525.Az

Bu gün Azərbaycanda “Son zəng”dir


 

Bu gün Azərbaycanda “Son zəng”dir<b style="color:red"></b>

 Bu gün Azərbaycanda “Son zəng” qeyd olunur.

APA-nın xəbərinə görə, ölkənin orta ümumtəhsil müəssisələrini bitirənlər bu gün son dəfə məktəb zəngini çalacaqlar.
 
Hər il olduğu kimi bu il də saat 10:00-da başlayacaq “Son zəng” tədbirləri 3 saat davam edəcək və saat 13:00-da yekunlaşacaq. Tədbirlər planına əsasən, mayın 31-də paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
 
Paytaxt məktəblərində keçirilən “Son zəng” tədbirlərində yol hərəkətinin təhlükəsiz və nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün Bakı şəhər Dövlət Yol Polisi də gücləndirilmiş iş rejimində işləyəcək. Bütün məktəblərin yerləşdiyi küçələrdə, onlara bitişik yollarda yol polisi nəqliyyat vasitəsini idarə edən şəxslərin sənədlərini yoxlayacaq.
 
Təhsil naziri Mikayıl Cabbarov bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında deyib ki, məktəblərdə “Son zəng”in keçirilməsi ilə bağlı lazımi işlər görülüb: “Hər bir dövlət məmurunun, Təhsil Nazirliyinin, yerli təhsil şöbələrinin rəhbərlərinin, məktəb direktorlarının işi bundan ibarətdir ki, gənclərimizin yaddaşında “Son zəng” xoş xatirələrlə qalsın. Rəhbərlik etdiyi qurum aidiyyəti təşkilatlarla birgə bu prosesi uğurla həyata keçirmək üçün zəruri işləri davam etdirir”.
 
Qeyd edək ki, 2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəbləri üzrə gözlənilən şagird buraxılışı 216 734 nəfər təşkil edir. Məktəbi bitirənlərin 125 250 nəfəri IX, 91 484 nəfəri isə XI sinif şagirdidir. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı isə 26 137 nəfər təşkil edir. Bu tədris ilində nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələrini 10 399 nəfər tələbə bitirəcək.

 





31.05.2013    çap et  çap et