525.Az

Poetik etiraflar


 

Poetik etiraflar<b style="color:red"></b>

İstedadlı telejurnalist, şair və publisist Telli Pənahqızını çoxdan, lap çoxdan, tələbəlik illərindən tanıyıram. Bu qarayanız, suyuşirin qız öz yaşıdlarından, tələbə rəfiqələrindən çox fərqli bir ovqat sahibiydi. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimləri də, tələbə yoldaşları da ona xüsusi bir sayğı və sevgi ilə yanaşırdılar. Yəqin ki, ona olan bu sevginin, sayğının arxasında Telli xanımın fitri istedadı dururdu. Çünki əlvan çiçəklərə bənzəyən tələbə qızların səfində o, Telli Arazlı olaraq fərqlənirdi. Uzun illər bu imza ilə yazıb-yaradan Telli xanımı biz mavi ekrandan seyr etməyə, onun sakit axarlı söz-söhbətini dinləməyə adət etmişdik. Biz onu mədəniyyətimizin, incəsənətimizin təbliğatçısı, təşviqatçısı, yaradıcılarından biri kimi tanıyıb sevirdik. Təsadüfi deyildir ki, Telli Pənahqızı bu gün xalqımızın yaddaşında çoxsaylı dəyərli verilişlərin müəllifi kimi əbədi ömür qazanmış tək-tək jurnalistlərimizdən biridir.

Onun publisistikasında da, ədəbi-bədii verilişlərində də həmişə poetik bir ovqat sezmişik. Bu da təsadüfi deyil. Çünki Telli Pənahqızı fitrətən şairdir. O, artıq neçə şeir kitabının müəllifidir.

Telli Pənahqızı şöhrət xatirinə şeirlər yazmır. O sadəcə olaraq ifadəsi adi sözlərlə çox çətin olan dəruni hisslərini şeirə çevirir. Onun şeirlərində zərif ruhlu bir xanımın hislər toplusunun mənzərələrini seyr edirik:

O gecə əlimi tutmadın, nədən?
Qəmin kəm... sözüm yox, susub gedirəm.
Daha nə fərqin var özgələrindən?
Gözüm nəm... mən səndən küsüb gedirəm. 

Ədəbi redaktor kimi Telli Pənahqızının nəşrə hazırlanan “Yaddaşım qaval daşı” kitabının ilk oxucusu olmuşam. Kitabı oxuduqca yaşadığım hissləri indi də unutmuram. Axı bu misralara necə biganə qalmaq olar:

Çağlayan ümman gördüm,
Ağlayan duman gördüm.
Gül üstündə qan gördüm,
İçimdə bir çocuq öldü...

“Ömrün qoşa izləri”, “Ayrılıqdan sonra çəkilmiş şəkillər”, “Tanrımla söhbət”, “Səsində ay işığı var”, “Səsin xiffəti” və b. kitabların müəllifi Telli Pənahqızının bu günlərdə “Təhsil” nəşriyyatında nəfis tərtibatda nəşr olunmuş “Yaddaşım qaval daşı” kitabında yurd həsrətindən, dünyanın gedişindən, vəfadan, etibarsızlıqdan, dürüstlükdən, dönüklükdən, sevincdən, kədərdən, təklikdən, tənhalıqdan yaranmış şeirləri toplanmışdır.

“Yaddaşım qaval daşı” şeirlər toplusu Telli Pənahqızının duyğu və düşüncələrinin, yaşantılarının ifadəsi, oxucunu düşünməyə sövq edən etiraflarıdır. Xalq yazıçısı Elçin Telli Pənahqızının şeirlərini haqlı olaraq “Hisslərin poeziyası” adlandırıb: “Məndən soruşsalar ki, Telli Pənahqızının poeziyasını iki sözlə necə xarakterizə edərsən, deyərəm: hisslərin poeziyası. Onun poeziyası hisslərə köklənib və elə buna görə də həmişə sirli, üstüörtülü, bağlı çalarlar meydana çıxır və hər şeirdə yeni bir duyğu, təzə bir nüans sezirsən”.

Çox həssas müşahidədir və əlavə şərhə ehtiyacı olmayan fikirdir.

