525.Az

Almaniyada Bundestaq seçkiləri: partiyaların nəticələri və xarici siyasətə dair mövqeləri


 

Almaniyada Bundestaq seçkiləri: <b style="color:red">partiyaların nəticələri və xarici siyasətə dair mövqeləri</b>

Sentyabrın 24-də Almaniyada Bundestaqa seçkilər keçirildi. 19-cu dəfə keçirilən bu seçkilərdə ümumilikdə 48 partiyanın iştirakına icazə verilsə də, sonrakı proseslərdə bunlardan 6-sı iştirakdan imtina etmiş, yerdə qalan 42 partiyadan 34-ü seçkilərdə proporsional, 8-i isə yalnız majoritar qaydada iştirak edəcəklərini təsdiqləmişdir.

Seçkilərdə iştirak edən partiya və koalisiyaların nəticələri, seçkilərdən sonra formalaşacaq hökumətlə bağlı ilkin proqnoz, eləcə də onların xarici siyasət kursunun analizi xüsusi maraq kəsb edir.

Seçki nəticələrinə əsasən partiyaların vəziyyəti və yeni hökumətin formalaşması ehtimalı

Seçkilərdən öncə ölkə üzrə aparılan sosioloji sorğuların nəticələrinə əsasən, Angela Merkelin kansler namizədi olduğu İttifaq Partiyaları (CDU/CSU) 37-38% seçici səsi ilə digər partiyalarla müqayisədə üstünlüyünü qoruyub saxlayırdı. Nəticədə, CDU/CSU ikinci ən çox səs toplamalı olan Sosial-Demokratlar Partiyasından (SPD) təxminən 14% səs nisbəti ilə irəlidə olmaqla Almaniyada aparıcı siyasi gücü təmsil edirdi.

2015-ci ilin payızından Avropanı bürüyən miqrant böhranının Almaniyada da geniş vüsət alması ölkənin siyasi iqliminə mənfi təsir göstərdi. Nəticədə, bu müddətdə müəyyən sağ təmayüllü partiyalar, xüsusilə də seçkilərdə iştirakını təsdiqləmiş Almaniya üçün Alternativ Partiyası (AfD) əhəmiyyətli dərəcədə seçici səsi toplaya və Bundestaqa seçilmək üçün zəruri olan 5%-lik səddi aşa bildi. Xristian-Demokratlar İttifaqının (CDU) sədri A.Merkelin yenidən Federal Kansler postuna namizəd olma istəyini bildirməsi ilə İttifaq Partiyaları (CDU/CSU) 2016-cı ilin sonundan sorğularda məruz qaldığı dərin geriləmədən birmənalı olaraq qurtula bilmişdir. Keçirilən səsvermənin nəticələrinə əsasən, 32.8% səs toplayan İttifaq Partiyaları yenidən seçkilərin qalibi oldu və beləliklə, 2005-ci ildən Federal Kansler vəzifəsini icra edən 62 yaşlı hökumət başçısı yenidən bu vəzifəyə seçilmə şansı əldə etdi.

Sosial-Demokratlar Partiyasının (SPD) qarşıdan gələn seçkilərdə qazanacağı səs sorğulara əsasən təxminən 23-24% təşkil edirdi. Seçkilərdə isə onlar 20.4% səs qazandılar. Partiyanın lider namizədi Martin Şultsun kansler olma şansı çox zəifdir. Seçkilərdən sonra SPD-nin kansler namizədinin böyük ehtimalla iki seçimi olacaq: 1) SPD-nin yeni Böyük Koalisiyada (2013-cü ildən CDU/CSU-SPD) tərəfdaş olacağı halda, hər-hansı bir nazir və ya ən yaxşı halda vitse-prezident postuna təyin olunmaq; 2) Qara-sarı koalisiyasının (İttifaq Partiyaları-Azad Demokratlar Partiyası) qurulacağı təqdirdə müxalifətin başçısı olmaq.

