525.Az

Azərbaycanda 2-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir


 

Azərbaycanda 2-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir<b style="color:red"></b> Bu gün Bakıda 2-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.
 
APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində dünyanın müxtəlif ölkələrindən qonaqlar, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, dini icmaların nümayəndələri, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
 
Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, forumun keçirilməsi 2008-ci ildə başlanmış Bakı prosesinin davamıdır: “Bakı coğrafi körpü  rolunu oynamaqla yanaşı, mədəniyyətlərarası körpü rolunu da oynamaqdadır. Artıq Bakı prosesi inkişaf edir”.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan əsrlər boyu burada yaşayan və müxtəlif dinlərə inanan bütün millətlər üçün vətən olub: “Azərbaycanın uğurlu inkişafında bu  amilin rolu böyükdür. Biz istəyirik ki, xoşagəlməz halların qarşısı alınsın. Əfsuslar olsun ki, buna nail ola bilmirik. Dünyanın müxtəlif yerlərində dini və mili zəmində qarşıdurmalar baş verir”.
 
Azərbaycanın əsrlər boyu tolerantlıq  nümunəsi olduğunu deyən prezident İlham Əliyev müstəqillik dövründə nəinki bu  müsbət meyllərin qorunub saxlandığını, hətta genişləndirildiyini bildirib: «Xalqlararası,  millətlərarası dialoq bu meylləri gücləndirir. Ölkələrin siyasi, iqtisadi maraqları var. Ölkələrarası münasibətləri gücləndirmək üçün xalqlararası münasibətlər də qurulmalıdır. Bu dünyada hər  bir xalq, millət üçün yer var. Təki sülh olsun, əməkdaşlıq olsun. Bizim regional münasibətlərlə bağlı addımlarımız əməkdaşlığa yönəlib».
 
Azərbaycanın müsəlman aləminin bir parçası  olduğunu deyən prezident eyni zamanda XIX əsrdən başlayaraq Azərbaycana Avropa təsirinin də özünü göstərdiyini vurğulayıb.
 
Dövlət başçısı Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatında mühüm rol oynadığını, bununla yanaşı,  keçən il Avropanın ən mötəbər musiqi yarışmasının Bakıda keçirildiyini, 2015-ci ildə isə birinci Avropa Olimpiya Yarışlarının Bakıda keçiriləcəyini bildirib: «Son zamanlar multikulturalizmlə bağlı müxtəlif ziddiyyətli fikirlər səslənir, bədbin  bəyanatlar verilir. Bəzi siyasi bəyanatlar,  media qurumları sivilizasiyalararası dialoqa deyil, onun əleyhinə  xidmət edir. Azərbaycanda multikulturalizm əsrlər boyu olub. Azərbaycan multikulturalizmin ünvanlarından biridir. Dünyanın istənilən yerində bu meyl güclənə bilər. Təki siyasi iradə olsun».
 
Prezident Ermənistanın yürütdüyü işğalçılıq  siyasətindən danışıb. Bildirib ki,  işğal altındakı Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələri tərəfindən bütün abidələr, binalar, bütün infrastruktur dağıdılıb: “Beynəlxalq hüquq normaları bu münaqişənin həlli məsələsində işləmir. Ermənistan BMT TŞ-nin qətnamələrinə məhəl  qoymur,  işğal davam edir və beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Oradakı bütün toponimlər,  abidələr Azərbaycana məxsusdur”.
 
Tədbirdə çıxış edən BMT Sivilizasiyalararası Alyansının katibi Nasir Əbdüləziz əl-Nasir BMT baş katibi Pan Gi Munun salamlarını çatdırıb.
 
Tədbirdə UNESCO-nun baş direktoru İrina Bokova, İSESCO-nun baş direktoru Əbdüləziz Osman ət-Tüveycri çıxış ediblər.
 
Bu gün  və sabah davam edəcək Forumun plenar sessiyalarında müxtəlif məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının «İnkişaf etməkdə olan Liderlər» proqramının 1-ci Məzunlar Sammiti, Ümumdünya Forumunun 1-ci Nazirlər Görüşü, «Sülh Təsvir Edək» adlı UNESCO sərgisi də keçiriləcək.
 





30.05.2013    çap et  çap et