525.Az

Next-özgə millət


 

Next-özgə millət<b style="color:red"></b>

Yusif Həsənbəyin “Azərbaycan” jurnalının 12-ci nömrəsində (2012-ci il) çap olunmuş növbəti romanı belə adlanır.

... 1988-ci ildə Yusifin “Kommunist” qazetində çap etdirdiyi “Ellərin Kür məhəbbəti” adlı şeirini xatırladım. Ciddi fəlsəfi və sosial səpkili bu şeirdə təbiətin bu dilbər guşəsinin insan qayğısına ehtiyacı olduğu göstərilirdi. Doğrudan da o zamanlar Kür çayı tez-tez məcrasından çıxır, çirkab sularının toplandığı bataqlıqlar antisanitariya ocaqlarına çevrilirdi. Qonşu dövlətlərin ərazilərində fəaliyyət göstərən qurğuşun, nikel zavodlarının kimyəvi tullantıları Kürün sularını zəhərə döndərirdi.

Yusif Həsənbəy şair, nasir, dramaturq kimi püxtələşdikcə inkişafın, tərəqqinin ayağından çəkən problemlərə daha dərindən nüfuz edir. Müəllif zəbt olunmuş torpaqların azad olunmasının, qaçqın və köçkünlərin doğma yerlərə qayıtmasının mümkünlüyünü “Next-özgə millət” romanı boyu cərəyan edən hadisələrin fonunda göstərir.

Yusif mənim tələbə yoldaşım idi. Ötən əsrin 50-60-cı illərində V.İ.Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakultəsində təhsil alırdıq. Sevimli yazıçımız, həm də dünya ədəbiyyatının səlis bilicisi İsmayıl Şıxlının rəhbərlik etdiyi “Ədəbi Gənclik” dərnəyinin fəal üzvlərindən biri də Yusif idi.

Mən təbiətən sakit, amma tez-tez öz aləminə qapılan gənc şairin gələcəkdə samballı əsərlər yaradacağına böyük ümid bəsləyirdim. Bu gün o, üslub və mövzu orijinallığı, yazı manerası və dərin müşahidə qabiliyyəti, mahiyyətə fəal nüfuz etmək səriştəsiylə seçilən və sevilən yazıçılarımızdan biridi. Hər bir millətin ucalığına yabançı olan nextlərin – bu üzü dönük, qəlbi pozuq, satqın, nankor, düşük insanların nifrət hədəfinə çevrilməsi yazıçının vətəndaş mövqeyini açıqlayır.

Romandakı hadisələr gərginləşdikcə şəxsi hisslər öz sərhədlərini aşır, ortaya çıxan problemlərin həlli zamanı milləti millət edən şərtlər ön plana çəkilir. Qara dənizdəki “Kompozitor Qara Qarayev” gəmisini fəlakət gözləyir. Ermənilərin Moskvadakı havadarları Moskvadakı Gəmiçilik Nazirliyinin əliylə gəmimizi daşnaklara frakta verməsini planlaşdırıblar. Niyyət baş tutarsa Azərbaycan hökuməti milyonlarla valyutanı itirmiş olar. Vəziyyətdən çıxış yolu kimi gəmi kapitanına Xəzər Dəniz Gəmiçiliyi rəisinin məktubu çatdırılmalıdı. Tərslikdən Qara Dəniz sahillərinə təyyarə uçuşları da ləngidilir. Vəziyyətdən çıxış yolu varmı? Var! Məktub qatarla aparılmalıdı. Lakin Bakı-Moskva yolunun Çeçenistandan keçən hissəsi döyüş əməliyyatlarıyla cəhənnəmi xatırladır. Müəllif qatarı Çeçenistandan keçirməklə  oxucuları, bu millətin vətənpərvər insanları ilə tanış etmək, onları başqalarına görk etmək imkanı qazanır. Bu torpağın qanla yoğrulan hər bir qarışı vulkan kimi püskürür. Çeçen qadınları kişilərindən daha qətiyyətli, daha dönməzdilər. Onlar balalarının torpaq uğrunda qəhrəmancasına həlak olmaları ilə fəxr etməklə kifayətlənmir, hələ bundan sonra dünyaya gətirəcəklərinin də bu mübarizədə qəhrəmanlıqla döyüşəcəklərinə əminlik bildirirlər. Çeçen uşaqları qorxu bilməzdilər. Çeçen xarakterini daha qabarıq göstərmək üçün müəllif emosiyaları coşduran, güclü təsirə malik hadisə və epizodlar qurur. Əsər boyu inandırıcı, real, bədii lövhələrlə qarşılaşdıqca müəllifin  çeçen adət və ənənələrinə bu dərəcədə bələdliliyinə heyran qalırsan.  Qatar ormanlardan, dərin dərələrdən keçərək irəlilədikcə torpaq bütövlüyü ilə mübariz insanların bütövlüyü yeni-yeni boyalarla qabardılır, insanı rəqqətə gətirir. Bir ovuc xalqı ilə bu diyar milli müstəqillik uğrunda vuruşan bütün xalqlar üçün nümunəyə çevrilir. Yalnız çeçenlərin deyil, şəhid olmuş digər xalqların nümayəndələrini də ana torpaq öz doğma övladı kimi ağuşuna alır. Bir qrup çeçen-türk şəhidinin dəfn mərasimində Mədinənin iştirakı,  onun ötkəm, qətiyyətli qərarları rəğbətlə qarşılanır.  Mədinənin dediyinə görə çeçənlər arasında doğma, ögey söhbəti yoxdur. Bütün çeçenlər anabir, atabir sayırlar özlərini. Buradakı əslən türk olan şəhidlər də hamıya doğmadır. Mədinə deyir ki, şəhid partizanlar anadan olduqları bizim Nohurlu aulunda yox, elə bu cəbhə xəttində – elə bu ərazidə çeçen analarının gözü qarşısında basdırılmalıdı. Mədinə general Batay Basmanın arvadıdır. Ana olmağa hazır qadının dünyaya uşaq gətirməsi üçün hər yerdə, hətta xarici ölkələrdə belə istənilən şərait yaradıla bilər. Lakin o, bütün bunlardan imtina edir. “Mən balamı heç Amerikada, heç Məkkədə də yox, Çeçen torpağında dünyaya gətirməliyəm. Mənim körpəm Çeçenistanda doğulmalıdır! İndi bizim səmamızda qurğuşun külləri, dəmir tozları, hər cür tüstü yağları bir-birinə qarışıb. Kislataya çevrilib havamız. Balam ilk nəfəsini bu torpaqda almalıdır. Bu zəhərli hava hopmalıdır balamın ciyərlərinə! Onda hər cür zəhərə qarşı immunitet yaranmalıdır ki, gələcək mübarizələri qələbələrlə başa vursun”. Budur, çeçen qadınlarının öz balalarını gələcək mübarizəyə hazırlamaq yolları. Mədinə yas yerində də xalqı mübarizəyə kökləyir. Şəhid ərinin cənazəsi üstündə qan-yaş tökən gənc qadına deyir ki, ağlamaq, göz yaşı bizə heç nə verməz. İndi boşalan sıraları igidlərlə doldurmaq, dünyaya mümkün qədər çox övlad gətirmək tarixi və şanlı vəzifədir.

