525.Az

Ucalığın adamı


 

Ucalığın adamı<b style="color:red"></b>

Çoxdan yazmaq istəyirdim bu yazını. Onun yumşaq, həlim təbiəti, insanlara olan sevgisi, xüsusi ədəb-ərkanı, yaşının ahıl çağında üzündə gəzib-dolaşan uşaq təbəssümü və mehribanlığı, bir də özünəməxsus şairliyi mənə nədən başlamağın çətinliyini yaşadırdı.

Qış vaxtı yuxumun bəzən  göylərə çəkilib, gözümdən qaçaq düşdüyü çağlarda üzümü pəncərəyə söykəyib küçəyə baxmaqdan savayı əlimdən heç nə gəlmir. Canımda gəzişən ağrılar ilhamımın da qol-qanadını yanına salır. Nə yazmaq, nə oxumaq istəyirəm. Sadəcə küçəyə baxıram. Səhərin toranı yavaş-yavaş yerə doğru irəliləyir. Adamların seyrək vədəsində yarıqaranlığı çiyninə salıb küçəmizdən o biri küçəyə – avtobus dayanacağına bir adam yol gedir. Addımbaşı çəliyinə söykənib dayanır, gah irəliyə, gah da geriyə baxır. Mənə elə gəlir ki, bu insan irəlidən daha çox geriyə baxır. İrəlidə arzuladıqlarının, ümid edəcəklərinin çoxusu arxada qalıbdı. Bir dəfə mənə “Nə qaldı – dünəndə qaldı” demişdi...

Şair üçün “Nə qaldı – dünəndə qaldı” deyiminin özündə təəssüfdən çox bir təəccüb var. Bizdən uzaqlaşan zaman və vaxt deyilən anlayış ondan ötrü xatirədən öncə bədii təəssüratdır. Bu, Ağasən Bədəlzadə yaradıcılığında həm də bir vasitə, bir təqdimatdır:

Ovutmur könlümü daha çöl-çəmən,
Ürək həmən-həmən, dərd həmən-həmən.
Hansı xoşbaxtlığı görmüşəm ki, mən
Deyim xoşbaxtlığım yarımçıq qalıb? 

Saat doqquzda başlayacaq iş vaxtı onun üçün səhər saat yeddidən də tez başlayır.  Geriyə baxa-baxa irəliyə getmək üçün ona ən azı iki saat vaxt lazımdır. Çalışdığı Asiya Universitetində mühazirə deyəcəyi tələbələri onu gözləyirlər. Bir dəfə ömür yoldaşım “İndi Ağasən qardaşa bəlkə də dünyada ən çox yaxın olan bir şey varsa da, o da çəliyidir” dedi.

Gözlənilən insan! Həyatda belələrinə çox az təsadüf olunur. Şair, filologiya üzrə fəlsəfə doktoru Ağasən Bədəlzadə, inanmıram ki, ömründə bircə dəfə də olsun onu gözləmədikləri yerdə görünsün, yaxud kimsənisə incidib narahat etsin. Amma dəqiq bilirəm ki, onu incidib, küsdürənlər olub...Könül ki bir şüşədir...

Ağasən Bədəlzadə oxuduğum şairlərdən, hörmət bəslədiyim insanlardandır. İyirmi üç ildir bir binada yaşayırıq. İyirmi üç ildir ki, bütün qonşular ona “yaxşı adam” deyirlər. İyirmi üç ildir o, daxili-mənəvi öz iç dünyasını yaşadır.

Bir neçə kitab müəllifidir. Masamın üstündə onun son üç ildə nəşr etdirdiyi iki kitabı var – “Qorxuram bu dünya sevgisiz qala” (Bakı, “Elm və təhsil”, 2011), bir də “Bu dünyanın hər üzünü görmüşəm” kitabı, yenə də (Bakı, “Elm və təhsil”, 2012). Şeirləri bir-birindən isti və bir-birindən maraqlı. Fikir də, poetik yozum da, bədii təsvir də, bir sözlə, əsl poeziyaya nə lazımdırsa, hamısı yerli-yerində. Şairin kitablarından biri “Fikrin də bir hüdudu var” adlı şeirlə açılır. İki bəndlik bu şeirdə fikir haqqında səlis və dürüst fikir var:

Fikir eylədikcə, fikir çoxalır,
Fikir qoşun-qoşun, qatar-qatardır.
Fikir ki bir yerdə dirənib qalır,
Deyirəm, fikrin də hüdudu vardır.

