525.Az

Xanhüseyn Kazımlının həyat həqiqətləri


 

ALLAHA İNAM, YAXUD HƏQİQƏTİN ƏN YÜKSƏK DƏRƏCƏSİ...

Xanhüseyn Kazımlının həyat həqiqətləri<b style="color:red"></b>

Hər bir insan üçün müqəddəs olan nəsə var. İnsanın müqəddəs hesab etdikləri onu həyata bağlayır, başqalarına məhəbbətli edir, yaşamaq hisslərini artırır, özünə bir pay arzu edəndə qonum-qonşuya iki-üç pay istəyir.

Bu cür səxavətli olmaq üçün özünə və ətrafdakılara inamlı olmaq vacibdir. Elə Xanhüseyn Hüseynağa oğlu Kazımlının anası Əsli xanım kimi. Əsli xanım Allaha inanan, bu inamı yüksək bir həqiqət kimi qəbul edən xanım olmuşdur. O, Allaha olan inamdan güc alaraq qohumlara, qonşulara, insanlara, ən başlıcası övladı Xanhüseynə olan məhəbbətini heç vaxt əsirgəməmişdir. Övlada, qohumlara, qonşulara, bir sözlə, insanlara məhəbbətini əsirgəməmək üçün var-dövlət, vəzifə sahibi olmaq lazım deyil. Əsli xanım kimi olmaq kifayət edir. Xanhüseyn Kazımlının anası Əsli xanım kimi, Əsli ana kimi. Əsli xanımın həqiqətinin nədən ibarət olduğunu deməzdən əvvəl “Səfillər” əsərindəki Marqarita adlı müqəddəs, dindar, yoxsul bir qadının barəsində deyilən bir fikri xatırlamaq istəyirəm. Viktor Hüqo “Səfillər” əsərində yazırdı: “Marqarita adlı qarı müqəddəs, həqiqətən dindar, yoxsul bir qadın idi. O, yoxsullara, hətta varlılara belə, hər zaman kömək etməyə hazır idi. Savadı yalnız öz adını-Marqarita yaza biləcək bir dərəcədə idi. Bununla belə, Allaha inanırdı, bu isə, savadın ən yüksək dərəcəsidir”. Əsli xanım da Marqarita adlı qarı kimi müqəddəs, həqiqətən dindar, yoxsul bir qadın olmuşdur. Ancaq bununla belə, o, yoxsullara da, varlılara da kömək etməyə hazır olmuşdur. Əsli xanımın savadı Marqarita xanımın savadı dərəcəsində olmaqla, o, Marqarita xanım kimi Allaha inanmış və bu da onun savadının ən yüksək dərəcəsi olmuşdur. Bu inam Əsli xanımı da, onun övladını da həmişə qorumuş və yaşatmışdır. Elə buradaca bəzi məqamları xatırlamaq yerinə düşər. Həmin məqamlardan biri Xanhüseyn Kazımlının anadan olduğu gündən sonrakı taleyidir.

Övlada məhəbbət, övlada sevgi...

Xanhüseyn  Hüseynağa oğlu Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Anadan olandan 36 gün sonra atası Kazımov Hüseynağa Kazım oğlu Böyük Vətən Müharibəsinə səfərbər edilmişdir. Bir müddət sonra onun cəbhədən qara xəbəri gəlmişdir. Xanhüseyn Kazımlının anası Əsli xanım ərinin “qəhrəmancasına öldü” xəbərini almışdır. Allaha inanan, namaz qılan, oruc tutan Əsli xanımın himayəsində olan Xanhüseyn Kazımlı ailədəki dini dəyərlərin yaxşı mənada təsiri altında böyümüşdür. Namaz qılmağın, oruc tutmağın nə olduğunu bilməyən, onun mahiyyətini anlamayan balaca Xanhüseyn anasına həmişə belə bir sual verirmiş:

- Ana, nə üçün sən namaz qılanda üzünü İmişliyə tərəf tutub namaz qılırsan?

Anası Əsli xanım:

- Oğlum, mən İmişliyə tərəf deyil, qibləyə tərəf namaz qılıram.

