525.Az

“Milliliyimizi qoruyaq” adlı sərgi


 

“Milliliyimizi qoruyaq” adlı sərgi <b style="color:red"></b>

Sentyabrın 21-də Bakı Xətai Sənət Mərkəzində Beynəlxalq Sülh Gününə həsr edilmiş “Milliliyimizi qoruyaq” adlı rəsm sərgisi təşkil olunub.

“İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən sərgi Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatı, Türkiyə səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə tanınmış və gənc rəssamlar, mədəniyyət və incəsənət xadimləri, rəsm həvəskarları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan sərginin layihə rəhbəri, gənc rəssam Elnurə İsgəndərova qonaqları salamladıqdan sonra “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən sərgilər haqqında ümumi məlumat verib, keçirilən sərginin məqsəd və mahiyyətlərindən danışıb. Tədbirdə təqdim edilən əsərlərin məna və məzmun baxımından mükəmməlliyindən söz açan E.İsgəndərova onu da vurğulayıb ki, sərginin ekspozisiyasında 150-dən çox fırça ustasının 200-dək sənət əsəri nümayiş olunur. Bildirib ki, bir gün davam edəcək sərgidə ziyarətçilər rəngkarlıq, yağlı boya, akvarel və dekorativ tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretləri görə biləcəklər.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Ağəli İbrahimov bu cür sərgilərin rəssamlığın, mədəniyyətin inkişafındakı önəmindən söz açıb: “Bu cür sərgilərin təşkili rəssamlığın inkişafında xüsusi rol oynayır. Çox sevindirici haldır ki, belə sərgilərə tanınmış rəssamlarla birgə, gənc rəssamlar, hətta yeniyetmələr də cəlb olunur. Rəsmlərlə tanış olanda gördüm ki, millilik deyərkən bu tablolarda yalnız klassik irsimiz, keçmişimiz deyil, həm də bu günümüz öz əksini tapıb. Bu günü elə bu gün yazmaq, yaratmaq, həkk etmək lazımdır ki, gələcək nəsilə doğru, dürüst informasiya ötürülsün”.

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova milliliyimizin təbliğində bu cür layihələrin önəmindən söz açıb, gələcəkdə də belə layihələrin keçirilməsində öz dəstəklərini əsirgəməyəcəklərinə söz verib.

Türkiyə səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çifçi Azərbaycan- Türkiyə mədəni əlaqələrinin inkişafında bu cür layihələrin böyük rol oynadığını qeyd edib. Özünün də rəssamlığa sevgisindən, marağından söz açan müşavir həm də bu baxımdan sərginin ona doğma olduğunu deyib: “Biz hər zaman Azərbaycan-Türkiyə qardaşlığının mədəniyyətdə də təbliğinə çalışırıq. Bunun üçün bir sıra layihələr həyata keçirmişik. Ancaq təəssüf ki, təsviri sənətdə bu layihələr çox az, hətta yox səviyyəsindədir. İki qardaş ölkənin rəssamları bir-birini tanımır, bir-birinin yaradıcılığından xəbərsizdirlər. Biz çalışacağıq ki, gələcəkdə bu cür sərgilərin sayı artsın. Hətta Azərbaycan və Türkiyə arasında qarşılıqlı sərgilər təşkil edək. Yəni, orada azərbaycanlı, burada isə türkiyəli rəssamların sərgisini keçirək ki, gənc rəssamlarımız da bir-birini tanısınlar”.

Sərginin təşkilatçısı Aygün İsgəndərova “Milliliyimizi qoruyaq!”da tabloları yer alan rəssamlar haqqında məlumat verib, dəstəkçilərə öz minnətdarlığını bildirib. YAP Yasamal rayon Təşkilatının əməkdaşı, Sabir adına kitabxananın direktoru Gülşən Abbasova da sərgi barədə fikirlərini bölüşüb.

Sonda “Milliyimizi Qoruyaq!” sərgisinin keçirilməsində əməyi olanlar xüsusi diplom və mükafatlarla təltif olunublar.

Şahanə MÜŞFİQ

 





23.09.2017    çap et  çap et