525.Az

Mikayıl Cabbarovun jurnalistlərdən xahişi: “Yeni təyinatları qabartmayın”


 

Mikayıl Cabbarovun jurnalistlərdən xahişi: “Yeni təyinatları qabartmayın”<b style="color:red"></b>

"Nazirlikdə aparılan struktur dəyişiklərinin media nümayəndələri tərəfindən lazım olan səviyyədən artıq qabardılması məqsədə müvafiq deyil”. Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov apardığı kadr dəyişikliyi barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir həmçinin bu məsələ ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb:

“Ümumiyyətlə mən onun tərəfdarıyam ki, media nümayəndələrindən də xahiş etmək istəyirəm ki, bu məsələləri o qədər də qabartmasınlar. Biz bilirik ki, ictimaiyyətin və medianın təhsil sahəsində olan vəziyyətə və təhsil sahəsinə böyük gözləntiləri var. Artıq müəyyən işlər həyata keçirilir. Bu işlər təbii olaraq struktur dəyişikləri tələb edir. Yeni təyinatlar var. Sadəcə olaraq bu məsələlərin ictimailəşdirilməsi və yaxud siyasiləşdirilməsinin tərəfdarı deyiləm. Çünki məqsədimiz eynidir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan təhsilinin keyfiyyəti yüksəlsin. Bunun üçün lazımi siyasi iradə mövcuddur. Əlimizdən gələn hər bir addımı atacağıq. Azərbaycan Respublikasının təhsil sistemində mövcud qanunvericiliyə riayət olunması istər müəllimlərin işə qəbul olunması sahəsində, istərsə də digər məsələlərdə qanunvericiliyin tətbiqini tələb edəcəyik. Və biz buna nail olacağıq”.

Təhsil naziri həmçinin xaricdə təhsil alan tələbələrin problemlərindən söz açıb.  M.Cabbarov bildirib ki, xaricdə təhsil alanların problemləri ilə bağlı müraciətlər daxil olur.

“Daxil olan müraciətlər arasında elələri var ki, onlar öz hüquqlarını tam şəkildə anlamırdılar. Daxil olan müraciətlərin araşdırılması prosesi bu gün də davam etdirilir. Yəni bu ümumilikdə Təhsil Nazirliyinin birbaşa vəzifələrinə aid olan bir məsələdir. Bu nə kampaniya xarakteri daşıyır, nə də hansısa bir gün, bir ay və yaxud bir həftə görüləsi iş deyil”.

Nazir vurğulayıb ki, Azərbaycanın xaricdə təhsil alan şagirdləri və tələbələri Azərbaycan Respublikasının vətəndaşları, ölkəmizin sözün əsil mənasında seçilmiş nümayəndələridir.

“Onlar dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin, qara qızılın insan qızılına çevrilməsi siyasətinin gələcək məhsullarıdır. Ona görə də bu təbəqənin ehtiyacları, sualları, sorğuları, təbii olaraq Təhsil Nazirliyinin gələcəkdə də diqqət mərkəzində olacaq. Onu da vurğulamaq istəyirəm ki, dediyim hər bir söz Azərbaycanın xaricdə təhsil alan vətəndaşlarına aid deyil, həmçinin Azərbaycan Respubliaksının təhsil müəssislərində təhsil alan tələbələrə də aiddir”.

 





31.05.2013    çap et  çap et