525.Az

Azərbaycan və dünya şərqşünaslığında parlaq imza: Aida İmanquliyeva


 

Azərbaycan və dünya şərqşünaslığında parlaq imza: <b style="color:red">Aida İmanquliyeva </b>

Görkəmli şərqşünas alim Aida İmanquliyeva XX əsrdə Azərbaycan ərəbşünaslıq elminin əsas istiqamətlərinin müəyyən olunması, ərəb ədəbiyyatının müxtəlif problemləri və ayrı-ayrı mütəfəkkir ərəb yazıçılarının yaradıcılığının öyrənilməsində xüsusi xidmətləri ilə seçilir.

Tarix boyu Azərbaycanın ictimai-siyasi və mədəni sferasında qadın ziyalılarımızın da mühüm və əhəmiyyətli rola malik olduğu milli ənənələrimizin davamçısı kimi Aida İmanquliyevanın fəaliyyətində üç əsas sahəni ayırd etmək mümkündür:

İlk növbədə, Aida xanımın Azərbaycan şərqşünaslığı tarixində ilk qadın alimlərdən biri, bu sahədə doktorluq dissertasiyası müdafiə edən birinci xanım tədqiqatçı kimi fəaliyyəti diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, ərəbşünas alimin araşdırdığı problemin - ərəb mühacirət ədəbiyyatı mövzusunun elmi tematikası zəngin və mürəkkəb olmaqla yanaşı, yeni və tədqiq olunmamış bir istiqamət idi.

Aida İmanquliyevanın tədqiqatlarının əsas hissəsinin, monoqrafiya və məqalələrinin böyük bir qisminin həsr olunduğu ərəb mühacirət ədəbiyyatının araşdırılmasının başlıca əhəmiyyətini şərqşünas alim özü çox düzgün olaraq şərh edib. Ərəbşünas tədqiqatçıya görə, "VIII-XII əsrlərdə çiçəklənmə mərhələsini yaşayaraq intibah dövrünün mədəni yüksəlişinə öz əhəmiyyətli töhfəsini verən" ərəb mədəniyyəti XIX əsrin sonu XX əsrin əvvəllərində məhcər ədəbiyyatının formalaşması, bu ədəbi istiqamətin yüksək fəaliyyəti ilə bir daha xüsusi zirvə fəth etmişdir.

Müəyyən zaman daxilində ABŞ-da fəaliyyət göstərən, milli ədəbiyyatı, eləcə də Şərqin çoxəsrlik inkişaf tarixinə malik ədəbi ənənələri, dini-fəlsəfi dünyagörüşü, ictimai-siyasi fikirlərini dünya mədəniyyətinin müxtəlif anoloji düşüncə sferası ilə vəhdətdə ifadə edən ərəb mütəfəkkir yazıçılarının - Cibran Xəlil Cibran, Əmin ər-Reyhani və Mixail Nuaymənin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gətirib.

