525.Az

“525”in 25-i - Sona Vəliyeva yazır


 

“525”in 25-i - <b style="color:red">Sona Vəliyeva yazır</b>

“525-ci qəzet”in qarşıdan gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilir.
 
Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alacaq.

Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə də dərc olunacaq.

Geridə qoyduğumuz ildə “Kaspi” qəzeti olaraq 135 illik yubileyimizi keçirəndə, bu qəzetə 135 ilin ötəsindən baxanda bu mətbu orqanın tarixiliyi, keçmişimizə söykəkliyi, vaxta dayaqlığı bizlərə bir daha media nümayəndəsi, vətəndaş kimi qürur verdi. Aradan sovuşan illərə görə çox vaxt heyfislənirik, belədə ömrün faniliyi, vaxtla birgə ərimək hardasa kədərləndirir bizi, ancaq o illərin bağışladığı təcrübə, gücümüzə güc qatan zəka yatırı, zənginləşən fikir, tərcümeyi-hal, ən əsası millətə qazandırdıqlarımız qurban verdiyimiz ömrümüzün xiffətini ürəyimizdən sıyırmağa bəs edir - ləyaqətlə görülən işlərin alın açıqlığı, könül xoşluğu ötən illərdən də artıq ömür calayır ömrümüzə.

“525-ci qəzet”in bu il 25 yaşı tamam olur, müstəqilliyimizlə yanaşı yol gələn, onun zaman-zaman ifadəçisinə çevrilən bu qəzet mətbuat tariximizdə özəl yeri olan, öz nəfəsi duyulan bir mətbu ünvandır.

Qəzetin 25 ildəki fəaliyyəti bir mətbu orqan kimi gözümüzün qarşısında keçib. Bu gün - azad medianın inkişaf dövründə, mətbuatın uğur həddinin indiki sərhədinə yetişməsində bu qəzetin də müstəsna rolu var. Peşəkar jurnalist kollektivi, redaktor heyəti ilə diqqət çəkən bu qəzet püxtə kadrların, səriştəli, işini bilən qələm adamlarının yetişməsində də az rol oynamayıb. Bu gün imzası möhkəmlənmiş, adı rəğbət doğuran neçə-neçə jurnalistin, redaktorun, ədəbi gəncliyin ilk soraqları “525-ci qəzet”dən gəlib. Gəncliyə meydan vermək, təcrübə sınaqlarına dözümlülük sarıdan bu qəzetin mətbuatımızda rolu danılmazdır və nə yaxşı ki, qiymətqananlar, keçmişin mübarəkliyini, əzizliyini unutmayanlar, gəldiyi yola hörmət qoymağı bacaran fikir adamları, jurnalistlər həmin qəzetdə keçdikləri yolu, qazandıqları uğurları və iş həyatı boyunca onlara əldənalınmaz xəzinəyə çevrilmiş təcrübəni zaman-zaman xatırlayırlar. Böyük Füzuli deyirdi ki:

 

İlahi bir feyzdən xəznədir söz,

Tükənməz, sərf qıldıqca dəmadəm.

Məcazi şahların gənci deyil bu

Ki, bir həbbə götürdükdə ola kəm.

 

Yəni söz elə bir xəzinədir ki, sərf elədikcə, xərclədikcə (təcrübə qazandıqca) azalmaq əvəzinə artır, yatırdakı qızıldan birini götürsən azalar, ancaq söz xəzinəsindən yararlandıqca saysızlaşır. Mətbuat da belədir. Çox çalışdıqca güc azalmır, əksinə artır, adi bilgilər təcrübəyə çevrilir, nəticədə qələm məşqləri zamanla örnək yazıların yaranmasına səbəb olur. “525-ci qəzet” məhz peşəkar kadrlar yetişdirməklə də mətbuat xəzinəmizi zənginləşdirmişdir.

