525.Az

Dumansız Albion - Fotolar


 

Təsəvvürdən təəssürat reportajı

Dumansız Albion - <b style="color:red">Fotolar</b>

(Əvvəli ötən şənbə sayımızda)

Muzeylər “lənd”i

Bir şəhərdə muzeylərin bolluğu onun zəngin tarixinə işarədi.

O biri günlərdə də imkan düşdükcə muzeylərə dəyirdik. Amma səfərin iki gününü tamamən muzeylərə həsr etdik.

“Çarlz Dikkensin ev muzeyi” Dayti-strit 48 ünvanında yerləşir. Bura metronun bir neçə stansiyasından gəlmək olar. Biz “Russell Square”da düşdük.

Dikkens bu evdə cəmi iki il yaşayıb. Onun Londonda qaldığı evlərdən tək bu durur. 2012-ci ildə təmir ediblər. Dəhlizin, pilləkənin bir neçə yerində divara Dikkensin “kölgə”sini elə çəkiblər, deyirsən bəs, sahibi elə indicə burdaydı, çıxıb, bu saat gəlir.


“Oliver Tvistin macəraları” bu evdə yazılıb. Balaca Oliverin ağrı-acılarını xatırlayıb Çalzın romanı yazarkən hansı ovqatda olduğunu duymağa can atıram. Muzeyin kafesində oturub kofe içirik. Radio-bələdçi dahi yazıçının burda iztirablı günlər keçirdiyini deyir.

Öz acılarındanmı yaradıb Oliveri?

lll

Bir tin o yanda Roger-strit 12 ünvanında yerləşən “Çarlz Darvin Evi” (Charles Darwin House) bağlı idi. Əgər Darvinin həyatı, yaradıcılığı ilə maraqlanırsızsa, bir qədər uzaqlığına baxıb ərinməyin, onun ev-muzeyinə - “Down House”a gedin.

Vaxt qıtlığıdısa, ora gedə bilmirsizsə, “Təbiətşünaslıq muzeyi”ndə (Natural History Museum) “Darvin mərkəzi”ni ziyarət edin. Bəşərin yaranış tarixinə səyahət də adlandırardım bu muzeydə dolaşmağı. Əlimdə əlac olsa təkamülü inkar edən, dünyanın bir “Ol!” əmriylə altı günə yarandığına inananları bura ekskursiyaya gətirərdim. Xüsusən də təkamül nəzəriyyəsini məktəb proqramlarından çıxaran Türkiyənin təhsil yönətənlərini, bizim dindən xəbərsiz dindarlarımızı.

XIX əsrin ortalarında elan etdiyi təkamül nəzəriyyəsiylə Darvin dünyanı dəyişdi. Əsrlər boyu davam edən elm-din debatında söz sahibi oldu.

Alimlər İngiltərədə tapılan qədim insan sümüklərini öyrənərkən, hannibalizmin nişanələrinə rastlayıblar. Britaniyalıların mağara dövr əcdadları yemək tapmayanda bir-birlərini yeyirmişlər. Ocaq başında ora-bura tolazlanmış sümüklər bir adamın imiş. Çöldə-meşədə adam kabab yeyəndə sövq-təbii sümüyü hara gəldi atır ey, bax heylə, əti yeyib sümüyü fırıldadıbmışlar.

İnsanlığın sonrakı inkişaf tarixini düşünəndə hannibalizmin canımızda olmasına inanırsan. İnsanlar elə indi də bir-birini yeyirlər, sadəcə indi ətini yox, ruhunu, canını, ömrünü yeyirlər. Lap şairanə çıxdı!

Darvinlə vidalaşıb yolumuza davam edirik.

lll

Açığı, gəzinti proqramına “London Film muzeyi”ni salanda zənn edirdim ki, Çaplin, Hiçkok, başqa ingilis kino xadimlərini xatırladan eksponatlar da görəcəyik. Sən demə, muzey yalnız məşhur Ceyms Bond seriya filmlərinə həsr olunubmuş.

İngilis yazıçısı Yan Fleminqin romanları əsasında 50 il ərzində 24 film çəkilib. Baş rolu xeyli aktyor oynayıb. Mən Şon Konnerinin “Bond”unu bəyənirəm.

Muzeyi gəzə-gəzə “Agent 007” - Ceyms Bondun filmlərdən təhlükəli tryuk süjetlərini, çəkilişlərdə istifadə olunmuş maşın, qayıq, təyyarə, silahları qızıma göstərib dilxoşluq edirəm: “Cavanlıqda atan da belə edərdi”. Arxadan xanım dillənir: “Nəsə yadıma gəlmir axı”. Ayana mənim zarafatımdan çox anasının sözü ləzzət elədi, gülməyindən bildim.

Mənsə Bondun “Aston Martin DB5” markalı maşınına baxa-baxa zarafata davam edirəm: “İmkan verməz ki, hamının şəxsi qəhrəmanlıq tarixi uydurduğu zəmanədə gənc nəslə həqiqəti çatdırasan”.

Muzeydən aldığımız xoş ovqat “Covent Garden” yunan kafesində də davam elədi.

lll

Böyük Britaniyanın bir vaxt dünya imperiyası olduğunu “Britaniya muzeyi”ndə daha aydın dərk edirsən. Bu nəhəng muzeydə bütün sivilizasiyaları əhatə edən 7 milyonacan eksponat var. Luvrdan sonra dünyanın ən çox ziyarətçi qəbul edən muzeyidi.

