525.Az

YAP-ın 25 illiyi münasibəti ilə konfrans


 

YAP-ın 25 illiyi münasibəti ilə konfrans <b style="color:red"></b>

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə konfrans keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan, yarandığı vaxtdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası sivil siyasi sistem əsasında müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin şərəfli bir yol keçib.

S.Müslümov bildirib ki, 25 il bundan öncə, 1992-ci il noyabrın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun bir başlanğıcı olub: "Həmin konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. 1993-cü ilin iyun ayında - Azərbaycanın taleyinin sual altında qaldığı, bütün sahələri bürümüş ağır böhran şəraitində gələcəyə ümidlərin tükəndiyi bir vaxtda isə xalqın iradəsi ilə Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı müasir tariximizin ən şərəfli səhifəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən, qətiyyətli siyasəti, zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sivil əsaslar üzərində müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Bu proseslərdə ulu öndərin rəhbərlik etdiyi YAP həmişə ön cərgədə olması, daim xalqın maraq və mənafelərinin təminatı məramına əsaslanması ilə ümumxalq partiyası olduğunu təsdiq edib".

S.Müslümov vurğulayıb ki, hazırda Azərbaycan prezidenti İlham Əliyevin rəhbərlik etdiyi, 700 mindən çox insanı sıralarında birləşdirən YAP bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur: "Dövlət başçısının qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib".

 

 





22.09.2017    çap et  çap et