Yeri gəlmişkən, siyasi mövqeyinə görə Sosial-Demokratların daha çox sol qanadına aid edilən M.Şultsun 2012-2017-ci illərdə Avropa Parlamentinin (AP) Prezidenti olduğu dövrdə Azərbaycanla AP arasında əlaqələr bir xeyli gərginləşmişdi. Belə ki, 2014-cü ilin sentyabr və 2015-ci ilin iyun aylarında Azərbaycanla bağlı keçirilən qərəzli dinləmələrin təşəbbüskarlarından biri məhz M.Şults olmuşdur. Lakin o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində meydana gələn sayı 1 milyondan çox azərbaycanlı qaçqınların hüquqlarının Ermənistan tərəfindən pozulması məsələsinə analoji surətdə toxunmamışdır.

Siyasi spektrdə birmənalı olaraq sağçı-populizmə / radikal sağa aid edilən Almaniya üçün Alternativ (AfD) Partiyasının nüfuzu və sorğularda səs göstəricisi 2015-2016-cı illərdə qaçqın böhranının şiddətlənməsi ilə əlaqədar olaraq bir xeyli artmışdı. Almaniyaya qaçqın axınının nisbətən zəifləməsi, partiyadaxili münaqişələr, eləcə də SPD-də "Şults-effekti” nəticəsində partiyanın bu günə olan səs faizi göstəricisi sorğulara əsasən 9-11%-ə düşmüşdür. Belə olan halda, AfD ilk dəfə olaraq Bundestaqda təmsil olunma hüququ qazanacaqdı.

AfD seçkilərə iki lider namizədin başçılığı altında qatıldı: Alise Vaydel və 1973-2013-cü illərdə Xristian-Demokratlar İttifaqının (CDU) üzvü olmuş Aleksander Qauland.

Seçkilərin sonunda AfD 13.0% səslə üçüncü oldu və bu Almaniya üçün olduqca yüksək göstərici hesab olunmalıdır.

Azad-Demokratlar Partiyası (FDP) 2013-cü il seçkilərində 5%-lik səddi keçə bilmədi və tarixdə ilk dəfə Bundestaqdan kənarda qaldı, lakin builki sorğuların nəticələrinə görə, partiya növbəti dəfə 9-9,5% səslə Bundestaqa seçiləcəkdi Lider 38 yaşlı Kristian Lindnerin rəhbərliyi altında partiya 2017-ci ildə Şimali Reyn-Vestfaliya Əyalət Parlamentinə keçirilən seçkilərdə partiyanın tarixində ən yüksək səsi (12,6%) toplamışdı. Budəfəki seçkilərdə isə partiya 10.7% səslə dördüncü oldu.

Bundestaqa seçilmə ehtimalı yüksək olan digər partiyalardan Solçular Partiyasının səsi son sorğuların nəticələrinə görə 9-11% təşkil edirdi. Beləliklə, partiyanın 2013-cü il seçkilərində əldə etdiyi nəticəyə (8,6%) yaxın səs toplayacağı gözlənilirdi. Partiya seçkilərə Ditmar Bartş və Sahra Vaqenknextdən ibarət olan, partiyanın hər iki qanadını təmsil edən lider namizədlər cütlüyü ilə qoşulmuşdu. Bartş və Vaqenknext eyni zamanda partiyanın Bundestaq fraksiyasının həmsədrləridir. Vaqenknext partiyanın sol qanadı təmsil edir, Bartş isə daha çox islahatçı-solçu və qırmızı-qırmızı-yaşıl koalisiyasının (SPD-Solçular-Yaşıllar) tərəfdarı kimi tanınır. Seçkilərin sonunda Solçular 9.1% səslə beşinci oldular.

Yaşıllar Partiyasının (90 Alyansı/Yaşıllar) səs faizi nisbətində 2013-cü il Bundestaq seçkiləri ilə müqayisədə cüzi geriləmə müşahidə olunsa da, proqnozlara əsasən partiya 7-8% faiz səslə Bundestaqda təmsil olunma hüququnu əldə edəcəkdi. Yaşıllar Partiyası da seçkilərə Katrin Qörinq-Ekardt və türk əsilli Cem Özdəmirdən ibarət olan namizədlər cütlüyü ilə qatılır. Partiyanın mühafizəkar qolunu təmsil edən Qörinq-Ekardt solçuların əsas müddəalarına tənqidi yanaşması ilə tanınır və qara-yaşıl koalisiyası (İttifaq Partiyaları-Yaşıllar) qurulacağı halda, buna tərəfdar olması gözlənilir.