Əsli xanım öz ərinə-Hüseynağaya olan məhəbbətini Allahına, qibləsinə, Məkkəsinə bağladı. Və bunları oğlu Xanhüseyn Kazımlıya damla-damla, qətrə-qətrə ötürdü. Əsli xanım bunu bacardı. Ona görə bacardı ki, onun ruhunda Allaha, qibləyə, Məkkəyə, əri Hüseynağaya, oğlu Xanhüseynə dərin bir sevgi vardı. Sevgi olan yerdə hər şeyə nail olmaq mümkündür. Bax bu sevgiylə Əsli xanım istəklərini övladına ötürdü. Onun görə bilmədiklərini övladı gördü, anasının ruhunu şad etdi. Xanhüseyn Kazımlı 1991, 2004-cü illərdə Məkkə ziyarətinə getdi. Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin də ora. Xanhüseyn Kazımlı o müqəddəs yeri, məkanı, mənzili ziyarət etməklə anası Əsli xanımın həqiqətlərini həyata keçirdi. Zəm-zəm suyu gətirdi, anasının qəbri üzərinə tökdü, bununla da Əsli xanımın ruhuna rahatlıq bəxş etdi. O, əməli ilə anasının həqiqətlərini yaşatdı.

İnam və etibarı özü qazanan Xanhüseyn Kazımlı...

O, birinci növbədə böyüyüb boya-başa çatdığı ailədə hörmət, inam və etibar sahibi olmuşdur. Sonra isə mənsub olduğu ailənin inamı, etibarı ilə cəmiyyətdə özü inamını və etibarını qazanmışdır. O vaxt Dimitrov adına Ağaməmmədli kolxozu VII sinifdə oxuyan Xanhüseynə böyük etimad göstərmişdir. Kolxozun sədri Əziz Kazımov və mühasib İsmayıl Bağırov məktəblilərdən ibarət dəstəyə rəhbər təyin olunması üçün Xanhüseyn Kazımlıya təqdimat vermişdir. Məktəblilərdən ibarət dəstəyə - əməkçilərə əməkhaqqı Xanhüseynin imzası ilə buraxılmış, həyata keçirilmişdir. VII sinifdə oxuyan Xanhüseynin qazandığı etibarın kökündə atası Hüseynağa Kazımovun, anası Əsli xanımın, qardaşı Qüdrət Kazımovun el-oba arasında qazandıqları etibar da az rol oynamamışdır. Ancaq bununla belə, gərək özünü də təsdiq edəsən. Xanhüseyn Kazımlı kimi. İnsan öz etibarını, inamını əbədi etmək üçün bütün həyatı boyu mübarizə aparmağı bacarmalıdır. Xanhüseyn Kazımlı bunu da bacardı. O, həyatının bütün həqiqətlərini inam və etibara söykədi. Xanhüseyn Kazımlının elmə gəldiyi yol da inama və etibara bağlandı.

Elm onun həqiqətlərindən biridir...

Xanhüseyn Kazımlının bir həqiqəti də onun elm adamı olmasıdır. Onun bu həqiqətindəki bəzi məqamları xatırlamaq yerinə düşər. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinin “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” şöbəsinə daxil olmuşdur. 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bərpa olunduqda burada “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” ixtisası olmadığından o, “Uçot-iqtisad” fakültəsini bitirmişdir. Təyinat bölgüsü zamanı (1967-ci ildə) Xalq Təsərrüfatı İnstitutunda saxlanılmış, laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, fakültə və institut komsomol komitəsinin katibi, həmkarlar təşkilatının sədri, partiya təşkilatının katibi, prorektor vəzifələrində çalışmışdır. Xanhüseyn Kazımlı 1989-cu ildən iqtisad elmləri doktoru, professordur.

Haşiyə:

