525.Az

Erməninin yəhudini aldatmaq təşəbbüsü


 

Erməninin yəhudini aldatmaq təşəbbüsü<b style="color:red"></b>

Azərbaycanın İsrail ilə dostluq əlaqələri, siyasi, iqtisadi, hərbi təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməsi Ermənistanı olduqca narahat edir.

Xüsusilə hərbi təhlükəsizlik sahəsində əməkdaşlığı Ermənistan rəhbərliyini paranoya vəziyyətinə salıb. Azərbaycan-İsrail adının yan-yana gəlməsi belə onların ruh halına pis təsir edir, qırımızı rəng görən öküz kimi özlərindən çıxır, hədyan danışaraq və yalan uyduraraq həm daxili ictimai rəyi, həm də özlərini aldatmağa çalışırlar.

Nədir bu paranoya? Nə zamandan və niyə başladı?

Azərbaycan müstəqil bir dövlət olaraq ordu quruculuğunda son 25 ildə ciddi uğurlar qazanıb. Həm intizam, həm də ordu inventarının yenilənməsi, müasir standartlara uyğun silahlar alması baxımından müstəqil siyasət həyata keçirir. Azərbaycan Rusiya, Türkiyə, Pakistan, İsrail və digər ölkələrdən silah alır. Bu barədə mətbuatda mütəmadi olaraq məlumatlar verilir.

Ermənistan rəhbərliyinin paranoyası ötən ilin aprel ayında cəbhə xəttində atəşkəsi pozaraq hərbi əməliyyata başladıqdan dərhal sonra Azərbaycan ordusunun bu hücumların qarşısını alması və əks hücumla Ermənistan ordusunu geri oturtması, hətta bir neçə strateji yüksəkliyə nəzarət etməsi zamanı İsraildən aldığı silah və sursatlardan istifadə etməsindən sonra başlayıb.

Azərbaycan İsraildən aldığı silahları bu döyüşlərdə istifadəsi zamanı gözlənilən nəticələri əldə etdi. Ən sadə gerçəklikdir ki, dövlətlər ordusunun silah inventarını yeniləyirsə, bunu vitrinə qoymaq üçün yox, hərbi təhdidlərlə qarşılaşdıqları zaman istifadə etmək üçün edirlər. Azərbaycan da ötən ilin aprel ayında belə bir təhdidlə qarşılaşdığı üçün silah arsenalının çox cüzi bir hissəsini istifadə edərək təhdidi ortadan qaldırdı. Ermənistan bilməılidir ki, bu təhdidini təkrar etmək istəyərsə, aprel hadisələrindən daha ciddi cavab alacaqdır.

Ermənistan İsraildən silah ala bilmir, çünki pulu yoxdur. Rusiyadan aldığı silahları isə elə Rusiyanın verdiyi kreditlərlə alır və yüksək faizlə birlikdə geri ödəyir.

Cari ilin 25 iyul tarixində İsrailin regional əməkdaşlıq naziri Çaxi Aneqbinin Ermənistana səfərindən sonra ölkə rəhbərliyi və xüsusilə də Ermənistan XİN rəsmiləri Aneqbenin səfərinin məqsəd və məramını aşan bəyanatlar verdi.

Səfər zamanı Azadlıq radiosunun Ermənistan bürosunun (Radio Azatutyun) müxbiri İsrail nazirinə son səfərinin iki ölkə araında hərbi əməkdaşlıq məsələsi ilə bağlı olub-olmadığı barədə sual verib. Aneqbi cavabında ölkəsinin regional əməkdaşlıq naziri olduğunu və fəaliyyətinin hərbi və təhlükəsizlik sahələrini əhatə etmədiyini söyləyib. O səfərinin əsas məqsədinin kənd təsərrüfatı, su ehtiyatları problemi, nəqliyyat və kommunikasiyalar kimi sahələrlə əlaqədar olduğunu bildirsə də,[i] Ermənistan XİN müavini Şavarş Köçəryan Aneqbi ilə müzakirə zamanı İsrailin Ermənistana silah satacağını bildirdi.[ii]

Birincisi, silah ticarəti ilə bağlı müzakirə aparmaq İsrailin regional əməkdaşlıq nazirinin səlahiyyətinə daxil deyil. Bu məsələni Müdafiə Nazirliyi, müdafiə sənayesinin səlahiyyətli nümayəndələri İsrail hökumətinin razılığı ilə həll edirlər.

Deyək ki, Aneqbiyə belə bir səlahiyyət verilib və silah ticarəti müzakirə edilib. Amma adətən silah ticarəti müzakirə edilərkən deyil, müqavilə imzalandıqdan və yaxud silahlar alıcı ölkəyə təhvil verildikdən sonra bu məsələ "gün işığına'' çıxır. Aneqbenin İrəvandakı ayaq izlərini yağış suları yuyub aparmadan Köçəryanın İsrailin Ermənistana silah satacağı haqqında bəyanat verməsi müzakirələrin konfidensiallığına ziddir, XİN-in nə qədər həvəskar kadrlarla dolu olduğunu göstərir. Bu qədər qeyri-ciddi hərəkətin əsas məqsədi erməni ictimai rəyini sakitləşdirmək və Azərbaycan-İsrail münasibətlərinə kölgə salmaq olmuşdur.

Son zamanlar Ermənistan mətbuatında Azərbaycan-İsrail münasibətləri barədə dezinformasiya davam edir. Erməni mətbuatı İsrailin Maariv qəzetinə istinadən Azərbaycanın İsrailin hərbi şirkəti "Aeronautics Defence System''dən aldıqları "Orbiter 1K'' adlı dronun yoxlanılması zamanı bunun cəbhə xəttində real rejimdə həyata keçirilməsini tələb etdiyini xəbər vermişdi. Erməni mətbuatı şirkət menecerinin bu tələbi yerinə yetirdiyini amma uğursuz nəticə alındığını bildirsə də, şirkət rəhbərliyi qətiyyətlə bunu təkzib edir.[iii]

İsrail Müdafiə Nazirliyinin mətbuat katibi məsələ ilə bağlı  belə deyib: "İsrailin Müdafiə Nazirliyi bir qayda olaraq İsrailin müdafiəsi ilə bağlı olan məsələlərə şərh vermir. Bilinən informasiya ilə bağlı Nazirliyin aidiyyatı orqanı araşdırmalara başlayıb''. Ermənistan mətbuatı bu məsələni gündəmdə saxlamağa çalışır.

Qeyd edək ki, Azərbaycan tərəfi belə bir təkliflə çıxış etməz. Belə ki, silah alışı haqqında müqavilə imzalanarkən sadəcə silahın alınması şərtləri yox, o silahdan istifadə edəcək şəxsi heyətin silahdan istifadə qaydalarının öyrənilməsi üçün təlim keçməsi haqqında maddə yer alır. Ermənistanın iddia etdiyi kimi Azərbaycan bu qədər qeyri-peşəkar bir tələblə çıxış etməz.

Ermənistan Azərbaycan-İsrail münasibətlərinə kölgə salmaq üçün təsdiqini tapmamış, digər etibarlı mənbələrdə yer almayan informasiyaları gündəmə gətirməyə uğursuz cəhdlər edir. Bu, Ermənistanın xarici siyasətdə uğursuzluğu, qeyri peşəkarlığı və Azərbaycan-İsrail arasında dostluğun möhkəmləndirilməsindən duyduğu rahatsızlığın, paranoyanın ortaya çıxmasını göstərir. Böyük bir ehtimalla bu paranoya gələcəkdə başqa forma və məzmunda davam edəcək.

Newtimes.az
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru

 





23.09.2017    çap et  çap et