525.Az

Keçmiş prezidentə və həyat yoldaşına xüsusi diplomatik status verilib


 

Keçmiş prezidentə və həyat yoldaşına xüsusi diplomatik status verilib<b style="color:red"></b>

 Milli Məclisin bu gün keçirilən yaz sessiyasının son plenar iclasında Azərbaycanın keçmiş prezidenti və həyat yoldaşına bir sıra xüsusi imtiyazlar, o cümlədən xüsusi diplomatik status verilməsi ilə bağlı layihələr müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, bununla bağlı “İcra haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, "Əmək pensiyaları haqqında", “Milli arxiv fondu haqqında”, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sosial müavinətlər haqqında" qanunda əlavə və dəyişikliklər edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “İcra haqqında” qanunun 68-ci maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanın keçmiş prezidenti və onun həyat yoldaşına ayrılmış pensiyaya, sosial müavinətə qarşı mülki tələb yönəldilə bilməz. Yəni məhkəmələr onların pensiyalarına, onlar üçün ayrılan sosial müavinətlərə qarşı hər hansı borc tələbi, vurulan ziyanın ödənilməsi ilə bağlı tələb və s. bu kimi tələbləri yönəldə bilməyəcək.

Azərbaycanın keçmiş prezidenti hazırda qanunvericilikdə edilən son dəyişiklikdən sonra hazırkı prezident məvacibinin yarısı qədər - 7500 manat pensiya alır.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun 6-cı maddəsinin beşinci hissəsinə edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikası Prezidentinə verildiyi kimi, keçmiş prezidentə və onun həyat yoldaşına da ömürlük diplomatik pasport veriləcək, bununla onlar da xüsusi diplomatik statusa malik olacaqlar. Buna görə dövlət rüsumu da tutulmayacaq.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, keçmiş prezident və onun həyat yoldaşı ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna 3 və 4-cü maddələr əlavə edilib. Sosial müavinətlər haqqında qanuna 7 maddə əlavə olunur.

Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov söyləyib ki, “Milli arxiv haqqında” qanuna keçmiş prezidentin yazışmaları ilə bağlı sənədlərin keçmiş prezidentin sərəncamında saxlanılması haqqında müddəa əlavə edilir.

Layihələr səsə qoyularaq qəbul olunub.

 





31.05.2013    çap et  çap et