Partiyanın digər lider namizədi olan türk-çərkəz əsilli C.Özdəmir 90 Alyansı/Yaşıllar Partiyasının Almaniya üzrə sədridir. Eynilə tərəfdaşı kimi mühafizəkar hesab olunan C.Özdəmir Solçular Partiyası ilə qurulacaq mümkün koalisiyanın əleyhinədir. Bir qayda olaraq, hazırkı Türkiyə hökumətinə qarşı sərt tənqidi mövqeyi ilə də tanınan Özdəmir, dəfələrlə qondarma "erməni soyqırımı"nın da tanınmasını dəstəkləmişdir. Belə ki o, Bundestaq tərəfindən 2016-cı ildə qəbul edilən və 1915-ci ildə baş vermiş hadisələri birmənalı olaraq soyqırımı adlandıran qətnamənin əsas müəlliflərindən biri hesab olunur. Əlavə olaraq, C.Özdəmir dəfələrlə Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Ermənistanın Rusiyanın əlaltısına çevrilməsinin qarşısını alacağı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət töhfə verəcəyi fikrini səsləndirmişdir. Seçkilərin sonunda Yaşıllar 9.0% səslə altıncı oldular.

Seçkilərdən sonra Federal Hökuməti formalaşdırmaq üçün tələb olunan mütləq çoxluq tək bir partiya tərəfindən əldə edilmədi. Bu səbəbdən, yenidən koalisiya hökuməti qurulacaq. Hal-hazırda İttifaq Partiyalarının (CDU/CSU) və SPD-nin 2013-cü ildən Angela Merkelin liderliyi altında hakimiyyətdə olan Böyük Koalisiyanı (CDU/CSU-SPD) davam etdirəcəkləri ən real variant kimi göstərilir (proqnozlara əsasən 53.2% çoxluq).

Eyni zamanda, indiyə qədər Bundestaqda bunun baş vermədiyinə baxmayaraq, çoxluğu əldə etmə ehtimalı böyük olduğuna görə (proqnozlara əsasən 52.5%) "Yamayka koalisiyasının'' (CDU/CSU-FDP-Yaşıllar) qurula biləcəyi də istisna edilmir. Aparıcı partiyalar arasında qeyd edilənlərdən başqa digər koalisiyaların qurulması həm riyazi (çoxluğun əldə edilməsi ehtimalının zəif olması), həm də partiyaların siyasi mövqelərinin uzlaşmaması səbəbindən elə də inandırıcı görünmür.

Partiya və koalisiyaların xarici siyasət kursları

Bundestaq seçkilərinə hazırlıq mərhələsində partiyaların mühüm daxili və xarici siyasət məsələlərilə bağlı mövqeləri bir qayda olaraq partiyaların seçki proqramlarında və seçki kampaniyası çərçivəsində öz əksini tapır. Bu mənada, hal-hazırda hakimiyyətdə olan və Böyük Koalisiyanı təşkil edən CDU/CSU və SPD partiyalarının mövqeyi daha əhəmiyyətlidir.

Xarici siyasət məsələləri ilə bağlı partiyaların istinad etdiyi əsas mövzulardan biri Türkiyə ilə olan münasibətlərdir. CDU, əsas hakim partiya olaraq, Türkiyənin Aİ-yə üzv olaraq qəbul edilməsinə birbaşa olaraq qarşı çıxır, bununla belə, diplomatik danışıqların tamamilə dayandırılmasının tərəfdarı deyil. Belə ki, A.Merkel və M.Şults arasında 3 sentyabr 2017-ci ildə keçirilən televiziya debatında Merkel qeyd edir ki, Türkiyəyə qarşı iqtisadi təzyiqlərin tətbiqi hazırkı status-kvo üçün daha optimal variantdır. Bunlara o, Türkiyəyə müəyyən kreditlərin verilməsinin dayandırılması, ölkənin Aİ-Gömrük Birliyinə üzvlüyü ilə bağlı danışıqlara son verilməsi kimi məsələləri aid edir.