Ərəb mühacirət ədəbiyyatının öyrənilməsi bədii ədəbiyyatın xüsusi forması olan, milli ədəbiyyatın dünya mədəniyyətinə inteqrasiyasında optimal və intensiv ədəbi şəraitin əsas göstəricisi kimi çıxış edən mühacirət ədəbiyyatı nəzəriyyəsinin aydınlaşdırılmasına gətirib çıxarır. Dünya elmində Orientalizm konsepsiyasının ən məşhur nəzəriyyəçilərindən biri olan Edvard Said Qərb mədəniyyətini bir çox sahələrdə sürgün edilənlərin, mühacirlərin, qaçqınların yaradıcılıq məhsulu hesab edir. Bu kontekstdən yanaşdıqda ABŞ-dakı ərəb ədəbiyyatının da sırf milli ədəbiyyatın mühacirətdəki fəaliyyət qrupu kimi səciyyələndirmək olmaz. Ərəb ədiblərinin ingilisdilli fəaliyyəti onların milli ədəbiyyatın sərhədlərini aşmağa, təkcə mövzu, forma, ədəbi ənənələr deyil, dil göstəricisi baxımından da ərəb-Amerika yazıçıları kimi qəbul olunmalarına yol açdı. Mixail Nuaymə Cibran Xəlil Cibranın ingilisdilli ilk kitabı olan "The Madman" - "Dəli" kitabını dəyərləndirərkən mühacir yazıçının ikidilli yaradıcılıq fəaliyyətinin məhz mədəniyyətləri qovuşdurmaq arzusundan qaynaqlandığını ifadə edirdi: "O bilirdi ki, ruhunda rəssam və şair əkizdir. O, amerikalılara poeziyasını yox, rəssamlığını gətirmişdir, dili bir qardaşlarına isə rəssamlığını yox, poeziyasını qoymuşdur. Nə ərəblər təsviri incəsənəti anlamadıqları üçün onun rəssamlığından bir şey başa düşürdülər, nə də amerikalılar ərəb dilini bilmədikləri üçün onun poeziyasından bir şey dərk edirdilər. Deməli, əgər o, iki şeyi birləşdirmək istəyirdisə, ingiliscə yazmalı idi. Bu, onun çoxdankı arzusu idi".

"Mən iki dünyanın vətəndaşıyam - Kainatın vətəndaşıyam" deyən Əmin ər-Reyhani də ikidilli yaradıcılıq prosesini ədəbi düşüncənin qlobal həllində ən önəmli vasitələrdən sayırdı. Əgər müasir dövrümüzdə "ingilis dili, sanki, öz milli mənsubiyyətini itirir, qloballaşmanın həqiqi dili, müasir dünyanın "linqua-franca"sı"  kimi dəyərləndirilirsə, bu təlimin ədəbiyyatdakı təzahürlərini daha öncəki dövrlərdə müşahidə edir, məhcər ərəb yazıçılarının bədii irsində görürük. Burada artıq Şərq düşüncəsi Qərb dilində danışırsa, o, milli ədəbiyyatın dünya ədəbiyyatına birbaşa inteqrasiyası, dünyanın ədəbi-bədii yaradıcılıq sferasında qəbul olunma faktı, ən başlıcası isə ədəbi dəyərlərin vəhdəti, fərqli dünyagörüşlərin sintezi kimi meydana çıxır. Bu baxımdan da ərəbşünas alim A.İmanquliyeva çox haqlı bir nəticəyə gəlir ki, "ərəb məhcər ədəbiyyatının bütün ərəb ədəbiyyatının inkişafı tarixində kiçik epizod olmasına baxmayaraq, "Suriya-Amerika məktəbi"nin yazıçıları həm ərəb Şərqində, həm də Qərbdə çox geniş şöhrət qazanmışlar və onların yaradıcılığını nəzərə almadan yeni ərəb ədəbiyyatının inkişafının tam və dolğun mənzərəsini təsəvvürə gətirmək qeyri-mümkündür".

Aida İmanquliyevanın tədqiqatları müqayisəli ədəbiyyatşünaslığın mühüm məsələlərinin araşdırılması, ərəb yazıçılarının yaradıcılıq nümunəsində Şərq və Qərb ölkələri ədəbiyyatlarının ortaq, uyğun və fərqli problemlərinin öyrənilməsi, qarşılıqlı və birtərəfli təsir nəzəriyyəsinin şərhini qarşıya qoyur. Ərəbşünas alim yazır: "Bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər". Həqiqətən də, Ə.ər-Reyhani və C.X.Cibranın yaradıcılığında ingilis romantikləri və Amerika transsendentalizmi, M.Nuaymənin ədəbi-fəlsəfi irsində rus realizmi və nəzəri-estetik fikri ilə səsləşən məqamlar dünya ədəbiyyatının böyük bir sahəsinə kompleks şəkildə yanaşmaq, müqayisəli araşdırmalar aparmaq zəruriyyətini doğurur. İslam və xristian dini, sufizm və Qərb fəlsəfəsi, qədim hind mədəniyyəti və digər möhtəşəm mənbələrdən qaynaqlanan mövzu və ideyaları da nəzərə alsaq, ərəb yazıçılarının yaradıcılıq sferası və A.İmanquliyevanın tədqiqatçılıq fəaliyyətinin sərhədlərini təsəvvür edə bilərik.

