525.Az

İlyas Əfəndim - Şeir


 

İlyas Əfəndim - <b style="color:red">Şeir </b>

3 oktyabr qüdrətli Xalq yazıçımız İlyas Əfəndiyevin anım günüdür

"Kənddən məktublar"la gəldin şəhərə,
Qismətin olmadı büllur saraylar...
Boylandı arxanca doğma dağ-dərə,
Ruhunda çağladı günəşlər, aylar.

Sənin ürəyində solmaz duyğular,
Sevdası yamyaşıl gülüstan varmış.
Natəvan, Nargilə,
                           Böyükbəy, Şahmar...
Kövrək xəyalını alıb aparmış.

Həyat bir meydandır:
                                 Yaxşılar, pislər...
Təklənmiş Səriyyə sənə güvəndi.
Üstünə tökülən düşük xəbislər,
O kölgə adamlar hardadır indi?!

Qarabağ qaralıb həsrət odundan,
O yerin torpağı, daş-qayasıyıq.
Orda - İmarətdə* sənin adından
Xan qızı qəbrinə gül qoyasıyıq.

Sən bir möcüzəsən,
                               ucadan uca,
Sənədir şeirim,
                         Hər misram, bəndim.
Varsan, bizimləsən dünya durunca,
Ustadlar ustadım,
                            İlyas Əfəndim.

Şüvəlan,
22 sentyabr, 2017

*Xurşidbanu Natəvanın məzarı Ağdamın mərkəzində - "İmarət" adlanan ərazidədir.   

 





03.10.2017    çap et  çap et