525.Az

İşıqlı yol - "525"-25


 

İşıqlı yol - <b style="color:red">"525"-25</b>

Hər gün yaşadığım mənzildən çox da aralı olmayan qəzet-jurnal köşkünə baş çəkirəm.

Ömrümün doxsan ilində onlarla povest, oçerk, hekayələrimin, bir çox nəşriyyatlarda dərc edilmiş və on iki seçilmiş (doqquzu roman olan) əsərlərimin ilk carçısı olan “525-ci qəzet”i soruşuram. O əsərlərim ki, bir çoxu rus, türk, macar, fars dillərinə tərcümə olunub.

Üzbəüz dayandığımız satıcı könülsüz çiyinlərini çəkərək:

- Satış üçün çoxlu qəzet-jurnal alıram. Ancaq sizin istədiyiniz “525”dən yoxdur, - cavabını verir.

- Səbəbi?- soruşuram.

- Səbəbi odur ki, gələnlərin əksəriyyəti “525”i alır və tez də qurtarır.

Satıcını qınamıram. “525-ci qəzet” köşklərdən ona görə tez alınıb qurtarır ki, oxucuların qəlbinə yol tapır. Daxildə və xarici ölkələrdə baş verən hadisələr, tarixi faktlar, yazıçı və publisistlərin... yazıları ən çox “525”də dərc olunur. Özü də qərəzsiz, olduğu kimi, operativ şəkildə.

Görkəmli ingilis jurnalisti Mal Komun təbirincə desək, mətbuat kağız vicdandır. Mənim üçün çox xoşdur ki, “525”də vicdanla işləyən ləyaqətli xələflərim bu meyarlara əməl etməyə çalışırlar. Baş redaktor Rəşad Məciddən, onun müavinləri Yusif Rzayevdən, Seyfəddin Hüseynlidən... tutmuş ədəbi işçilərə qədər, deyərdim ki, layiqli, ləyaqətli işçilərdir. Mən özüm ötən əsrin əllinci illərində Qubadlı rayonunda çıxan “Avanqard” qəzetinin redaktoru işləmişəm. Və qəzet çıxarmağın nə qədər çətin, məsuliyyətli, əzablı iş olduğunu yaxşı bilirəm. Və bu mənada Rəşad Məcidin, Yusif Rzayevin, Seyfəddin Hüseynlinin fədakar əməyini təqdir edirəm. Onlar istedadları ilə yanaşı, səmimi qələm əhlidirlər. Xarakterlərində, davranışlarında, işçilərlə münasibətdə heç vaxt iddialarını istedadlarından üstün tutmağa çalışmırlar.

Belə bir deyim var ki, ictimaiyyətin rəğbətini qazanmaqdan böyük səadət, onun nifrətinə layiq olmaqdan ağır cəza yoxdur. “525”in başçıları belə bir şərəfə nail olublar. Arzu edirəm, qələm dostlarım gələcəkdə səylərini daha da artırıb, yeni-yeni zirvələrə yüksəlsinlər.

lll

Maksim Qorkinin dili ilə desək, yazıçılığa böyük romanlarla başlamaq çox pis vərdişdir. Yazmağa Qərbdə də, bizdə də, bütün böyük yazıçıların etdiyi kimi, kiçik hekayələrdən başlamaq lazımdır. Hekayə adama sözləri qənaət etməyi, materialı məntiqi surətdə yerləşdirməyi, süjetin aydın olmasını və mövzunun parlaq şəkildə təqdimini öyrədir.

Kollektivdə belə bir işıqlı yola çıxmaq üçün neçə-neçə istedad sahibi vardır, onlara uğurlar arzulayıram.

7 avqust 2017-ci il

 





16.10.2017    çap et  çap et