525.Az

Ənənəyə sadiqlik - "525"-25


 

Ənənəyə sadiqlik - <b style="color:red">"525"-25</b>

Milli mətbuat tariximizdə "525-ci qəzet"in xüsusi yeri var. Mən bir oxucu, təhsil işçisi və ali məktəb rəhbəri kimi bu qəzeti fəaliyyətə başladığı gündən oxuyuram.

Qəzetdə dərc olunan yazılar mövzu rəngarəngliyi, obyektivliyi və elmi-mədəni irsimizin təbliği ilə diqqəti çəkir. "525-ci qəzet" 25 ildir ki, obyektiv informasiyalardan tutmuş aktual ictimai-siyasi məsələləri, ədəbi-mədəni yenilikləri real faktlarla öz səhifələrində dərc edir. Qəzetdə xalqımızın tarixi, milli-mənəvi dəyərlər, ədəbiyyat, sənət və sair məsələlərlə yanaşı, həm də təhsil sistemimiz də önəmli yer tutur.

Mədəniyyət və İncəsənət Universitetində rəhbər olduğum dövrdə, hazırda isə Xoreoqrafiya Akademiyasında keçirdiyimiz bütün tədbirlər, eləcə də müxtəlif mövzulu  məqalələrimin bir çoxu, müsahibələrim "525-ci qəzet"də öz əksini tapıb. Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr  şöbəsi "525-ci qəzet"lə daima əlaqə saxlayır, əməkdaşlıq edir. Müəllimlərimizin, görkəmli sənət xadimlərinin yazılarına, onların həyat və yaradıcılığı, tələbələrimizin uğur və nailiyyətləri barədə məlumatlarına da  "525-ci qəzet" öz səhifələrində səxavətlə yer ayırır.
 
25 illik fəaliyyəti dövründə "525-ci qəzet" mətbuat tariximizdə özünün şərəfli tarixini yazıb. İctimaiyyətdə böyük nüfuz qazanmış "525-ci qəzet" Azərbaycançılıq ideologiyasına və müstəqil dövlətimizin ideyalarına xidmət edən mətbuat orqanıdır. Bu dövrdə "525-ci qəzet" milli mətbuat tariximizdə xüsusi rol oynamış "Əkinçi", "Molla Nəsrəddin", "Füyuzat" və s. kimi mətbuat orqanlarının ənənələrinə sadiqlik göstərib.

"525-ci qəzet" həm də maraqlı və oxunaqlı ədəbiyyat qəzetidir. Qəzetin həftəlik əlavəsində dərc olunan müxtəlif səpkili məqalələr, ədəbi irs və müasir ədəbi proses haqqında yazılar orijinallığı, aktuallığı və bədii dəyər kəsb etməsi baxımından ictimaiyyət tərəfindən maraqla qarşılanır və yüksək qiymətləndirilir. "525-ci qəzet"in Baş redaktoru peşəkar jurnalist kimi öz bənzərsizliyi ilə seçilən bu qəzeti ən oxunaqlı və nümunəvi mətbuat orqanı səviyyəsinə yüksəldib. Müxtəlif səviyyəli qəzetlərin içərisində "525-ci qəzet" özünəməxsus dəst-xəttini qoruyub saxlaya bilibdir. Azərbaycan ədəbi-ictimai fikrində böyük nüfuz qazanmış Rəşad Məcid Yazıçılar Birliyinin katibi kimi istedadlı gənclərə də daima qayğı göstərir, rəhbərlik etdiyi qəzetdə onların yazılarına geniş yer ayırır. Düzlüyü, mərdliyi, işgüzarlığı ilə seçilən Rəşad Məcid istedadlı şair olmaqla yanaşı, bacarıqlı təşkilatçı, təcrübəli jurnalist, dərin mütaliəli, geniş dünyagörüşə və yüksək mədəniyyətə malik ziyalıdır. Başda Rəşad Məcid olmaqla xalqımızın dərin məhəbbətini qazanmış "525-ci qəzet"in bütün əməkdaşlarını təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

 

 





17.10.2017    çap et  çap et