Bütövlükdə, görkəmli ərəbşünas alimin müqayisəli ədəbiyyatşünaslıq sferasında tədqiq etdiyi ədəbi nümunələr üç əsas problem ətrafında ümumiləşdirilmişdir:

Birinci, mühacir yazıçıların yaradıcılığında Şərq və Qərb mədəniyyətinə baxış məsələsi ərəbşünas alimin diqqət mərkəzində olmuşdur. A.İmanquliyeva yazır: "C.X.Cibran, Ə.ər-Reyhani və M.Nuaymə özlərinin çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimsəmiş, onların dəyərlərini ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər".

Şərq və Qərb ölkələri arasındakı mədəni əlaqələrin tarixi qədər qədim olsa da, Şərq və Qərb problemi öz konseptual həllini son əsrlərin ədəbi-fəlsəfi və ictimai fikrində tapmış, XIX əsrin II yarısından sonra, xüsusilə sonlarına doğru qlobal düşüncənin aktual mövzularından birinə çevrilmişdir. Ərəb mühacirət ədəbiyyatının görkəmli nümayəndələri də Şərq-Qərb probleminə bədii düşüncə və mövzu çərçivəsində yanaşan ədiblərdən fərqli olaraq sistemli konsepsiya irəli sürmüş, prinsipial məqamları ortaya çıxarmışlar. Qərb ədəbiyyatında V.Şekspir, K.Marlo, B.Conson, C.Milton, V.Vordsvort, T.Mur, C.Q.Bayron, P.B.Şelli, V.Skot və digərləri, ərəb ədəbiyyatında Q.Əmin, Ə.İshaq, M.Teymur və digərlərinin Şərq və Qərb mədəniyyətlərinin müqayisəli təqdimi ilə bağlı fikirlərindən daha ön plana keçərək məhcər yazıçılar problemi nəzəri təlim səviyyəsinə yüksəltdilər. Ərəb tədqiqatçısı Əmin Albert Reyhani mövzu ilə bağlı məhcər yazıçılardan biri haqqında çox haqlı olaraq yazır: "Ər-Reyhani istəyirdi ki, Şərq və Qərb arasındakı müzakirələr siyasətdən əxlaqa, etnik maraqlardan insan dəyərlərinə aid müzakirələrə çevrilsin". Ə.ər-Reyhani ingilis dilində yazdığı "The Book of Khalid" - "Xalidin kitabı" əsərində "Şərqin ürəyi və Qərbin ağlına sahib həqiqi xilaskarın"  azadlıq və demokratiyaya əsaslanan ərəb imperiyası yaradacağına inanırdı.

"The White Way and Desert" - "Ağ yol və Səhra" əsərində Şərq və Qərbi nəzərdə tutaraq "biz kifayət qədər dərinə və kifayət qədər yüksəyə gedəndə görüşürük" deyən ər-Reyhani mədəniyyətlərin birliyini vacib amil kimi dəyərləndirirdi.

A.İmanquliyevanın tədqiqatlarında müqayisəli ədəbiyyatşünaslığın nəzəri məsələləri çərçivəsində araşdırılan ikinci problem romantizmlə bağlıdır. Ərəb yazıçılarının yaradıcılıq metodlarından bəhs edərkən şərqşünas alim yazır: "Suriya-Amerika məktəbi"nin təcrübəsində Qərb və Şərq ənənələrinin sintezi problemi, bu məktəbin nümayəndələri tərəfindən Qərbi Avropa və Amerika romantizminin və rus tənqidi realizminin mənimsənilməsinin özünəməxsus xüsusiyyətləri problemi, onların əsərlərində yaradıcı metodun təkamülü problemi meydana çıxır".

