525.Az

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır” (davamı)


 

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır” <b style="color:red">(davamı)</b>

Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu millətlərin yaranması, təşəkkül tapması və inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması, qloballaşma fonunda milliliyin, milli dəyərlərin qorunması, etnik münaqişələrin yaranma səbəbləri və problemdən çıxış yolları kimi məsələlər təşkil edir.

– SSRİ adlı imperiya, 20 ildən artıqdır ki, dağılıb, ancaq özündən sonra qaynar etnik münaqişə ocaqları  “miras” qoyub. Hələ də bəzi millətlər, o cümlədən biz bunun altını çəkirik...

– Doğrudur, SSRİ-nin çökməsilə bərabər dünyanın üçdə bir hissəsində milli çəkişmələr, etnik qarşıdurmalar və millətçilik hərəkatı yeni bir vüsət aldı. İki əsrin qovşağında yaşayan sivilizasiyalı insanlar milli əlamətə görə bir-birlərini öldürməyə və qırıb çatmağa başladılar. İnsanların millətçilik hərəkatı ona gətirib çıxardı ki, onların özlərinin əllərilə yaradılmış olan maddi və mənəvi dəyərlər binası bir ucdan sökülüb dağıldı, yandırılıb külə döndərildi, ictimai-siyasi həyatın bütün sahələrində millətçiliyin neqativ cəhətləri zəfər yürüşünə çıxdı. Bilirik ki, qədim dövrlərdən üzü bəri fərdlər, qruplar, siniflər, partiyalar, millətlər və s. arasında baş verən münaqişələr müxtəlif üsullarla həll olunub. Sanistebanın müəyyən etdiyi kimi, münaqişəli tərəflər arasındakı münasibətlər iki tipdə ola bilər: 1) hər hansı ümumi maraq və məqsədgüdməyən radikal münaqişələr; 2) qismən münaqişə: bu halda aralarında qarşıdurma olmasına baxmayaraq, tərəfləri hansısa bir maraq birləşdirir. Cəmiyyətdəki münaqişənin iki böyük tipi məlumdur: 1) Cəmiyyətin fundamental dayaqlarına toxunmayan münaqişələr. Bu tip münaqişənin iştirakçıları onların həlli üçün bütöv ictimai sistemin dəyişdirilməsini vacib hesab etmirlər; 2) həlli üçün cəmiyyətin bütövlükdə dəyişdirilməsi tələb olunan münaqişələr. Birinci halda barışıq ola bilər, ikinci halda isə barışıq olsa da müvəqqəti olur. Belə münaqişələrin həlli son anda zorakılığa əsaslanır. Müstəmləkəçilikdən xilas olmağa çalışan tərəflər onu dəyişməz saxlamağa çalışan metropoliya arasında olan münaqişələr buna misal ola bilər.

Münaqişə latın mənşəli “conflict” sözündən olub qarşı-qarşıya duran qüvvələrin, mənafeləri, fikirlərin, baxışların toqquşması, ciddi fikir ayrılığı, sonu siyasi mübarizə ilə nəticələnən kəskin mübahisə deməkdir. Münaqişələrin təsnifatına sosial, siyasi, şəxsiyyətlərarası, dövlətlərarası, siniflərarası, millətlərarası münaqişələr daxildir. Bunların içərisində ən çətini millətlərarası münaqişələrdir.

Münaqişə bir-birinə uyğun gəlməyən prinsiplərin, fəaliyyətin, ayrı-ayrı şəxslərin, siyasi partiyalar və ictimai-siyasi təşkilatların, etnik qrupların, dövlətlər və sosial-iqtisadi sistemlərin qarşıdurması və toqquşmasıdır. Münaqişələr ictimai münasibətlərdəki uyğunsuzluğun, dövlətlər arasında və eləcə də millətlər və kiçik etnik qruplar arasında ziddiyyətlərin, açıq silahlı toqquşmaların, prinsiplərdəki fərqin, rəngarəng nöqteyi-nəzərlərin labüd nəticəsidir. Amerika sosioloqu Kozer münaqişələrin sosial qrup və fərdlərin öz obyektiv məqsədləri, yəni, hakimiyyət, sosial statusun dəyişdirilməsi, gəlirlərini bölüşdürülməsi uğrundakı mübarizə kimi qiymətləndirir.

