525.Az

Gənc Tamaşaçılar Teatrından yeni tamaşalar


 

Gənc Tamaşaçılar Teatrından yeni tamaşalar<b style="color:red"></b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşanın məşqlərinə start verilib.

Teatrın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, hazırlıq işləri yekunlaşmaqda olan ilk səhnə əsəri görkəmli İtalyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael Tranbomçu” əsərlərinin motivləri əsasında “İtalyan sayağı xoşbəxtlik” tamaşasıdır. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşanın bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, tryukların quruluşçusu İsa Əsədovdur.

Tamaşada rolları Əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Məhərrəm Musayev, Elnur Hüseynov və Eşqin Quliyev ifa edəcəklər.

Tamaşanın baxışı iyun ayının 6-a nəzərdə tutulub.

Növbəti tamaşa məktəblilərin yay tətilinə təsadüf edəcəkdir. Bu dəfə teatr hər bir azyaşlı tamaşaçının televiziya ekranlarından yaxşı tanıdığı və sevə-sevə izlədiyi “Balaca və damda yaşayan Karlson”u öz tamaşaçılarına təqdim edəcəkdir. Məşhur İsveç yazarı Astrid Lindqrenin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada aktyorlar Mehriban Hüseynova, Nəsibə Eldarova, Nuriyyə  Əliyeva, Xalidə Əliməmmədova, Rövşən Abbasov, Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Səfa Mehdi, Anar Seyfullayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Xəyal Salahov, Ramil Məmmədov, Gülbəniz Mustafayeva və başqaları rol alıblar.

Azərbaycan Peşəkar Milli Teatrının 140 və Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunmuş növbəti Beynəlxalq layihə çərçivəsində hazırlanan “Balaca və damda yaşayan Karlson” tamaşasının ictimai baxışı iyun ayının 27-ə planlaşdırılıb.

GÜNEL

 





29.05.2013    çap et  çap et