525.Az

Vətənə xidmət edən qəzet - "525"-25


 

Vətənə xidmət edən qəzet - <b style="color:red">"525"-25</b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov "525-ci qəzet"in 25 illik yubileyi münasibəti ilə qəzetin Baş redaktoru Rəşad Məcidə təbrik mətktubu göndərib.
 
Məktubun mətnini oxuculara təqdim edirik.

Hörmətli Rəşad müəllim!

Sizi və "525-ci qəzet"in yaradıcı heyətini 25 illik yubileyiniz münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi və şəxsən öz adımdan ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, şərəfli, müqəddəs və məsuliyyətli peşə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

Qeyd etmək istəyirəm ki, "525-ci qəzet" böyük və zəngin inkişaf yolu keçib. Əsas meyarı obyektivlik və peşəkarlıq olan "525-ci qəzet"in Azərbaycanın media sahəsində xüsusi yeri və mövqeyi var. Bu qəzet oxuculara ölkəmizdə və dünyada baş verən hadisələrin çevik və obyektiv çatdırılmasında, cəmiyyətin maarifləndirilməsində və ictimai rəyin düzgün formalaşmasında mühüm xidmətlər göstərir, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edir. Mübaliğəsiz deyə bilərik ki, "525-ci qəzet"in 25 illik fəaliyyəti müstəqil dövlətimizin və mətbuatımızın keçdiyi məsuliyyətli yolun şərəfli salnaməsidir. Qəzet Azərbaycan xalqının milli özünüdərkində, milli özünəqayıdışında və müstəqil dövlətçilik ideyalarının təbliğində əvəzsiz xidmətlər göstərib. "525-ci qəzet" ölkəmizin ictimai-siyasi və maarifçi-mədəni mühitinin bütün cəhətlərini özündə dolğun əks etdirən bir qəzetdir. Bu qəzet sözün həqiqi mənasında Azərbaycanın ümumxalq, ümummilli qəzetidir.
 
Qəzetin səhifələrində cəmiyyətin bütün təbəqələri-dövlət-hakimiyyət nümayəndələri, ictimai-siyasi xadimlər, elm, təhsil, incəsənət, mədəniyyət xadimləri öz maraqlı və rəngarəng yazıları ilə çıxış edirlər. Çoxşaxəli fəaliyyət göstərən "525-ci qəzet" həm də geniş oxucu auditoriyası olan maraqlı ədəbiyyat qəzetidir. Azərbaycanın tanınmış müasir yazıçı və şairlərinin öz əsərlərini "525-ci qəzet"də dərc etdirmələri qəzetin sanbalını, nüfuzunu, dəyərini, əhəmiyyətini, oxucuya təsir gücünü daha da artırır. Qəzet milli ədəbiyyatımızın inkişafı və təbliği sahəsində səmərəli fəaliyyət göstərir. Xalqa, millətə, Vətənə sədaqətlə xidmət edən "525-ci qəzet"in özünəməxsus dəst-xətti, yaradıcılıq üslubu, sadə, canlı, təsirli, oxunaqlı və aydın dili var.

Qəzetin Baş redaktoru tanınmış yazıçı, şair, publisist Rəşad Məcid əsl ədəbiyyat, söz adamıdır. Məhz Rəşad Məcidin istedadı, yüksək təşkilatçılıq qabiliyyəti, zəhmətsevərliyi, müdrikliyi, təmkini, sözübütövlüyü, ziyalılığı sayəsində qəzetdə peşəkar jurnalist komandası formalaşıb və bu komanda öz işinin öhdəsindən layiqincə gəlir. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan Rəşad Məcid  milli mətbuatımızın inkişafında, media-cəmiyyət münasibətlərinin nizamlanmasında mühüm xidmətlər göstərir. Eyni zamanda, Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi kimi bədii istedadı olan gənclərə xüsusi diqqət və qayğı göstərərək onların yaradıcılıq potensiallarının üzə çıxmasına və düzgün istiqamətlənmələrinə böyük dəstək verir. Gənc yazarların əsərləri "525-ci qəzet"in səhifələrində dərc olunaraq tanınır, məşhurlaşır. Qəzet elm və təhsil sahəsinə, o cümlədən, ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatlarının ardıcıl olaraq geniş işıqlandırılmasına böyük önəm verir. Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə "525-ci qəzet" arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olmasından məmnunluq duyduğumu da xüsusi qeyd etmək istəyirəm.

Qüdrətli söz ustadımız, Xalq şairi Bəxtiyar Vahabzadənin belə bir gözəl ifadəsi var: Qəlbdən çıxan qəlbə yatar. Mən də böyük ziyalılarımızın söylədiyi bu xoş, gözəl və ürəyəyatan sözlərə, fikirlərə qoşularaq "525-ci qəzet"in əlamətdar yubileyi münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, daha böyük yaradıcılıq uğurları arzulayıram! Yolunuz açıq, məqsədiniz aydın, arzularınız gerçək olsun!

 





17.10.2017    çap et  çap et