XX əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqında ictimai-siyasi vəziyyət dəyişdi. Sovetlər İttifaqında baş verən gərginlik Müttəfiq Respublikalardan da yan keçmədi. Bu gərginlik daha çox Azərbaycan Respublikasına ziyan vurdu. Azərbaycan vətəndaşları həm ictimai-siyasi gərginlikdən əziyyət çəkdilər, həm də irəlidə olan siyasi xadimlərimiz, dövlət adamlarımız, o cümlədən, elm adamlarımız mərkəz (Moskva) tərəfindən müxtəlif təzyiqlərə, təqiblərə məruz qaldılar. O vaxt ulu öndər cənab Heydər Əliyevə mərkəzin təzyiqi, təqibi unudulmayan və yaddan çıxmayan bir fakt kimi hamıya məlumdur. Hətta Heydər Əliyevə yaxın olan adamlar da müxtəlif haqsızlıqlarla qarşılanırdılar. Belə bir vəziyyətdə iş elə gətirir ki, Azərbaycanda Xalq təsərrüfatı İnstitutu mərkəz tərəfindən bağlanır, Sankt-Peterburqdakı (o vaxtkı Leninqrad) Voznesenki adına İqtisadiyyat İnstitutunun filialına çevrilir. Bu zaman Azərbaycandakı iqtisadçı alimlərin dissertasiya müdafiə etmələrinin qarşısı alınır. İki yüzdən çox iqtisadçının dissertasiya işi hazır olsa da, onlara Sovetlər İttifaqında mövcud olan müdafiə şuralarında müdafiə etmək üçün şərait yaradılmır. Bu vəziyyətdən çıxmaq üçün insanın qətiyyəti, prinsipiallığı, yorulmaz mübarizəsi olduqca vacib olur və bunlar məqsədə nail olmaqda yardımçı vasitələr kimi özünü göstərir. Məhz Xanhüseyn Kazımlı bu yardımçı vasitələrə qadir insan kimi layiq olduğu elmi dərəcəni almaq üçün mübarizə aparır. O, Moskva şəhərinə gedir. Burada müdafiə şurasındakı uzun növbələr və bürokratizmi imkan vermir ki, o, doktorluq dissertasiyasını müdafiə üçün təqdim edə bilsin. Ancaq sarsılmır, axı elm dözüm, səbir tələb edir. Odur ki, Xanhüseyn müəllim Kişinyova üz tutur. Buradakı maneçiliklər də onun qarşısını alır. Yorulmayan, usanmayan Xanhüseyn müəllim Özbəkistanda müdafiə etmək qərarına gəlir. Burada da o, arzusunu həyata keçirə bilmir. Maraqlı cəhət odur ki, bir tərəfdən Azərbaycandan olan iqtisadçı alimlərin dissertasiya müdafiə etmələrinin qarşısı mərkəz tərəfindən alınır, ikinci bir tərəfdən isə Xanhüseyn müəllimin tanıdıqları və Xanhüseyn müəllimi tanıyan həmvətənlərimiz onun müdafiəsinə maneçilik edir, qısqanır və paxıllanırlar. Buna baxmayaraq, hər bir insanın Allah tərəfindən göndərilən xeyirxahı, bəzən xeyirxahları olur. Bu xeyirxah Xanhüseyn müəllimin də qarşısına çıxır, onu Tiflisdə müdafiə etməyə istiqamətləndirir. Xanhüseyn müəllim Tiflisdə doktorluq dissertasiyasını uğurla müdafiə edir. Onun bədxahları bu işdən çox gec xəbər tuturlar. Xanhüseyn müəllim doktorluq diplomunu aldıqdan sonra öz iş yerində bu barədə məlumat verir. Qısqancların, bədxahların ona maneçilik etməsinə heç bir imkan olmadığından təbrikdən başqa sözləri olmur. Bunların hamısına Xanhüseyn müəllim dözümü, səbri, inamı, prinsipiallığı ilə nail olur.

O, 1994-1998-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat  Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının “İqtisadi qanunvericilik” şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1998-ci ildə Azərbaycanda keçirilən Azərbaycan Respublikası Prezidentliyinə seçkilərdə namizəd olmuşdur. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətləndirmə” kafedrasının müdir əvəzidir. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatın qiymətləndirilməsi üzrə işçi qrupa rəhbərlik edir. Xanhüseyn Kazımlı Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. Eyni zamanda Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının, Azərbaycan Respublikası Veteranlar Şurası İdarə heyətinin üzvüdür. Xanhüseyn Kazımlı bütün bunların hamısını öz elmi, biliyi sayəsində əldə etmişdir. Elm, bilik bu sahədə çalışanlar üçün bir müharibə meydanını xatırladır. Onun ön və arxa cəhbəsi var. Arxa cəbhədə çalışanlar zəhmətkeş, ön cəbhədə çalışanlar isə daha çox diqqətli olurlar. Xanhüseyn Kazımlı ön cəbhədə olan elm adamlarımızdan biridir. O, elmin ön cəbhəsində dediklərinə, fikirlərinə, hisslərinə, davranışlarına, vərdişlərinə, dəyərlərinə, xarakterinə diqqət yetirir. Diqqət yetirmək, diqqət göstərmək, diqqətli olmaq onun elm adamı kimi taleyidir. Elm adamları bu yolu seçməklə elmin zirvəsinə yüksələ bilirlər.