İnsan şəxsiyyətinə böyük önəm vermək, cəmiyyət və təbiətə maddi və mənəvi tərəflərdən yanaşmaq, həqiqət, xeyir və gözəlliyin vəhdəti, klassik ədəbi irsə münasibət, vətən və millət haqqında düşüncələr, humanizm ideyaları, şair təxəyyülünə xüsusi yer verilməsi, poeziya və sənət məsələləri, təbiət və sivilizasiya və digər mövzuları ilə ədəbiyyata yol açan romantizm mühacir ərəb yazıçılarının yaradıcılığında da aparıcı yer tutur. Əmin ər-Reyhani maarifçilik, Cibran Xəlil Cibran sentimentalizm, Mixail Nuaymə realizmin xüsusiyyətlərini müəyyən mərhələdə öz əsərlərində ifadə etsələr də, romantizm hər üç müəllif üçün xarakterik olmuşdur.

Ə.ər-Reyhaniyə həsr etdiyi tədqiqatlarda əsas problemlərdən biri kimi "sənətkar Əmin ər-Reyhani Qərb, xüsusilə də Amerika romantizmini hansı dərəcədə qəbul edib və romantizmin ideya və konsepsiyaları onun yaradıcılığında hansı inkişaf səviyyəsinə çatıb" məsələsini irəli sürən görkəmli şərqşünas, ərəb yazıçısının yaradıcılığını R.U.Emerson, U.Uitmen, H.Toro kimi Amerika transsendentalizminin görkəmli nümayəndələrinin əsərləri ilə müqayisəli tədqiqat prosesində öyrənmişdir.

Amerika romantizminin xüsusi mərhələsi olan transsendentalizmin idealizm və sosial fəallıq kimi iki mühüm cəhəti Əmin ər-Reyhaninin "Xalidin kitabı" əsəri üçün də çox səciyyəvidir. Amerika transsendentalistləri fəlsəfi baza kimi alman idealist fəlsəfəsindən bəhrələnmişdirlər ki, həmin fəlsəfi sistem, eləcə də Avropa idealist düşüncəsinin əsasında bir tərəfdən də zəngin tarixə malik Şərq idealizmi, hind fəlsəfəsi, brahmanizm ideyaları dayanırdı. Amerika transsendentalizminə mənsub şairlərin mövzu baxımından da Şərqə meyl etmələri, Şərq ədəbiyyatına xüsusi maraq göstərmələri Əmin ər-Reyhaninin Qərb ədəbiyyatının məhz bu istiqamətinə meylinin əsasında dayanan faktlardandır. Ərəb yazıçısı inikas üsulu kimi, sözsüz ki, Şərq ədəbiyyatında daha qədim və zəngin ənənələri olan romantizmə Amerika transsendentalizminin ideyaları əsasında yeni ruh və orijinal sintez gətirmişdir. Buna görə də "güclü dalğa çimərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevrilir. Dünyanın böyük mütəfəkkirləri də belə edir" deyən Xalid Əmin ər-Reyhaninin Amerika transsendentalizmi ilə səsləşən fikirlərini göstərməklə yanaşı, milli ədəbiyyatın ənənələrini də ehtiva edir.

A.İmanquliyeva C.X.Cibranın romantizmindən bəhs edərkən, haqlı olaraq, "XX əsrin 10-cu illərinin sonu - 20-ci illərinin əvvəllərində Cübranın yaradıcılığında romantizm əsas metod kimi öz təsdiqini tapır" - deyə qeyd etmişdir. Araşdırmalar göstərir ki, bu dövrdə və daha sonrakı mərhələlərdə yazılmış ingilisdilli "Dəli", "Müjdəçi", "Peyğəmbər", və digər kitablarında C.X.Cibranın romantik yaradıcılığı daha da zənginləşmişdir.