Əsl şair fikrinin qurtardığı yerdə fikin hüdudu başlayır. Amma hüdudun həddi varmı? Əbəs yerə deməyiblər ki, fikir bütün vasitələrdən sürətlidir və daşı da dəlib keçir:

İnsan düşüncədən yorulan zaman
Sonsuzluq özü də dönüb hədd olur. 

Ağasən Bədəlzadə maraqlı bir həyat yolu keçib. 1940-cı ildə, avqust ayının 25-də İsmayıllı rayonunun Pirəbilqasım kəndində kolxozçu ailəsində doğulub. Əvvəlcə kəndlərindəki yeddiillik məktəbi, sonra isə İsmayıllının rayon mərkəzində İ.V.Stalin adına 1 saylı orta məktəbi bitirib. 1959-1961-ci illərdə M.Ə.Sabir adına Pedaqoji Texnikumun rus dili şöbəsində təhsil alaraq İsmayıllı məktəblərində müəllimlik etmişdir.

Şairin ömür yoluna qayıdış etməkdə məqsədim var. O, kitablarının birində oxucularla bölüşdüyü ömürlüyündə oxuduğu Stalin adına 1 saylı İsmayıllı şəhər orta məktəbinin adını xüsusi olaraq çəkir. Məhz Stalin adına məktəbində oxuduğunu yazır.

O, bir insan, bir şair kimi ömrünün dünəninə, keçmişinə sədaqətlidir. Oxuduğu, böyüdüyü, təhsil aldığı, uğrunda doğmalarının qurban getdiyi SSRİ-ni, artıq çoxdan tarixə çevrilmiş bir sistemi hörmətlə yad edir. Şairin “Bir dövran var idi” şeiri dediklərimi təsdiq edər. Onun əyilməzliyi, dəyişməz xarakteri qibtə olunandır. Həmin şeiri Ağasən Bədəlzadə 2005-ci ildə yazıb və “Ölməz Leninə” ithaf edibdi:

Arı pətəyindən arı dağıldı,
Yarı oğurlandı, yarı dağıldı,
Böyük bir ölkənin varı dağıldı,
Düşdü bir dilənçi gününə dünya! 

Kimlərsə şairi mövqeyinə görə məzəmmət edə bilərlər. Amma dəyişməyən, dünən elə, bu gün də belə deməyən, amalına və əqidəsinə sadiqlərdəndir Ağasən Bədəlzadə. Əgər onu mövqeyinə görə qınamaq fikrinə  düşsəniz, əvvəlcə şairin taleyinə bələd olub, sonra nəticə çıxarsanız yaxşı olar.

Ağasən Bədəlzadənin sakit təbiətində bir tufan, bir fırtına, əbədi şair narahatlığı yaşayır. Gün olub, bəzən iki-üç şeir yazıb. Müxtəlif mövzular və problemlər şair qəlbindən süzülərək şeirə çevrilibdir. Bununla içindəki mənəvi yükdən qurtulmaq, bir qədər azad nəfəs almaq istəyib. Amma bu mümkün olmayıb. O, şairdir və bu şair narahatlığı ilə ömrün yetmişini arxada qoyubdur.

Şairin iti müşahidə qabiliyyəti var. Cəmiyyətdə baş verənlərə biganə qalmaq ona yaddır. Ağasən Bədəlzadənin gözü əsl sərraf gözü, sözü əsl şair sözüdür. O, müxtəlif mövzularda eyni cür əqidə nümayiş etdirir. Təkəbbürlülüklə, yalan və hiylə ilə yaşayanlara şairin saf və təmiz dünyasında yer yoxdur. Ədalətdən danışıb ədalətsiz olanlar, saflıqdan danışıb natəmiz həyat sürənlər onun şair nifrətinə tuş gələnlərdir:

Nifrətsiz məhəbbət müqəddəs deyil,
Vətən bir tanrıdır, adi səs deyil,
Vətənçün can verib ölmək bəs deyil,
Vətənçün can alıb yaşamaq gərək. 

