525.Az

Minsk qrupunun "fəallığı" nəticə verəcəkmi?


 

"ERMƏNİSTAN PREZİDENTİ HEÇ BİR ÖN ŞƏRT QƏBUL OLUNMADAN DANIŞIQLAR APARMAĞA MƏCBUR EDİLƏCƏK"

Minsk qrupunun "fəallığı" nəticə verəcəkmi?<b style="color:red"></b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Edryu Şofer (ABŞ) regiona səfər ediblər.

Vasitəçilər Ermənistanda keçirdikləri görüşlərdən sonra Azərbaycana gəliblər.

Oktyabrın 7-də prezident İlham Əliyev həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiklə birgə qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.

Daha sonra həmsədrlər regiona səfərin yekunu ilə əlaqədar birgə bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd olunub ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində prezidentlərlə görüşüblər: "Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib".

Həmsədrlər prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər.

Minsk qrupu həmsədrlərinin regiona səfəri, aparılan danışıqlar və əldə olunan nəticələrlə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Ermənistan danışıqlar prosesini pozmağa çalışsa da, son nəticədə onların istədikləri baş vermədi: "İşğalçı ölkənin Dağlıq Qarabağ danışıqlarını pozmağı bacarmaması ATƏT-in Minsk qrupu həmsədrlərinin səyi ilə bağlıdır. Həmçinin, burada BMT, Avropa təsisatları, eləcə də böyük dövlətlərin əməyi var. Həmin qüvvələr Ermənistana təzyiq edərkən Azərbaycan prezidentinin məsələ ilə bağlı fikrini əsas götürüblər. Buna qədər ermənilər şərt irəli sürürdülər ki, təmas xəttində müşahidə-monitorinq qurğuları yerləşdirilməlidir. Lakin həmsədrlərin son bəyanatında bu məsələ öz əksini tapmadı. Son hadisələrin rəsmi Bakının istədiyi kimi irəliləməsi ermənilərdə çox ciddi təlaş yaradıb. Bütün bunlar Ermənistan diplomatiyasının növbəti məğlubiyyətidir".

Politoloqun sözlərinə görə, ermənilərin fikrincə, Vyana danışıqları yuxuluyubsa, bu son nəticədə təmas xəttində aprel döyüşlərinin yenidən təkrarlanması ilə nəticələnə bilər.

Prezidentlərin gözlənilən görüşü ilə bağlı proqnozlarını verən M.Əhmədoğlu qeyd edib ki, ilin sonuna qədər 3 tarix üzrə görüşün keçirilməsi üçün şərait yaranıb: "Azərbaycan və Ermənistan prezidentləri Soçidə MDB dövlət başçılarının toplantısında, noyabrda Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" sammitində, dekabrda isə ATƏT nazirlərinin zirvə görüşündə danışıqlar masasına əyləşə bilərlər. İstənilən halda bu görüş baş tutacaq, Ermənistan prezidenti heç bir ön şərt qəbul olunmadan növbəti dəfə danışıqlar aparmağa məcbur ediləcək".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin əsas məqsədi prezidentlərin görüşünə nail olmaqdan ibarət idi. O, SİA-ya bildirib ki, səfər zamanı hər iki tərəflə görüş keçirilsə də, hazırda nəticələrlə bağlı hər hansı prinsipial bəyanat səsləndirilməyib: "Bu baxımdan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutub-tutmayacağı bəlli deyil".

Politoloqun sözlərinə görə, Azərbaycan hər zaman məntiqli, substantiv danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bəyan edir:  "Bu məsələdə ölkəmizin mövqeyi aydındır. Azərbaycan danışıqları danışıqlar xətrinə davam etdirməyəcək. Bu baxımdan da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə aktivliyi həmsədrlər nümayiş etdirməlidir. Çünki bu məsələdə onların üzərinə təkcə vasitəçi olmaq missiyası düşmür, bu dövlətlərin hər 3-ü BMT Təhlükəsizlik Şurasının üzvləridir".

BMT təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeydi-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnaməsinin olduğunu xatırladan E. Mirzəbəyli söyləyib ki, bu sənədlərin qəbul olunmasında hər 3 həmsədr dövlət səs verdiyi kimi, onların yerinə yetirilməsinə görə də məsuliyyət daşıyırlar: "Bu məsuliyyətin icra olunması üçün adekvat tədbirlər həyata keçirilməli, Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq olunmalıdır. Ermənistana ən azı maliyyə sanksiyaları tətbiq edilə bilər. Avropa İttifaqı və digər dövlətlər Ermənistanla bağlı əlaqələrinə yenidən baxa, işğala son qoyulması üçün düşmən ölkəyə təzyiqlər edə bilərlər".

Deputat Asim Mollazadə isə bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən heç bir nəticə görmür: "Çünki onlar Ermənistanla bağlı ciddi addımlar atmır, düşmən ölkənin siyasətinə, işğalına ciddi qiymət vermirlər".

25 ildir Azərbaycan torpaqlarının işğal altında olduğunu xatırladan deputat bildirib ki, bu müddət ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti, eləcə də həmsədrlərin regiona səfərləri heç bir nəticə verməyib: "Çünki onlar öz siyasətində hüququn aliliyini üstün tutmurlar. Əgər Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atmasa, Ermənistan tərəfindən danışıqlar adlanan oyunlar davam edəcək".

Səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi barədə razılığın əldə olunmasına toxunan A.Mollazadə bildirib ki, hər zaman olduğu kimi, bu dəfə də düşmən ölkə rəhbərliyi öz oyunlarını davam etdirəcək: "Azərbaycan torpaqlarının beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə geri qaytarılmasını istəyir. Lakin Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq üçün danışıqların imitasiyası ilə məşğuldur. Bu baxımdan, hesab edirəm ki, görüş baş tutsa belə, Ermənistan həmişəki oyununa davam edəcək".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





11.10.2017    çap et  çap et