SPD seçki kampaniyası çərçivəsində Türkiyə ilə münasibətlərdə daha sərt mövqe nümayiş etdirir. Belə ki, partiyanın kansler namizədi M.Şults kansler seçiləcəyi təqdirdə Türkiyənin Aİ-yə qəbul edilməsi ilə bağlı danışıqlara xitam verəcəyini bildirmişdir. M.Şults Almaniya vətəndaşlarının Türkiyədə həbs edilməsini qəti pisləyərək Aİ-yə qəbulla bağlı danışıqlar prosesi çərçivəsində Türkiyəyə edilən maliyyə yardımlarına son vermənin vacibliyini qeyd edir.

Digər xarici siyasət məsələləri ilə bağlı da lider partiyaların mövqeləri maraq doğurur. Belə ki, A.Merkel yuxarıda sözügedən televiziya debatında Almaniya ilə ABŞ arasında hal-hazırda böyük fərqlərin olmasına baxmayaraq, əməkdaşlığın zəruri olduğunu qeyd etmişdir. İttifaq Partiyalarının (CDU/CSU) partiya proqramında da qeyd edilir ki, Almaniyanın sülhü təmin edən fövqəldövlət olaraq ABŞ-la əməkdaşlığa böyük ehtiyacı var və ABŞ-ın güclü olması Almaniya üçün təhlükəsizlik siyasəti kontekstində çox vacibdir.

CDU əsas hakim partiya olaraq Rusiya ilə münasibətlərin hazırkı vəziyyətindən razı olmasa da, partiya üçün ikitərəfli dialoqu gücləndirmək mühüm əhəmiyyət daşıyır. Partiya proqramında Rusiya, Ukrayna məsələsində 2015-ci ildə imzalanan Minsk sazişinin şərtlərinə əməl etməyə çağırılır. Sənəddə eyni zamanda NATO və Aİ çərçivəsində birgə fəaliyyətin Almaniyanın xarici və təhlükəsizlik siyasətinin özülünü təşkil etdiyi, bu səbəbdən Almaniyanın bu ittifaqlarda etibarlı tərəfdaş olaraq qalmalı olduğu vurğulanır.

SPD digər siyasi məsələlərdə olduğu kimi, ABŞ-la əlaqələrdə İttifaq Partiyaları (CDU/CSU) ilə müqayisədə daha sərt kursun tərəfdarıdır. Yuxarıda sözügedən televiziya debatında M.Şults beynəlxalq münaqişələrin həll edilməsində ABŞ Prezidenti timsalında Trampın doğru tərəfdaş olmadığını, bunun üçün digər demokratik dövlətlər və ABŞ hökumətində təmsil olunan daha etibarlı tərəfdaşlarla əlaqələrin gücləndirilməsinin daha vacib olduğunu qeyd edir.

Ümumilikdə SPD Almaniyanın təhlükəsizlik və sülh siyasətinin yenidən gözdən keçirilməsinin, silah ixracının və artıq müdafiə xərclərinin azaldılmasının, eyni zamanda, silahlanmaya nəzarətin gücləndirilməsinin tərəfdarıdır. SPD-nin partiya proqramında Almaniyanın NATO və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində beynəlxalq hərbi fəaliyyətinin tutarlı siyasi konsepsiyaya əsaslanaraq həyata keçirilməli olduğu qeyd edilir.

Bir qayda olaraq, SPD Rusiya ilə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır. Bununla belə, partiya öz seçki proqramında Rusiyanın Avropanın təhlükəsizlik sistemini zədələdiyini iddia edir, lakin Avropada sülh və təhlükəsizliyin yalnız Rusiyanın iştirakı ilə mümkün olacağını, bunun üçün Rusiya ilə qarşılıqlı dialoqun bərpa olunmasını dəstəkləyir.

Newtimes.az

 





26.09.2017    çap et  çap et