525.Az

“İqtisadi maarifləndirmə” proqramı fəaliyyətə başladı


 

“İqtisadi maarifləndirmə” proqramı fəaliyyətə başladı<b style="color:red"></b>

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Iqtisadi maarifləndirmə" proqramı çərçivəsində Şamaxı, Quba və Xaçmaz rayonlarında mühazirələr təşkil edib.

Rayonların Heydər Əliyev Mərkəzlərində keçirilən mühazirələr Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin mahiyyətinin əhaliyə çatdırılması məqsədi ilə təşkil olunub.

Şamaxıda İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, fəlsəfə doktoru, iqtisadçı ekspert Vüqar Bayramovun, Qubada Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədovun, Xaçmazda həmin universitetin Nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri, professor Ümidvar Əliyevin "Heydər Əliyevin müəllifi olduğu enerji siyasəti uğurla davam etdirilir" mövzusunda söylədikləri mühazirələr iştirakçıların böyük marağına səbəb olub.

Natiqlər sentyabrın 14-ü Sazişin imzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışına diqqət çəkərək, ölkə başçısının “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması hadisəsinə böyük önəm verdiyini bildiriblər.

Mühazirəçilər Prezidentin mərasimdəki geniş çıxışına istinad edərək qeyd ediblər ki, Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

Bununla da Azərbaycanın gələcək inkişafı, maliyyə imkanları genişlənəcək, iqtisadi qüdrəti daha da artacaqdır.

Saziş Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri tərəfindən imzalanıb.

Hasilatın Pay Bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Növbəti 32 il müddətində “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var. Bu Sazişin ardınca SOCAR və tərəfdaşları arasında “Azəri-Çıraq-Günəşli” müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin aparılması haqqında razılaşma əldə olunub.

Bilik Fondunun mühazirəçiləri auditoriyasının çoxsaylı suallarını cavablandırıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.

 





25.09.2017    çap et  çap et