525.Az

Bakı Slavyan Universiteti nüfuzlu mükafatlara layiq görüldü


 

Bakı Slavyan Universiteti nüfuzlu mükafatlara layiq görüldü<b style="color:red"></b>

Bakı Slavyan Universiteti (BSU) 3 nüfuzlu mükafata layiq görülüb.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, BSU rektorunun Beynəlxalq Sokrat Komitəsi tərəfindən uzunmüddətli vicdanlı və qüsursuz əməyə, peşəkarcasına məsul qərar qəbul etməsinə, elmi və ictimai sahədəki fəaliyyətinə görə "Elm naminə" ("The Name in Science") fəxri mükafatına layiq görülüb.

Beynəlxalq Sokrat Komitəsinin regional koordinatoru Mila Milton tərəfindən BSU-nun rektoru, professor Nurlana Əliyevaya ünvanlanmış məktubda qeyd olunub ki, "Oksford şəhəri Akademik İttifaqı Nurlana Əliyavaya müasir cəmiyyətdə elmi tədqiqatların nüfuzunun yüksəlməsində, elm və praktikanın yüksək inteqrasiyasının inkişafında şəxsi xidmətlərinə və ümumiyyətlə, elmə verdiyi töhfələrə görə ehtiram və minnətdarlığını bildirir: "Sizin uzun illər ərzində yüksək peşəkarlıq nümunəsi olan rəhbərliyiniz altında müəssisənin uğurlu və qüsursuz fəaliyyəti Avropa Biznes Assambleyası (Europe Business Assembly, E.B.A., Oxford, UK) Beynəlxalq Sokrat Komitəsinə imkan verib ki, Bakı Slavyan Universitetini "Ən yaxşı təhsil müəssisəsi" Beynəlxalq mükafatını təqdim etsin".

Məktubda daha sonra BSU-nun rektoru, professor N.Əliyevanın fəaliyyətinə ayrıca diqqət yetirilir, onun çoxillik vicdanlı və qüsursuz əməyinin dünyanın intellekt elitası tərəfindən yüksək qiymətləndirildiyi bildirilir: "Sokrat adına Təqdimat Komitəsi Sizi bütün bu xidmətlərinizə görə "Elm adına" ("The Name in Science") fəxri mükafata təqdim etməyi zəruri hesab edir. "Elm adına" ("The Name in Science") tituluna layiq görülmüş şəxs mavi lentdə üzərində "Dünya elmini zənginləşdirməyə görə" yazılmış orden, Sokratın barelyefini, "Alimə eşq olsun" yazılı xatirə lövhəsini, "The Name in Science" diplomunu alır və adı dünyanın görkəmli alimlərinin beynəlxalq reyestrinə daxil edilir. Bizim məqsədimiz Sizin fəaliyyətinizi Avropada və dünyada yaymaq, beynəlxalq bazarda müəssisənizi hərəkətə gətirmək, həmçinin elmi tədqiqatların, yeni kəşf və nailiyyətlərinin nəticələri barədə ictimaiyyətə məlumat verməkdir".

BSU-nun rektoru, professor N.Əliyeva oktyabrın 6-dan 7-dək Fransanın Kann şəhərində keçirələcək İşgüzar Zəfərlər və "European Awards Night" Beynəlxalq Festivalında iştiraka və mükafatı qəbul etməyə dəvət edilib.

BSU-ya ikinci sevindirici xəbər Çerniqov şəhərindən gəlib. Çerniqov Milli Texnologiya Universitetinin Elmi Şurasının qərarı ilə BSU-nun rektoru, professor N.Əliyevaya elmi və ictimai fəaliyyətinə, ölkələrarası mədəni münasibətlərin inkişafına görə "Fəxri professor" adı verilib. Bu ada universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov da layiq görülüb.

Qeyd edək ki, BSU-nun təşkilatçılığı ilə Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Tədris Mədəniyyət Mərkəzi və universitetin nəzdində Azərbaycan dili Bazar Günü Məktəbi yaradılıb.

Universitetin bu günlərdə UNESCO-nun diploma ilə təltif edilməsi də bu uğurlu addımlar silsiləsindəndir. Bu münasibətlə UNESCO və "National Comission of the Republic of Moldova for UNESCO"nun BSU-nun rektoru, professor N.Əliyevaya ünvanlanmış məktubunda bildirilib ki, Bakı Slavyan Universiteti mədəniyyətlərarası dialoqun inkişafı, yeni nəslin milli dəyərlər və dünya mədəni irsi ilə ünsiyyətinin yaradılması sahəsində aparıcı ali məktəblərdəndir: "İnanırıq ki, BSU bu missiyasını bundan sonra daha böyük həvəs və təşəbbüskarlıqla davam etdirəcək".

Professor N.Əliyeva bu uğurları təkcə BSU-nun deyil, Azərbaycan xalqının, Azərbaycan təhsilinin və bütünlüklə xalqımızın uğuru hesab edir.

Ceyhun ABASOV

 





29.09.2017    çap et  çap et