 –Etnik münaqişələr mövzusuna xüsusilə diqqət çəkməyinizi istərdik.

– Etnik münaqişələr əksər hallarda hər hansı bir dövlətin daxilində baş verir. Bu da azlıq təşkil edən etnik qrupun azadlığı, müstəqilliyi və ya müəyyən bir status, həmçinin iqtisadi və sosial ədalətsizlik üzündən baş verir. Hakimiyyət səlahiyyətlərinin qeyri-adekvat surətdə bölünməsi və əhalinin etnik tərkibinə görə inzibati ərazilərin düzgün bölünməməsi barışmaz ziddiyyətlərin və uzun sürən münaqişələrin yaranmasına səbəb olur. Bəzi halda hətta münaqişənin əsas səbəbi üzdə olmur və obyektiv eləcə də subyektiv səbəblər üzündən müşahidəçilərin nəzərindən gizlədir. Buna görə də baş vermiş hər hansı bir münaqişənin siyasi, iqtisadi, konvensional və fərdi səbəblərini bir-birindən hökmən ayırmalıyıq. Əks halda, münaqişənin həlli açılmaz düyünə düşə bilər. Siyasi münaqişələr bir çox hallarda etnosların tarixi ərazi mübahisələri iddiaları səbəbindən də baş verir ki, bu da bəzən ədavətin, ziddiyyətin ara-sıra baş verməsi ilə səciyyələndirilir, uzun sürən münaqişələrin yaranmasına səbəb olur. Münaqişələr əksər hallarda yuxarıda qeyd etdiyimiz kimi xalqların öz azadlığı uğrunda müstəmləkəçilərə qarşı apardıqları mübarizədə öz əksini tapır. Bu barədə 1949-cu il Cenevrə konvensiyasına əlavə olaraq 1977-ci il 1 №-li protokola əsasən xalqların müstəmləkəçilik və rasisit hökmranlığına, təcavüzə qarşı onların öz müstəqillik hüquqlarını həyata keçirmək uğrunda apardıqları hərbi münaqişələr beynəlxalq hərbi münaqişələr adlandırılır və milli azadlıq mübarizəsi kimi alqışlanır. Bu qərarın mövcud dövlətin separatist qüvvələri tərəfindən işlədilməsi və ölkənin dağıdılması məqsədilə BMT özünün fəaliyyətində qoruyucu bir kəlamdan da istifadə edir. Bu kəlama əsasən müstəqil dövlətin dağıdılmasına doğru yönəldilmiş fəaliyyəti müdafiə etmək olmaz. Bunun üçün də hökumətlər ərazisində yaşayan bütün millətlərə dilindən, irqindən, millətindən asılı olmayaraq bərabərlik verməlidirlər.

Münaqişələr yetkinlik dərəcəsinə, xarakterinə və öz həllinin kəskinliyinə görə fərqlənir. Konkret tarixi şəraitdən asılı olaraq ziddiyyət həm də öz-özünə ləğv olmaq, həm subyektiv amilin fəaliyyəti nəticəsində həll olunmaq, həm də ziddiyyətli şərait qarşıdurmaya, böyük insan kütlələrinin mənasız mübarizəyə cəlb olunmasına, silahlı mübarizəyə və qarşı-qarşıya duran tərəflər üçün ekstremal şəraitin meydana gətirib çıxmasına gətirib çıxara bilər. Bu baxımdan münaqişələrin inkişafını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Çünki bu məsələdə bir çox məqamlar subyektiv amillərin təsiri ilə baş verir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, münaqişələr cəmiyyətin inkişafını ləngidən bir vasitədir. İctimai həyatda münaqişələrin baş verməsi və onların kəskinləşməsi antoqonist xarakter daşıyır. Bunu nəzərə alaraq bir sıra müəlliflər qeyd edirlər ki, cəmiyyətdə baş verən antoqonist ziddiyyətləri ən ilkin vaxtda, yəni münaqişə vəziyyətinə çatmayan mərhələdə həll etmək ən optimal yoldur. Məsələn, əgər Dağlıq Qarabağ problemi deyilən uydurmalar vaxtında ifşa edilib ona siyasi qiymət verilsəydi, biz bugünkü münaqişə və qarşıdurma ilə üzləşməzdik.