Ağasən Bədəlzadənin şeirləri quru sözçülükdən, ritorikadan uzaqdır. O, pafosu sevmir, söz xatirinə yox, sözə can və qan vermək naminə yazır. Şairin şeirləri sırasında “Xırda görünəndən qorxuram yaman” adlı bir şeiri də var. Naqislər, ikiüzlülülər olduğu kimi görünməyənlər haqqında ədəbiyyatımızda çox yazılıb. Görünür, bu mövzu poeziyamızın əzəli və əbədi mövzularından olaraq qalacaqdı:

Xırdalar iynənin gözündən keçər,
Ötər, qarışqanın izindən keçər,
Darıtək dizinin altına qoysan,
Görməsən, sivişib dizindən keçər.
Kiçikdən, xırdadan aman, əl-aman,
Xırda görünəndən qorxuram yaman.

Bir neçə bənddən ibarət şeirin hər bəndində, hər misrasında şair poetik fikir, iti müşahidə yürüdür. “Bir milçək çatdadıb şiri öldürər, nəhəngi vecsizin biri öldürər” fikri oxucuya tanış səslənə bilər. Çünki burada xalqdan, onun ağız ədəbiyyatından gələn bir bənzərlik də var. Amma təzə deyim və ifadə şairin özünündür. Xırdaların əlinə meydan düşəndə, onların necə at çapdırdıqlarının şahidi olubdur. Əbəs yerə deməyiblər ki, keçmə namərd körpüsündən, qoy aparsın sellər səni. Şairin xırdalardan qorxması, xırda ürək sahiblərindən ehtiyat etməsi təkcə bir fərdin qorxusu kimi yox, mənim, sənin, bütövlükdə cəmiyyətin üzləşə biləcəyi bir bəla kimi təqdim olunur.

Könül, nə qalıb ki daha bu bağda,
Şirin badam, püstə, iydə qalmayıb.
Meyin hərarəti qalır dodaqda,
Dodağın nəşəsi meydə qalmayıb, –

deyir Ağasən Bədəlzadə. Onun hər şeirində özünəməxsus bir gözəllik, bir ruh var. Bilmirsən hansına diqqət ayırasan, onun bədii məziyyətlərini oxucu ilə bölüşəsən. Şairin dörd misradan ibarət şeirlərində hər şey var – uzunçuluqdan və quru sözçülükdən savayı. Belə şeirlərindən biri “Sən öldünsə” adlanır:

Allah sənin özündədir, ey insan,
Yerdən yapış, öz xalqına yaxın ol.
Sən öldünsə, Allahdan çox uzaqsan,
Sağlığında Allahına yaxın ol!

Ağasən Bədəlzadə ədəbiyyata gəldiyi ilk illərdə belə, onun poeziyası həm oxucuların, həm də qüdrətli şairlərimizin diqqətini özünə çəkə bilibdi. 1968-ci ildə Xalq şairi Bəxtiyar Vahabzadə, az sonra isə Xalq şairi Rəsul Rza şairin yaradıcılığı haqqında xoş sözlər söylədi. Ustad sənətkarlarımızın xeyir-duası bir tərəfdən onu sevindirib yeni-yeni uğurlara səsləsə də, digər tərəfdən o, öz çiynində ustad zəmanətinin məsuliyyətini duyub, qiymətləndirdi. Şairin dili sadə olduğu qədər, həm də zəngin və rəvandır.

Ana dilimizin bütün imkanlarından ustalıqla bəhrələnən şairin hər şeirində bir gözəllik var.

Kənddən yazır, kəndi heyranlıqla vəsf edir. Sevgidən yazır, böyük Füzuli ənənəsinə sadiq qalır. Torpaqdan, məhəbbətdən, sevgidən yazır, öz qəlbinin çırpıntılarını dilə gətirir. O, ədəbiyyatımızın, poeziyamızın böyük təəssübkeşidir. Görkəmli şair və yazıçılarımıza ithaf etdiyi şeirlərdə bir minnətdarlıq və təşəkkür nəzərə çarpmaqdadır.

Yayları doğma kəndi Pirəbilqasımda keçirir. Mən görməmişəm bu kəndi. Bir dostum dedi ki, nəhəng ağacların hər biri neçə-neçə qartalların məskənidir. Ağır yeriyən, ağır oturub-duran insanın dağ kəndinin gecələrində qartallarla söhbəti nədən düşür görəsən? Yəqin ki, ucalıqdan. Ucalığın adamıdır Ağasən Bədəlzadə. Qəlbi, aydın təbiəti, bir də gözəl poeziyasıyla. 

 





29.05.2013    çap et  çap et