525.Az

Qapınız həmişə açıq olsun! - "525"-25


 

Qapınız həmişə açıq olsun! - <b style="color:red">"525"-25</b>

Qəzetlər də adamlar kimidi. Doğması var, yadı var. Doğma olan bəzən get-gedə yadlaşır. Yad olan doğmalaşır.  Təəssüf ki, bizdə çox vaxt bunun birinci  tərəfi baş verir; doğmaların yadlaşmağı.

“525-ci qəzet” mənə çox doğmadı. Doğulduğu gündən bu günəcən.

 Mən bu qəzetin beşiyi başında durmasam da, səsini birinci eşidənlərdənəm.  Mənim də səsim bu qəzetdən çox eşidilib. Yəni, bu doğmalıq, bu sevgi qarşılıqlıdı.  Və bu sevginin mayası ana dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə olan vurğunluqdan,  sədaqətdən, təəssübkeşlikdən yoğrulub.

Mətbuat da ədəbiyyat kimi həyatın güzgüsüdü. Həyatda baş verən bütün yaxşı və pis proseslər, siyasi, mənəvi, əxlaqi dəyişikliklər bu güzgüdə öz əksini tapır. Və çox vaxt haqlı-haqsız  bu güzgünü qınayanlar arabir dönüb özlərinə və ətraflarına  da baxsalar, pis olmaz.

Bu illər ərzində  “525-ci qəzet” də  dəyişib.  Mən bu qəzetin dalaşqan vaxtlarını da görmüşəm, barışqan vaxtlarını da.  Amma günün, zamanın konyunkturası çox şeyi dəyişə bilsə də, bu qəzetin əbədi və ədəbi dəyərlərə olan  münasibətini, sədaqətini dəyişə bilməyib. Bir vaxtlar ölkənin ən kütləvi qəzetlərindən biri olan  “525-ci qəzet”i  bu gün Azərbaycanın ən ziyalı qəzetlərindən birinə çevirən də məhz onun bu keyfiyyətidi və bu keyfiyyət heç şübhəsiz ki, qəzetin yaradıcısı, mənim əziz dostum Rəşad Məcidin  adıyla, onun xarakteri, zövqü, ağlı və istedadıyla bağlıdı. 

Rəşad həmişə ürəyi, qapısı dostlara açıq olan bir adamdı. “525-ci qəzet”in qapısı da bu 25 ildə az-çox istedadlı qələm sahiblərinin üzünə həmişə açıq olub.

Mən Rəşad başda olmaqla bütün “525”ciləri ürəkdən təbrik edirəm. Qapınız həmişə açıq olsun!  

 





16.10.2017    çap et  çap et