Hər bir xalqın ləyaqətli, igid övladları kimi alçaq, rəzil nextləri də olur. Razaq Raquna adlı birisi bir zamanlar qatarlar saxlamış, vaqonlar açmış soyğunçuluq edib. İndi isə vaqonlara soxulan Raquna Mədinənin boynundakı medalyona, jurnalistin qızıllarına tamah salır. Bunu başa düşən Mədinə Raqunaya deyir ki, mən sənin kimi nextlərin  başına güllə çaxardım. Cəsədlərinizi də Çeçenistanda basdırmağa qoymazdım. Yandırardım ki, next bakteriyaları bulamasın torpağımıza. Lakin sonradan Raqunanın quldurluğunun əsl səbəbi üzə çıxır. O, topladığı pullarla xarici ölkəyə getmək, orada başına dəstələr toplayıb Vətənə qayıtmaq, burdakı azadlıq müharibəsinə qoşulmaq istəyirmiş.

Romanın nəzəri cəlb edən sürətlərindən biri də Yıldız Nurcadır. Müəllim-öyrətmən olan bu partizan indi vaqonlarda bufetçi vəzifəsini yerinə yetirir. Boynundan asdığı səbətdən limonad, kefir sata-sata vaqonları gəzir. Əslində onun etdiyi alış-veriş yalnız gözdən pərdə asmaqdır. Amma səbət-karzini qranad və bombalarla doludur. Bir ayağından şikəst olan Nurca Çeçenistana gələn, Çeçenistandan Azərbaycana, eləcə də hər hansı bir ölkəyə gedən döyüş sursatlarıyla dolu qatarları partladır, dünyanın hansı nöqtəsində olursa olsun baş verə biləcək qırğınların qarşısını almaq üçün gizli şəkildə məharətlə iş görür. Bu çəlimsiz, təvazökar insan oxucuların nəzərində əsl xalq qəhrəmanına çevrilir..

Əgər romanın bədii təsvir vasitələrindən, süjet xəttində bir-birini tamamlayan və gücləndirən uğurlu tapıntılarından danışmasaq fikrimizin tamlığına xələl gətirmiş olarıq.

Romanda yerinə düşən təbiət təsvirləri, hadisələrə fəal müəllif yanaşmaları şübhəsiz ki, gərgin axtarışların müvəffəqiyyətli nəticəsidir. “Səmada yumurta sarısına oxşayan bürkü layları bulama kimi öz-özünə burulub qatılaşır. Qaynar hava qatları bu bulamanı nehrə kimi çalxalayırdı”, “Korrupsiya da, mafiya da, rüşvət də qara ilandır, sarmaşıb boğazımıza”, “Nəfəsini çəkəndə cod bığları burun pərələrinə təpilir, buraxanda ordları zurnaçı ordları kimi şişirdi”. “Vaqon yuxu çaşdıran qarı nənənin barmaqları ucundakı beşik kimi yırğalanırdı”. “Gözlərindən qırma kimi səpələnən yaş damlaları koftasının yaxasını, ətəklərini də qaraltmışdı”, “Su içən ilanı, beşik yırğalayan ananı, Allaha ibadət edəni öldürmək çox ağır günahdır” və s.

Yusif, qardaşım, çox yarpaqlar tökülüb, çox sənələr ötüşüb. Tələbəlik dostlarımızın barmaqla sayılan yadigarlarından biri kimi sənin uğuruna sevindim, qələminə məftun oldum. Lakin hadisələrin gələcək inkişafına – təzə bir romanın yazılacağına güman yeri var. Axı, “Kompozitor Qara Qarayev” gəmisinə məktub aparan şair hələ də yoldadır; Tuyans limanına çatmayıb...

Tomas İsmayılov
Əməkdar müəllim

 





29.05.2013    çap et  çap et