Ağı qaradan seçmək bacarığı onu siyasətə gətirdi...

Tale Xanhüseyn Kazımlını siyasətə gətirdi. O, siyasətdə də sərrast, ağı qaradan seçən oldu. Həyat onu bu sahədə də imtahana çəkdi. Çoxları siyasət imtahanında ağı qaradan seçə bilmədilər. Görünür ki, Xanhüseyn müəllimin elmi, biliyi, dünyagörüşü, təcrübəsi onun köməyinə gəldi. Bir çoxlarından fərqlənərək ağı qaradan seçməyi bacardı. Ağı qaradan seçmək ifadəsini deyəndə kiçik bir həyat hekayəsi yadıma düşür. Hekayənin məzmunu belədir:

Ustad tələbələrini imtahana çəkmək qərarına gəlir. Onlardan üçünü çağıraraq ağ vərəqə bir mürəkkəb damcısı salır və soruşur:

- Nə görürsünüz?

Birinci tələbə cavab verir:

- Qara nöqtə.

İkincisi deyir:

- Ləkə.

Üçüncüsü isə dillənir:

- Mürəkkəb.

Son dərəcə məyus olan ustad öz otağına çəkilir. Bir müddətdən sonra tələbələri ondan soruşurlar:

- Nə üçün cavablarımız sizi bu dərəcədə məyus etdi?

Ustad cavab verir:

- Çünki heç biriniz ağ vərəqi görmədiniz...

Bu hekayənin məzmunundan çıxış edərək qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra siyasət aləminə gələnlər oldu. Ancaq bu aləmdə dayanıqlı vəziyyət almaq, dayanıqlı mövqe tutmaq, cəbhələrin siyasi savaşında həqiqətin mövqeyində dayanmaq hər siyasət adamına nəsib olmadı. Xanhüseyn Kazımlı isə siyasət meydanında dayanıqlı siyasi mövqeyi ilə, ağı qaradan seçmək bacarığı ilə, dövlətin və dövlətçiliyin mövqeyində olmaq iqtidarı ilə öz siyasi kursunu davam etdirdi və hal-hazırda da etdirir.

O, Azərbaycan Sosial Rifah Partiyasının sədri, beş çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”nin üzvü kimi, Azərbaycan-Macarıstan parlamentlərarası dostluq əlaqələri üzrə işçi qrupunun rəhbəri kimi, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqədar işçi qrupun üzvü kimi, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvü olaraq respublikamızı təmsil edir. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini dəstəklədiyini, dövlətimizin və dövlətçiliyimizin maraqlarına uyğun fəaliyyət göstərdiyini nümayiş etdirir. Bir sözlə, Xanhüseyn Kazımlı siyasətdə tutduğu mövqeyi ilə də vətənə, xalqa, millətə xidmət edir. Xidmət onun üçün ən ali məqsəddir.

Beləliklə, o, yalnız dostlar və qohumlar üçün qiymətli deyil...

Xanhüseyn Kazımlının ömür boyu qazandıqlarının hər birinin arxasında xidməti dayanır. Xidmət ona həmişə şan-şöhrət gətirmiş, başını uca etmişdir. Xidmət etmək üçün zəhmətə qatlanmağı, dürüst olmağı bacarmaq lazımdır. Bu bacarıq da Xanhüseyn Kazımlını başqalarından fərqləndirir. Onun 2002-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsi, “Qızıl qələm”, “Hacı Zeynalabdin Tağıyev” mükafatını alması, 55-dən çox monoqrafiyanın, “Böyük siyasətin davamı” adlı 7 tədqiqat əsərinin (hər biri 750-800 səhifə olmaqla), dərsliklərin, dərs vəsaitlərinin, 750-dən çox elmi-publisistik məqalənin müəllifi olması, xaricdə nəşr olunan məqalələrinə görə Rusiya Tribuna nəşriyyatının “Şərəf nişanı” medalını alması və digər təltiflər zəhmətin, xidmətin bəhrəsidir.

Ədəbi görüşlər işığında...