C.X.Cibranın yaradıcılığına öz təsirini göstərən Qərb şairləri arasında XIX əsr ingilis şairi V.Bleyk, "Göl məktəbi" nümayəndələri - S.T.Kolric, V.Vordsvort və Amerika transsendentalistləri daha çox diqqəti cəlb edir. "Sizin ideyalarınız İudaizm, Brahmanizm, Buddizm, Xristianlıq və İslamı müdafiə edir. Mənim fikrimdə yalnız bir yeganə universal din var" deyən Cibranın fikirlərindən də göründüyü kimi, Qərbin ədəbi-fəlsəfi ideyaları Şərqin sufi dünyagörüşü zəmnində ifadə olunmuşdur.

Müqayisəli ədəbiyyatşünaslığın nəzəri problemləri sistemində A.İmanquliyevanın tədqiqatlarında araşdırılan üçüncü məsələ realizm ilə bağlıdır. Ərəbşünas alim M.Nuayməni ərəb ədəbiyyatı tarixində realist hekayənin məşhur nümayəndələrindən biri kimi dəyərləndirərək yazır: "M.Nuaymənin hekayələrinin əsas məziyyəti də onların, məhz, real həyatı əks etdirməsidir".

Bütövlükdə, XIX əsrin ortalarından etibarən inkişaf edən yeni ərəb ədəbiyyatında realist istiqamətin inkişafı hekayə və novella janrlarının yeni yaradıcılıq metodunun keyfiyyətləri çərçivəsində formalaşması üçün də zəmin yaratmışdır. Şərq ədəbiyyatında XIX əsr və XX əsrin əvvəllərində realizmin formalaşması prosesi başa çatmışdır. Mühacirət ədəbiyyatı ərəb bədii yaradıcılığında realizmin inkişafında əhəmiyyətli rol oynamışdır. İlk realistlərdən biri kimi qiymətləndirilən M.Nuaymə bu sahədə realist rus yazıçısı A.P.Çexov, maarifçi-realist İ.S.Turgenev və mütəfəkkir ədib L.N.Tolstoyun yaradıcılıq keyfiyyətlərindən də orijinal şəkildə bəhrələnmişdir. M.Nuaymənin L.N.Tolstoy ideyaları ilə səsləşən "Mirdadın kitabı", "Ərqəşin xatirələri", "Sonuncu gün" kimi əsərlərinin romantizmlə daha çox bağlı olduğunu qeyd etməklə, hekayə və novellalarında A.P.Çexov ənənələri, "Atalar və oğullar" pyesində isə İ.S.Turgenevin görüşləri ilə səsləşən realist xüsusiyyətlərin üstünlük təşkil etdiyini söyləmək lazımdır. Bununla belə, M.Nuaymənin kiçik nəsr janrlarında yazdığı əsərlərdə milli ədəbiyyatın ənənələri başlıca yer tuturdu. Görkəmli tədqiqatçı A.İmanquliyeva da həmin məqamlara xüsusi önəm verir, yazıçını "orijinal və özünəməxsus sənətkar" kimi səciyyələndirirdi: "Nuaymənin bütün hekayələri ərəb gerçəkliyinin səciyyəvi xüsusiyyətlərini əks etdirir. Onun novellaları yalnız süjet və məzmununa görə deyil, həm də öz ruhuna görə millidir".

A.İmanquliyevanın araşdırmalarında ön planda olan mühüm məsələlərdən biri tədqiq etdiyi yazıçıların yaradıcılığında qadın mövzusuna xüsusi həssaslıqla yanaşması ilə bağlıdır. Görkəmli şərqşünas tədqiqatçının yaradıcılığını tədqiq etdiyi C.X.Cibran, Ə.ər-Reyhani, M.Nuaymənin əsərlərində Şərq qadınının cəmiyyətdəki rolu, islam dini və qadın kimi çox mühüm problemlər öz əksini tapmışdır.