– Razılaşarsınız ki, Dağlıq Qarabağ münaqişəsinin yaranmasının kökündə torpaqlarımıza köçürülən ermənilərə əslində layiq olmadıqları çox isti, tolerant, daha doğrusu, dostcasına münasibətimiz dayanır?

– 1928-ci il Türkmənçay müqaviləsinə əsasən İrandan və Türkiyədən Azərbaycana köçürülmüş ermənilərin bir qismi Qarabağ torpaqlarının dağlıq hissəsində yerləşdirilib. Elə o dövrdən də yerli əhali olan azəri türklərini sıxışdıraraq onların torpaqlarını ələ keçirməyə başladılar. Elə bu səbəbdən idi ki, zaman-zaman bu torpaqlarda milli münaqişələr baş verib, iki xalq arasında uzun sürən çəkişmələrə və qanlı müharibələrə səbəb olub. Dağlıq Qarabağda azəri türklərini sıxışdıraraq illər ötdükcə ermənilərin bu ərazidə saylarının artması erməni etnosunun formalaşmasına səbəb oldu. Ermənilər Çar Rusiyasının vasitəsilə Azərbaycan torpaqları hesabına yaratdıqları Ermənistanın ərazisini böyüdərək “Böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycandan yeni torpaqlar qoparmaq üçün əsrin əvvəllərində bir sıra qırğınlar törədiblər. 1922-ci ildə Azərbaycanda azlıq təşkil edən ermənilər Dağlıq Qarabağda yığcam yaşadıqları üçün Mərkəzin təkidi ilə muxtariyyət statusu qazanıblar. Lakin bu muxtariyyət onları tam təmin etmədiyi üçün onları Sovet dövründə ayrı-ayrı illərdə bu ziddiyyətli məsələyə yenidən baxılması haqqında məsələ qaldırıblar. Totalitar sovet rejimi isə bu ziddiyyətli problemin etnik münaqişə kimi partlayışa səbəb olmaması üçün güc vasitəsilə qarşısını alıb. Yenidənqurma şəraitində isə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən erməni millətçiləri məsələni bir qədər başqa yönümdə qoydular. Onlar “guya milli cəhətdən sıxışdırılmış”, o cümlədən “iqtisadi cəhətdən ilhaq edilmiş və təbii ehtiyatların düzgün bölünməməsini” nəzərə alaraq öz azadlıqlarını, muxtariyyət statusunun dəyişdirilməsini tələb edirlər. Lakin əsas məsələ gizlədilsə də artıq aydın idi ki, erməni millətçiləri Dağlıq Qarabağı əvvəlcə ayrıca müstəqil respublika, dövlət etmək, sonra isə onu Ermənistana birləşdirmək istəyirdilər. Bu münaqişə əvvəlcə Azərbaycan daxilində kiçik bir etnik ziddiyyət kimi başlasa da sonralar Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu daxili münaqişə sərhədlərini aşaraq dövlətlərarası siyasi münaqişə səviyyəsinə çatıb. Dağlıq Qarabağ münaqişəsi və onun yaradıcıları Azərbaycanda bir sıra digər etnik münaqişələrin yaranmasına çalışıb və ona təkan verib. Bu isə beynəlxalq hüquqa zidd olaraq vahid dövlət suverenliyinə qarşı yönəldilmiş bir hərəkət, təcavüz və cinayətdir.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





30.05.2013    çap et  çap et