Xanhüseyn Kazımlı gəncliyindən poeziyaya, ədəbiyyata böyük həvəs və maraq göstərmişdir. Hətta orta məktəbdə oxuduğu illərdə şeirlər yazmış və onları rayon qəzetində çap etdirmişdir. Ancaq o, şeirlərini yazanda heç kəsdən soruşmamışdır ki, şeiri necə yazmaq lazımdır? O, N.Gəncəvidən, M.Füzulidən, M.Şəhriyardan, hətta Ukrayna şairi T.Şevçenkodan ürəyinə, qəlbinə yatan misraları əzbərləyəndə bu barədə kiminsə məsləhətini gözləməmişdir. Hansı ədəbiyyat nümunəsi onun xoşuna gəlibdirsə, onu da öyrənmiş, əzbərləmiş, lazım gələndə başqaları ilə fikir mübadiləsi aparmağı da bacarmışdır. Onun ədəbiyyata bağlılığı daxili tələbatının, daxili istəyinin məhsulu olmuşdur. Yazdığı şeirlər də daxilindən gələnlər, iç dünyasının dedikləri, hisslərinin və duyğularının ifadəsidir. Adətən belə olur ki, şeir yazmaq qabiliyyəti, şeir yazmaq istedadı olanların böyük bir qismi sonralar özünə peşə, sənət seçərkən peşəsinin və sənətinin yaxşı mənada təsirinə düşür. Nəticədə şeir yazmaqdan uzaqlaşır. Ancaq şeirə, şeir yaradıcılığına olan istəyi onu ilk məhəbbət kimi həmişə həzin-həzin ağladır. Şirin bir macəra kimi şeirə, şeir yaradıcılığına olan istək onun beynini, ürəyini tərk etmir. Bu hal Xanhüseyn Kazımlının gənclikdə yazdığı:

Bir qız dedi, ay oğlan,
nə qəşəng gözlərin var,
O gözlərlə dünyaya
qoşa baxsaq nə olar?
Saçları qıvrım-qıvrım,
qaməti də düz oğlan,
Səsində var məlahət,
əhdinə də düz oğlan.

- misraları da:

Mil düzü, gör nələr yetirmisən sən,
Bu ellər ayağa durandan bəri.
Neçə cür nemətlər bitirmisən sən,
Xalq zəhmət qalası qurandan bəri.

- misraları da təmiz hisslərin, duyğuların poetik ifadəsidir. Əgər insan hadisələrə, proseslərə biganə qalmayaraq öz hisslərini, duyğularını poetik şəkildə ifadə etməyi bacarırsa, deməli, onun yazdıqlarında canlı bir həyat lövhəsini axtarmaq və tapmaq olar. Xanhüseyn Kazımlının şeirləri də belə canlı həyat lövhələrindən qidalanır. Vaxtilə anası Əsli xanıma yazdığı məktubda olduğu kimi:

Çətinliklər, ağırlıqlar görmüsən,
Vallah ürəyimin sirri, sözüsən.
Müqəddəs bir qüvvə, bir möcüzəsən,
Olursan həryanda köməyim, ana.

Bir sözlə, Xanhüseyn Kazımlının qəlbi bir dənizə bənzəyir. Həmin dənizin fırtınaları, sakit zamanları var. Bununla belə, bu dənizin dərinliklərində sözdən, poeziyadan hörülmüş incilər gizlənir.

Həyat onu bütün sınaqlardan üzüağ çıxardı...

Xanhüseyn Kazımlı bir insan, iqtisadçı, siyasətçi, vətəndaş, dost, ailə başçısı kimi həyatın bütün məqamlarında özünü toplaya bildi. Gözəl hisslər və duyğularla yaşayaraq 75 yaşına gəlib çıxdı. Xanhüseyn Kazımlı da bu qəbildən olan insanlardan biridir. İnsanları həyatda üç şey daha çox yaşadır: əməli fəaliyyəti, əsərləri və övladları. Xanhüseyn Kazımlının bu baxımdan da naxışı gətiribdir. Hələ qarşıda görəcəyi işlər çox, arzuları tükənməzdir. İnanırıq ki, Xanhüseyn Kazımlını, sədaqətli dostumuzu qarşıda 75 yaşın üzərinə gələn xoş müjdəli illər gözləyir.

 





02.10.2017    çap et  çap et