XIX əsrin sonları, XX əsrin əvvəllərində ərəb ədəbiyyatında çox işlənən mövzulardan biri də qadın mövzusu idi. Mövzunun sözügedən mərhələdə xüsusi aktuallıq kəsb etməsinə İslam modernizmi hərəkatı da çox böyük təsir göstərmişdir. Ərəb ölkələrində qadınların əsarəti və hüquqsuzluğu islam dininin insanların bərabərliyi ideyasına zidd idi. İslam modernizminin güclü təkan verdiyi maarifçi ədəbiyyat da islamın mütərəqqi ideyaları vasitəsilə həmin mövqeyi əsaslandırmağa çalışırdı. Müsəlman cəmiyyətində qadınların sosial və mənəvi əsarəti tendensiyasına, qadın problemlərini dinlə bağlamaq cəhdlərinə ən tutarlı cavab elə müqəddəs "Quran"ın qadına münasibətinin şərhində öz əksini tapırdı. Müsəlman cəmiyyətində qadının statusu məsələsindən ilk dəfə bəhs edən Butrus əl-Bustaninin "Talim əl-Nisa" - "Qadınların təlimi" (1849) əsərindən sonra əl-Kəvakibi, Q.Əmin kimi maarifçi ziyalılar da qadın probleminə geniş yer ayırmışlar.

Qadın mövzusu mühacir yazıçılar üçün də çox xarakterik idi. Onlar millətin inkişafında qadınların emansipasiyası problemini həlledici amillərdən hesab edirdilər. C.X.Cibranın hələ 12 yaşı olarkən anası ilə etdiyi kiçik söhbət qadınların Şərq dünyasındakı vəziyyətini əks etdirir, onların maariflənmək arzularını ifadə edirdi:

"Anam dedi: "Əgər sən dünyaya gəlməsəydin, mələk olardın".

Mən cavab verdim: "Mən hələ də mələyəm!"

O, güldü və soruşdu: "Bəs sənin qanadların hanı?"

Mən onun əllərini çiynimə qoyub dedim: "Mənim qanadlarım bunlardır".

O, cavab verdi: "Lakin onlar qırıqdır".

"Qırılmış qanadlar" ifadəsini Cibran 17 il sonra yazdığı, qadınların ailə və cəmiyyətdəki roluna, sevgi və nigah məsələlərinə həsr etdiyi povestinə vermişdir. Əsəri geniş şəkildə araşdıran A.İmanquliyeva povestdə qadın azadlığı mövzusunun sadəcə bir qadının şəxsi dramı çərçivəsindən çıxaraq, özünün daha geniş şərhini tapdığını qeyd etmişdir.

Əsərin qəhrəmanı Səlmanın dilindən "mən kənizəm, atamın var-dövləti məni bazara gətirdi və mən bir kişiyə satıldım" deyən Cibran "Hanili Varda", "Gəlin yatağı", "Banlı Marta" və digər hekayələrində də qadın problemini əks etdirmişdir ki, bütün bunlar ərəbşünas alimin tədqiqatlarında geniş şəkildə öz əksini tapmışdır.

A.İmanquliyevanın Azərbaycanın ictimai-mədəni həyatında reallaşdırdığı elmi-təşkilati fəaliyyəti də böyük əhəmiyyətə malik olmuşdur. Bir tərəfdən ərəbşünas alim Moskva, Sank-Peterburq, Kiyev, Poltava, Hamburq, Halle kimi dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan elmini təmsil etmişdir. Digər tərəfdən isə A.İmanquliyeva AEA-nın Şərqşünaslıq İnstitutunda şöbə müdiri, direktor müavini və direktor kimi mühüm təşkilati işləri reallaşdırmışdır.

Bütün bunlar görkəmli şərqşünas alim Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığının inkişafındakı mühüm rolunu göstərir, cəmiyyətimizin elmi mühiti və mədəni həyatındakı yüksək fəaliyyətindən xəbər verir.  

 





10.10.2017    çap et  çap et