525.Az

Doğma qəzetin 25 yaşı - hamımızın bayramı!


 

Doğma qəzetin 25 yaşı - <b style="color:red">hamımızın bayramı!</b>

“525-ci qəzet”in 25 yaşı olur” cümləsindəki həqiqət, açığını deyim ki, mənə bir qədər qeyri-adi təsir bağışlayır. Çünki mənim aləmimdə və yəqin, bu qəzetin əksər daimi oxucularının nəzərində “525-ci qəzet” öz gerçək yaşının hüdudlarını çoxdan aşan, fəaliyyət tarixçəsi bundan çox-çox uzun zamanı əhatə edən, olduqca sanballı bir mətbu orqandır. Ancaq son 25 illik dövrün zəngin ictimai-siyasi və mədəni mənzərəsini, milli mətbuat sahəsindəki mürəkkəb prosesləri, dalğalanmaları göz önünə gətirəndə bir qəzet üçün əsrin dörddə biri də qətiyyən az deyil, kifayət qədər geniş müddətdir.

Yarandığı ilk gündən həm mətbuat meydanında, həm də ümumən ictimai həyatda özünəməxsus yol tutan, hər baxımdan mütərəqqi mövqedə dayanan “525-ci qəzet”, təbii ki, bu müddət ərzində tam rahat, rəvan bir yol keçməyib, çeşidli sınaqlarla, çətinliklərlə də üzləşib. Ancaq qəzetin bacarıqlı, peşəkar rəhbərliyinin, çalışqan, fədakar kollektivinin inadlı fəaliyyəti nəticəsində “525” həmin sınaqlardan uğurla çıxaraq, çətinlikləri dəf edərək bu əlamətdar yaşına, indiki mötəbər məqamına yetişib.

“525-ci qəzet” ilk növbədə zəngin məlumat qaynağı, ciddi və dürüst informasiya mənbəyidir. Azərbaycanda, eləcə də yaxın və uzaq xaricdə baş verən hadisələr, cərəyan edən proseslər, ədəbiyyatımızda, mədəniyyətimizdə baş verən yeniliklər “525-ci qəzet”in səhifələrində özünün geniş, hərtərəfli təqdimatını tapır. Eyni zamanda, bu qəzetin az qala hər nömrəsi, xüsusən də məşhur şənbə sayları tariximizə, ədəbi-mədəni həyatımıza aid maraqlı materiallardan ibarət, ruh oxşayan, zehin açan mütaliə çələngi sayıla bilər.

Müxtəlif nəsilləri təmsil edən, fərqli düşüncə tərzinə və dünyagörüşə sahib olan çox sayda insan bu qəzetin oxucuları və müəllifləri olaraq bir araya gəlir, eyni məhvərdə - “525” orbitində cəmləşirlər. Təsadüfi deyil ki, Azərbaycanın və türk dünyasının seçkin ziyalıları, görkəmli alim və ədibləri, söz-sənət vurğunları “525-ci qəzet”i mətbuatda millilik və dünyəviliyin, elitarlıq və intellektuallığın yüksək təzahürü kimi dəyərləndirirlər. Sözsüz ki, bütün bu parlaq nəticələr qəzetin baş redaktoru, dəyərli dostum Rəşad Məcid öndə olmaqla, bütün “525”çilərin nailiyyətidir. Deməli, bu doğma qəzetin 25 illiyi də ilk növbədə onların bayramı, uğurlarının təntənəsidir. Ancaq qəzetin daimi oxucularından, eləcə də sıravi müəlliflərindən biri olaraq, mən bu 25 ilin tamamını həm də şəxsən öz bayramım kimi qəbul və qeyd edirəm.

“525-ci qəzet” milli mətbuat, ictimai fikir, ədəbiyyat və mədəniyyət tariximizdə öz layiqli yerinə çoxdan yüksəlib. Bu baxımdan, onun 25 illik yubileyini, bir millət olaraq, hamımızın bayramı adlandırsam, yəqin ki, heç də mübaliğəli səslənməz.

Odur ki, hər birimiz üçün əziz, doğma olan “525”in 25 yaşını ürəkdən təbrik edirəm! Bu sevindirici yubileyin xeyirli-uğurlu olmasını diləyir, qəzetin yaradıcı kollektivinə yeni-yeni parlaq nailiyyətlər arzulayıram!

Novruz NOVRUZOV
Şabran rayon İcra Hakimiyyətinin başçısı

 





25.09.2017    çap et  çap et