525.Az

Dəyərli kitabın layiqli təqdimatı


 

Dəyərli kitabın layiqli təqdimatı<b style="color:red"></b>

Türkiyə türkcəsində olan əsərlərin Azərbaycan türkcəsinə çevrilməsi (əslində uyğunlaşdırılması) zəruridir. Bu kitabların bir qismi monoqrafik xarakterli, başqa bir qismi isə dərslik və ya dərs vəsaitidir.

Bu yaxınlarda Azərbaycan türkcəsinə şair-tərcüməçi Narıngül Nadir qızı tərəfindən uyğunlaşdırılan “Təzkirədən bioqrafiyaya” kitabı işıq üzü görüb. Kitabın yazarı görkəmli türk alimi, professor, doktor Mustafa İsen, elmi redaktorları filologiya elmləri doktorları, professorlar Kamil Vəli Nərimanoğlu və Nəsib Göyüşovdur (“Oskar” nəşriyyatı, Bakı, 2012).

Bu günlərdə Qafqaz Universitetində kitabın təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimini aparan Kamil Vəli Nərimanoğlu uyğunlaşdırılmış kitab və onun müəllifi prof. Mustafa İsən haqqında məlumat verib. O, Mustafa İsenin elmi və ictimai-siyasi fəaliyyətini işıqlandırdı, 30 cildlik “Ortaq Türk ədəbiyyatı” kitabının araya-ərsəyə gəlməsində, təzkirə irsinin Türk Dünyası miqyasında öyrənilməsində müəllifin rolundan bəhs etdi və görülmüş işin spesifikliyi üzərində durdu.

Təqdimatda iştirak edib kitabın əhəmiyyətindən danışan millət vəkili prof. Gövhər Baxşəliyeva kitabın Azərbaycan filologiyasında əhəmiyyətini qeyd edərək, onun elmi məziyyətləri üzərində dayandı. Gövhər xanım ortaq dərsliklərin hazırlanmasının əhəmiyyətini vurğalayaraq bu yolda örnək kitablardan biri kimi “Təzkirədən bioqrafiyaya” kitabını qiymətləndirdi, yaradıcı heyətə təşəkkürünü bildirdi.

Millət vəkili, Türkiyə aydınlarının ağsaqqalı prof. dr. Nevzat Yalçıntaş Mustafa İsənin türk mədəniyyətinin inkişafındakı rolu və xidmətləri haqqında məlumat verərək, təzkirə mədəniyyətinin öyrənilməsini vurğuladı.

Millət vəkili Arif Bəşirov, Mehmet Akif Ersoy fikir və sənət vəqfinin başqanı Mehmet Cemal Çiftçigözel kitab haqqında ürək sözlərini söylədilər və bu istiqamətdə gələcəkdə görüləcək işlər haqqında danışdılar.

Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç Mustafa İsən yaradıcılığı haqqında danışdı və bu tipli kitabların tədris prosesindəki rolundan bəhs edərək tələbələr üçün yeni kitablar gözlədiklərini qeyd etdi.

“Təzkirədən bioqrafiyaya” kitabını Azərbaycan türkçəsinə uyğunlaşdıran şair-tərcüməçi Narıngül Nadirqızı çevirmə prosesinin maraqlı nöqtələrinə toxundu və kitabın elmi dəyəri üzərində dayandı.

Kamil Vəli Nərimanoğlu “Təzkirələr işığında divan ədəbiyyatı” adlanan ikinci hissənin elmi əhəmiyyətinə aydınlıq gətirdi və bu istiqamətdə Türkiyədə və Azərbaycanda görüləcək işlərdən, Mustafa İsenin yeni kitablarından, tədqiqatlarından bəhs edərək təqdimat mərasimini gerçəkləşdirən Qafqaz Universitetinin rəhbərliyinə, müəllim və tələbə heyətinə, tərcüməçi və redaktora təşəkkürlərini bildirdi.

Gündüz ƏLİYEV

 





29.05.2013    çap et  çap et