İngilis əsgərinin ayağı dəyən yerə arxasınca arxeoloqlar, tədqiqatçı alimlər gedib. Ən dəyərli mədəniyyət nümunələrini imperiya paytaxtına daşıyıblar. Öyrənib, qoruyub saxlayıblar. Yunanıstan, Misir hələ də onlardan aparılmış tarixi abidələrin davasını döyür, geri qaytarmağı tələb edir.

Qədim Misir abidələri sərgilənən zalda dediklərim Ayana maraqlı gəlir deyə ətraflı danışıram. Deyirəm, Məmlük sultanlığından üzü bəri biz türklər Misirdə 700 il hakim olsaq da, bir dəfə maraqlanmadıq ki, bu ehramlar, piramidalar nədi, kimindi. Amma Napoleonun cəmi bir neçə illiyinə tutduğu Misirdə fransızlar abidələri tədqiq edir, qədim mədəniyyəti öyrənir, tarixi nümunələri toplayıb Parisə aparırlar. 1798-ci ildə Misir İnstitutu (Institut d'egypte) belə yaranır.

Hələ ingilislərin sonralar daha geniş tədqiqata başlamalarını demirəm.

Uzatmayım, bir sözlə Londonda 300-dək muzey və qalereya var. Dövlətinkilərlə yanaşı, özəl muzeylər də çoxdu. Hər zövqə, marağa uyğun olanını tapa bilərsiniz. Bircə bol vaxtınız və bir az da pulunuz olsun. Pul da əsasən özəl muzey və qalereyalarda gərəkdi. Əksər dövlət muzeyləri pulsuzdu.  

Maqna Karta və Çingiz xanın Yasası 

“Londonun gözü”nə (“London eye”) metronun “Westminster” stansiyası ilə gəlmək olar. Düzü, fikirləşirdim ki, neçə günün yorğunluğunu bir qədər adrenalinlə çıxararam. Dedim, fırlanan nəhəng əyləncə çarxında başgicəlləndirən hündürlük həyəcanlı olar. Amma o qədər yavaş fırlanırmış ki, qorxu-filan duymadım. Növbəyə uzun zaman sərf etməyə dəyərdimi, bilmirəm. Hər halda yaxşı fotolar çəkdik.

Adama deyərlər, sənə həyəcan-adrenalin lazımdı? Onda buyur, “Qarıneşən Cek Muzeyi”nə (“Jack the Ripper Museum”). Metronun “Tower Hill” stansiyasında düş, Keybl-strit 12 ünvanına, sonralar saysız bədii əsərə, filmə personaj olacaq qorxunc qatilin muzeyinə gəl.

Burada adamı vahimə bürüyür. Öldürdüyü qadınların fotoları, işgəncə və qətl alətləri, qurbanın saxlandığı otaq xüsusi səs fonunda xof yaradır.

“Qarıneşən Cek” 1888-ci ildə silsilə qətllər törədən, London sakinlərini vahimədə saxlayan, polisin tapa bilmədiyi naməlum manyaka verilən şərti addı. Qatil polisə göndərdiyi məktubları Cek adıyla imzalayırmış. İlk dəfə bu ada Boris Akuninin “Dekorator” povestində rastlamışam.

Ceki qoyaq tarixdə qalsın, yolumuza davam edək.

“Londonun gözü”ndən düşüb “Vestminster körpüsü”nə sarı gedirik. Bir az təlaşlıyam. Buranı tez keçmək istəyirəm. Şəkil çəkdirməyə də hövsələm çatmır. Üç ay qabaq bir terrorçu bu körpüdə adamların üstünə maşın sürmüşdü, beş nəfəri öldürmüş, əllidən çoxunu yaralamışdı. Belə görürəm, narahatlıq keçirən tək mənəm, izdiham öz kefindədi - körpü o qanlı günü “unudub”.

Körpünü keçən kimi məşhur “Big Ben” saatı olan qülləyə çatırsan. Təmirə bağlandığı üçün biz ora çıxa bilmədik. Yolunuz düşsə, açıq olsa, tənbəllik eləməyin, qalxın.

Ölkənin parlamenti elə burada - “Vestminster sarayı”nda yerləşir. Britaniya parlamenti dünyada parlamentarizmin inkişafına ciddi tövfələr verib. Qədim tarixi var.

Böyük Azadlıqlar Xartiyası hələ 1215-ci ildə qəbul olunub. Daha çox “Maqna Karta” adıyla tanınır. Kral Con ingilis baronlarının təzyiqi altında imzalayıb onu. Xartiyaya əsasən zadəganların razılığı olmadan kral hər hansı siyasi, iqtisadi qərarlar qəbul edə bilməz.

Maraqlıdı, bu sənəd dünyada insan hüquq və azadlıqlarının ilk aktı hesab olunur. Amma nədənsə unudulur ki, “Maqna Karta”dan 9 il əvvəl 1206-cı ildə sosial mənşəyindən asılı olmayaraq insanların bərabərliyi, hüquq və azadlıqları kimi bəşəri dəyərlər Çingiz xanın Yasasında - qanunlar toplusunda öz əksini tapmışdı. Onun yaratdığı Böyük Məclisdə - monqol-uyğur zadəganlarının iştirakı ilə keçirilən ümumxalq Qurultayında qəbul edilən Yasaya (müasir konstitusiyanın analoqu) sonrakı əsrlərdə sələfləri də əməl edir.

Daha maraqlısı odur ki, kral Condan fərqli olaraq, Çingiz xan bu hüquq və azadlıqları təhdid altında yox, təbəələrinə özü könüllü vermişdi.

(Ardı var)

 





25.09.2017    çap et  çap et