“525-ci qəzet” seçilən format, dizayn ilə də 2000-ci illərin əvvəllərindən zövq aşılamağı, fərqliliyə qapı açmağın üsullarını göstərməyi özünə yol seçdi, qəzetin bu gün elektron variantının çevikliyi də məhz həmin yeniliklərin çalarları kimi diqqətdən yayınmır. Adilikləri guya ənənəyə çevirib axarsız su kimi bir yerdə lilənməkdənsə, hər vəchlə yeniliyə can atmaq, zamana uyğunlaşa bilmək, çağdaşlıqla yanaşı olmaq müasir mediamızın ehtiyac duyduğu məsələlərdəndir və mətbuat tariximizə nəzər salanda, bu gün məktəb saydığımız qəzet və jurnalların öz zamanında çağdaşlıqla, dövrlə ayaqlaşması faktı, nümunəsi diqqətimizdən yayınmır.

“525-ci qəzet” həm də humanitar düşüncəmizin, bədii zövqümüzün yetkinləşməsində rol oynayıb və bu ağır yükə çiynini hələ əl-ələ çatmayan, bugünkü sayt-qəzet bolluğu olmayan vaxtlarda verib. Qəzetin Ədəbiyyat əlavəsində həmişə çağdaş dövrün ziyalı heyətinin, zövq formalaşdıranların, usta qələm adamların yazıları dərc olunub. Ziyalıların “525-ci qəzet”ə canatımı, bu qəzeti nəşr ünvanına çevirmələri digər qəzetlərə də örnək olub. Neçə-neçə romanlar, araşdırmalar, silsilə məqalələr hələ kitablaşmamış bu qəzetin səhifələrindən mütaliə edilib, ilk oxucularını tapıb. Kitab nəşrinin indiki həddə, sayda olmadığı vaxtlarda, hər yetənin kitab nəşr etdirmədiyi dönəmdə qəzet sonralar kitablaşacaq əsərləri vaxtında dərc edərək oxucuların zövqündə boşluq yaranmasının qarşısını alıb.

“525-ci qəzet”in sonralar oxucularına ünvanladığı “525-ci kitab” seriyası da məhz ədəbiyyatımıza olan marağın ifadəsidir. Qəzetlə birgə oxucuların ünvanına yollanılan bu seriya nəşrlər müəllif və əsər seçiminə görə də diqqət çəkirdi. Mişel Uelbek, Söhrab Sipehri, Boris Pasternak, Anar, Elçin, Afaq Məsud, Çingiz Abdullayev, Qismət, Aysel Əlizadə və başqalarının bu seriyadan işıq üzü görən kitabları ədəbiyyata dəyərli xidmət kimi xatırlanmaqdadır.

Yaxşı xatırlayıram ki, “525-ci qəzet”in Ədəbiyyat əlavəsində seçilən imzalarla yanaşı, hələ ilk kövrək addımlarını atan gənclərimizə də oxucuları ilə görüşmək imkanı qazandırılıb. Birinci və İkinci Gənc Ədiblər Məktəbinin üzvlərinin ilk qələm məşqləri, diqqətçəkən yazıları, məqalələri və şeirləri məhz “525-ci qəzet”də nəşr olunub. Ciddi bir mətbu orqanda dərc olunmaq isə müasir ədəbi gəncliyə verilən şans deməkdir.

“525-ci qəzet” müstəqillik dövrü mediasında öz dəsti-xətti ilə seçilən, jurnalistika peşəsinə peşəkarlığın, sənət sevgisinin ucalığından baxan bir qəzetdir. Müstəqil Azərbaycanın dövlət siyasətinə, dövlətçiliyimizin inkişafına media orqanı kimi bu qəzet də xidmətlər göstərib. Ulu Öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin rəhbər tutduqları demokratik prinsiplər, söz azadlığı üçün yaradılan şərait, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi yönündəki islahatları “525-ci qəzet”in bugünkü səviyyəyə çatmasına səbəb olub. Çünki müstəqil media, azad söz olmadan mətbuatımız bu qədər peşəkar ola bilməzdi. Dövlətçilik yolunu tutması, xalqa xidmətə istiqamətlənməsinin nəticəsidir ki, “525-ci qəzet” bir çox qəzetlərin uzun illərə əldə etdiyi inkişaf pilləsinə daha tez yetişə bildi. Xalqa xidmət, dövlətə sədaqət ucalığa aparan işıqlı yoldur.