Doğrudan da, Telli Pənahqızının şeirlərindəki yaşantılar duyar qəlbli hər bir insan üçün doğmadır. Ona görə ki, o, bütün şeirlərində səmimidir. İstər Vətəndən, dünyadan, istərsə sevgidən, vəfadan, vəfasızlıqdan yazsın, eyni səmimiyyəti görürük. Onun bir şair olaraq hiss və duyğuları, yaşantıları, içdən gələn çarpıntılar, nigarançılıqlar ruhumuzla həmahəng olduğu üçün bizə çox yaxındır. Budur, yurd həsrətiylə çırpınan şairə tikanlı məftillər, minalanmış ərazilər tanımayan “Bəxtəvər quşlara” müraciətlə soruşur:

Qoca Qartal, Vediyəmi gedirsən,
Kim boyayıb köksün altın al qana?
Vətəninə ölməyə gedirsən,
Deyirsən ki, qoy dərs olsun qanana, 

Bu şeirdə yurd həsrətindən göyüm-göyüm göynəyən şairənin həyəcanlarını, yaşantılarını duymamaq mümkün deyil. “Bəxtəvər quşlar” şeirindəki ovqat Vətəndən Vətənə – düşmən tapdağı altında inləyən yurd yerlərimizə həsrətlə baxan, için-için qovrulan yüz minlərlə soydaşımızın ağrı-acısının ifadəsidir:

Gözəl quşum, o eldənmi gəlibsən?
Gəl baxım gözünə doyunca barı.
Küçəmizi, evimizi görübsən,
Gözündən boylanım Vətənə sarı.

Telli Pənahqızı “Yaddaşım qaval daşı” kitabında bizi düşündürən çox mətləblərə toxunub. O, barbarlığa, ədalətsizliyə, işğala göz yuman “Dünyaya” üz tutub, Xocalıya ağı deyib, eyni zamanda “Torpağın ağısı”nı da eşidib:

Mən odu söndürüb küllə oynadım,
Çiçək yağışında... güllə oynadım.
Sinəmə sıxıldı güllə... oynadım,
Özüm öz bəxtimin qatili oldum.

Onun lirik qəhrəmanı sevgilisindən var-dövlət ummur, İNSANLIQ, duyarlılıq, həssaslıq umur:

İnsanam... bircə xoş baxışa möhtac,
Dünyadan umduğum gül-çiçəkdən tac.
Qupquru budağam, barsız bir ağac...
Mən sənsizəm, sən də məndən xəbərsiz. 

Bəli, həqiqətən qəlbində insanlıq gəzdirən kəslər çox vaxt bir xoş baxışa möhtacdırlar.

Telli Pənahqızının şeirləri pafosdan, hay-küydən çox uzaqdır. Onun şeirlərinin təbii axarı, dilinin poetik ahənginin saflığı dərhal oxucuya sirayət edir.

Mərddim, qova-qova namərd elədin,
Sinəmdə sözünün göynəyi qaldı.
Ölən məhəbbətin, bitən sevginin,
Əlimdə bir qanlı köynəyi qaldı.

Yaxud: 

Bu öpüşün tamı ayrı, dadı özgədir,
Bu görüşün, bu vüsalın adı özgədir.
Mən ki səni yaddaşımda dəfn eləmişdim,
Dönüb gələn sən deyilsən, yaddır, özgədir.

Telli Pənahqızının “Yaddaşım qaval daşı” şeirlər toplusunda min bir bədii sual, nöqtə-vergül, nida var.

“Yaddaşım qaval daşı” kitabının son səhifəsini oxuyub fikrə daldım. Qırx ilin arxasından, Telli Pənahqızı indiki İstiqlal küçəsi ilə üzü Sabir bağına sarı qayğısız-qayğısız gedən tələbə qızların önündə gəldi gözlərimin qarşısında. Bu gün SÖZÜ özündən öndə, adı-ünvanı dillərdə olan Telli Pənahqızı deyir ki:

Səba yeli, öp yarımın gözündən,
Məni dərdli gördüyünü söyləmə.
Qərib durnam, xeyir xəbərlər apar,
Qəmdən köynək hördüyümü söyləmə.
 
Ay işığı, yollarına nur ələ,
Ey günəşim, sən qəlbinə qor çilə!
Qonşu qızı, sən də onu tut dilə...
Amma mənim öldüyümü söyləmə.
 
Bu cür həssas şeirlərin müəllifi heç zaman ölməz, Telli xanım. Yaşa və yarat!

 





30.05.2013    çap et  çap et