525.Az

Ağdamda səhiyyənin imkanları genişləndirilir


 

Ağdamda səhiyyənin imkanları genişləndirilir<b style="color:red"></b>

Ərazisinin əksər hissəsi erməni işğalına məruz qalan Ağdamda həyat qaynayır, öz axarı ilə davam edir. Ağır müharibə illərindən sonra sözügedən bölgə özündə güc və iradə toplayaraq bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Respublikanın hər yerində olduğu kimi, burada da geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Rayon əhalisinin güzəranın yaxşılaşdırılması, sosial ehtiyaclarının təmin olunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bölgədə səhiyyə sahəsi də ilbəil inkişaf etdirilir. Adıçəkilən rayon mərkəzi xəstəxanasının baş həkimi Gülnar xanım Abbasovanın dediklərinə görə, ölkə Prezidenti İlham Əliyevin səfərləri zamanı verdiyi göstərişlərə əsasən son dövrlər bölgədə səhiyyənin maddi-texniki bazası daha da möhkəmləndirilib, yerli və köçkün əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi üçün ciddi addımlar atılıb. Quzanlı qəsəbəsində müasir standartlar səviyyəsində tikilib istifadəyə verilmiş doğum evi, uşaq xəstəxanası, poliklinika və təcili yardım stansiyasının fəaliyyəti bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Rayonun işğal olunmamış ərazilərində salınan köçkün qəsəbələrində, eləcə də Qasımbəyli və Xam Torpaq yaşayış massivlərində fəaliyyətə başlayan yeni tibb məntəqələri sakinlərə lazımi xidmət göstərmək üçün səfərbər olunub.

Qeyd edilib ki, rayon mərkəzi xəstəxanasının tabeliyində olan bütün tibb müəssisələri, ən müasir avadanlıqlarla, o cümlədən doğum evi üçün əməliyyat dəsti, süni tənəffüz aparatı, biokimyəvi analizatorlar, göz cərrahi əməliyyatlar üçün ən yeni mikroskopik qurğu, həmçinin bərk və yumşaq inventarlarla təchiz edilib. Baş həkim bölgədə fəaliyyət göstərən bir çox kənd xəstəxanaları, həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin cari, Xındırıstan kənd xəstəxanasının isə əsaslı təmir olunacağını bildirib. Sərhəd zonasında evlərdə fəaliyyət göstərən tibb məntəqələri üçün Nazirlər Kabinetinin qərarı ilə yeni binaların tikilib istifadəyə verilməsinin planlaşdırıldığı da dilə gətirilib. Gülnar xanımın qənaətinə görə, sözügedən mərkəzi xəstəxanada çalışan işinin öhdəsindən layiqincə gələn, bacarıqlı həkim və tibb işçiləri hesabına əhaliyə göstərilən ambulator və stasionar xidmətin səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli yüksəlib. İlk növbədə, buna yaradılmış şərait, insanlara ədalətli münasibət, diqqət və qayğı, xoş rəftar ciddi təsir göstərib. Əvvəllər paytaxta və ətraf rayonlara üz tutan sakinlər bu gün rayonun səhiyyə müssisələrinin xidmətindən istifadə etməyə üstünlük verirlər. Ətraf bölgələrdən Ağdam rayon mərkəzi xəstəxanasına müraciət edənlərin sayı isə durmadan artır. Elə bu səbəbdən də xəstəxanada aparılan cərrahi əməliyyatlar da xeyli çoxalıb.

Xəstəxanaya müraciət edənlərə, xüsusilə şəkərli diabet xəstələrinə qayğı ilə yanaşılır. Əvvəllər bu sahədə mövcud olan çətinliklər respublika Səhiyyə Nazirliyinin yaxından köməkliyi sayəsində aradan qaldırılıb. Hazırda rayon üzrə qeydiyyatda olan 2094 nəfər şəkərli xəstəyə xidmət göstərilir ki, onlar pulsuz dərmanlarla, müayinə cihazları ilə təmin olunurlar. Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobıl əlillərinə də lazımi tibbi xidmət göstərilir. Xroniki xəstəliklərin müayinə olunması və qeydiyyata alınmasına ciddi nəzarət edilir. Bu məqsədlə əhalinin kütləvi müayinə edilməsi tədbirləri həyata keçirilir. Aşkar olunmuş vərəm və digər xəstəliklər ilə əlaqədar təcili ölçülər götürülür. Rayonda ana və uşaqlara göstərilən tibbi xidmət işində dönüş yaradılıb. Rayon doğum evində ixtisaslı həkimlərlə kadr potensialının gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması doğuşların stasionar həyata keçirilməsinə imkan yaradıb. Ötən dövr ərzində rayonda ana ölümü qeydə alınmayıb. Uşaq əhalisinə yüksək tibbi xidmət göstərilməsi məqsədi ilə sahə həkimlərinin fəaliyyəti canlandırılıb. Rayon uşaq xəstəxanası tərəfindən respublika səhiyyə nazirliyinin proqramına uyğun olaraq yoluxucu xəstəliklərə qarşı peyvənd tədbirləri vaxtında və dəqiq yerinə yetirilir.

Görülmüş tədbirlərin nəticəsidir ki, rayonda uşaq ölümü faizi respublika göstəricisindən xeyli aşağıdır. G.Abbasova əlavə olaraq bildirib ki, rayonda əhali arasında səhiyyə maarifinin genişləndirilməsi, xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi üçün konkret addımlar atılır. Yaradılmış səyyarı xidmət briqadaları tərəfindən qrafik əsasında ucqarlarda, sərhəd bölgələrində yaşayan əhaliyə lazımi tibbi yardımlar edilir. Bu işə Bakı şəhərindən ezam olunmuş yüksək ixtisaslı mütəxəssislər də cəlb olunur. Bəzi cərrahi əməliyyatların paytaxtdan dəvət edilən respublikanın tanınmış cərrahları tərəfindən aparılması yaxşı səmərə verir. Cari ildə rayon mərkəzi xəstəxanasının təşəbbüsü ilə imkansız ailələrdən olan 110 nəfər uşaq pulsuz sünnət edilib. Xəstəxananın kollektivi rayon üzrə keçirilən qanvermə aksiyalarında fəal iştirak edib. Gülnar xanım mərkəzi xəstəxananın həkim və tibb işçilərinin rayonda keçirilən bütün ictimai tədbirlərə fəal surətdə qoşulduqlarını vurğulayıb, cəbhə bölgələrində əsgərlərlə görüşlər təşkil olunmasından, imkansız şəxslərə, köçkünlərə yardımlar edilməsindən söz açıb.

Söhbət zamanı xəstəxanada bir çox sahələr, xüsusilə mama-ginekoloq ixtisası üzrə kadr ehtiyacının təmin olunmasının, uzaq məsafələrə çağırışa getmək üçün rayon təcili yardım stansiyasına sanitar maşınları verilməsinin vacibliyinə də toxunulub. Sonda Ağdam səhiyyəsinə göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə, respublika səhiyyə nazirliyinə, rayon icra haikimiyyətinə səmimi təşəkkür və minnətdarlığını bildirən baş həkim mərkəzi xəstəxananın çoxsaylı kollektivinin möhtərəm Prezident İlham Əliyevi dəstəklədiyini və növbəti seçkilərdə ona yekdilliklə səs verəcəyini qeyd edib.

Yəhya PAŞAZADƏ

 





30.05.2013    çap et  çap et