Qəzetin təsisçisi, hazırda həm də baş redaktoru olan Rəşad Məcid bu illər ərzində “525-ci qəzet”in uğurlu fəaliyyətinə, sözün həqiqi mənasında, ömrünü həsr edib. Öz sahəsində saç ağardan, media kapitanlarından birinə çevrilən, istedada, səriştəyə, zəhmətə qiymət verməyi bacaran, zamanı duyan R.Məcid müstəqillik dövrü mətbuatının inkişafında xidmətləri olan şəxslərdəndir. O, mətbuat sahəsinə cavan yaşlarında atılsa da, daim ağsaqqallarla, sahələrinə ömür həsr edənlərlə bir cərgədə durmağı, öyrənməyi və tətbiq etməyi bacaran biri kimi tanınır. Təbii ki, “525-ci qəzet”in inkişaf rolunda yürüməsi, indiki səviyyəyə çatması təkcə onun əməyinin bəhrəsi deyil, bu yolda onun çiyindaşları, əqidədaşları, sözün rəmzi mənasında silahdaşları da böyük rol oynamış, bu il 25 yaşını təbrik etdiyimiz qəzetə ömürlərinin böyük bir hissəsini bağışlamışlar.

“525-ci qəzet” həm də ardıcıllığı, çətinliklər qarşısında sınmaması ilə də seçilən qəzetdir. Çünki bu qəzet kağız qıtlığı, mətbəə bahaçılığı, mətbuatın ağır vaxtlar keçirdiyi dönəmlərdə də, bu gün dövlətimizin, dövlət başçımızın mətbuatımıza hər cür köməklik göstərdiyi vaxtda da ardıcıl nəşr olundu və oxucularının gözünü yolda qoymadı. Elektron medianın nəşrləri üstələdiyi dönəmlərdə də bu qəzet oxucularını itirmədi, ardıcıllığından qalmadı, aparıcı olmağı bacardı.

“525-ci qəzet”in təqdir etdiyimiz prinsipiallığından biri də klassiklərimiz zaman-zaman atılan böhtanlara vaxtında layiqincə cavab verməsi, klassik irsimizə hörmət qoyulmasını bir meyar kimi göstərməsi yolundakı əzmkarlığıdır. Vaxt-bivaxt böyük söz sənətkarlarımıza, əsərlərinin ziyası ilə boya-başa çatdığımız uca şəxsiyyətlərə qarşı iftiralar püskürüləndə, riyalar yağdırılanda bu qəzet səhifələrini sipər etməyi bacarıb. Bu, qətiyyən alternativ fikrə dözümsüzlük, birağızlılıq deyildi, haqqı ədalət naminə müdafiə etmək, bir missiya idi. Xalqımızın dəyərlərini gündəmə gəlmək, şöhrət qazanmaq üçün vasitəyə çevirənlərə qarşı qəzetin barışmazlığı, vətəndaş mövqeyi alqışa layiqdir.

25 il yaşamış bir insan haqqında düşünürük və eyniləşdirməmizi də məhz bu kontekstdə aparırıq - 25 il yaşamış bir gənc ilk baxışdan hələ həyatın bərkinə-boşuna düşməmiş, üzündə gənclik təravəti əskilməmiş, arzulu günləri irəlidə olan bir kəsdir, eyni zamanda o, artıq ömrünün öyrənməli, bilginləşməli dövrünün xeyli hissəsini geridə qoyub - bağça, məktəb, bakalavr, magistr, hərbi xidmət yolu keçib. Keçdiyi bu yol, öyrəndikləri bütün ömrü boyu onunla olacaq. “525-ci” qəzet də müəyyən bir yol keçib, öyrənə-öyrənə, öyrədə-öyrədə... Artıq “525-ci qəzet” öyrəndikləri ilə cavan, öyrətdikləri ilə qocaman bir qəzetdir... Dünənə çevrilib baxsaq qocamandır, tarixin zirvəsindən nəzər salsaq, yaxud mətbuatımızın yaşından boylansaq cavandır...  Mən də “525-ci qəzet”ə hər yaşda ədalətli və bənzərsiz olmağı arzulayıram!

 

 





25.09.2017    çap et  çap et