən Çiapas və Oaxaka ştatlarında 97 nəfər insan tələfatı daxil olmaqla, böyük ziyanlarla nəticələnib.

Sentyabrın 19-da isə Rixter şkalası ilə 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu ikinci zəlzələ Meksikanın 7 ştatında hiss edilib. Zəlzələdən əziyyət çəkmiş ştatların təqdim etdiyi son rəsmi məlumatlara əsasən, faciə nəticəsində 246 nəfər insan həlak olub, Mexiko şəhərində 38 bina dağılıb. Ümumilikdə, 7 ştata ciddi ziyan vuran ikinci zəlzələnin episentri Mexiko şəhərindən 120 km məsafəsində yerləşdiyi üçün ölkənin mərkəzində təkanlar güclü şəkildə hiss olunub.

Təbii fəlakət 1985-ci ilin sentyabrın 19-da minlərlə insan tələfatına səbəb olan 8,1 bal gücündəki zəlzələnin anılması üçün meksikalıların küçələrdə toplanmasından iki saat sonra baş verib. Meksika prezidenti Enrike Penya Nieto 19 sentyabr 2017-ci il tarixində MX Planını işə salaraq silahlı qüvvələrə dağıntılar altında sağ qalanların xilas edilməsində yerli hakimiyyət və vətəndaşlara kömək etmələri üçün əmr verib. Eyni zamanda, 7 sentyabr zəlzələsi nəticəsində ziyan çəkmiş Çiapas və Oaxaka əhalisinə yardımın davamlı şəkildə göstərilməsinə dair təlimat verilib. Meksika vətəndaşları könüllü şəkildə xilasetmə tədbirlərində aktiv iştirak edirlər.

Ceyhun ABASOV

 





22.09.2017    çap et  çap et