525.Az

"525-ci qəzet" və Böyük qardaş - "525"-25


 

"525-ci qəzet" və Böyük qardaş - <b style="color:red">"525"-25</b>

Tanışlıqlar fərqli olur. Bəzisi dünəndən başlayıb sabaha qədər uzanır, bəzisi bu gün başlayıb elə bu gün də bitir, bir başqası isə bu gün başlasa da, həm dünənə, həm də sabaha süzülüb gedə bilir. Mənim "525-ci qəzet"lə tanışlığım kimi.

Bizim ailədə həmişə ədəbi mövzularda müzakirələr aparılıb. Kiçik yaşlarımda dinləyici, illər keçdikcə artıq iştirakçısı olduğum bu söhbətlərdə ayrı-ayrı müəlliflərin yazdığı şeirlərin misraları, məqalələrin mətləbləri elə geniş, eyni zamanda elə sərt şəkildə təhlil edilirdi ki, kənardan baxan elə bilərdi burada çox əhəmiyyətli həyati bir məsələnin həllinə çalışırlar. Biz, yəni uşaqlar öz fikrimizi bildirməkdə tam azad olsaq da, atamın dəlilləri çox tutarlı olardı və bizi susdurardı. Ancaq sonra yenə özü yeni bir mövzu tapar, yeni bir mübahisə qaldırardı. Yadımdadır, bir dəfə böyük qardaşım Ülvinin (Şəhid Ülvi Bünyadzadə nəzərdə tutulur - red.)  hansısa şeirinin müzakirəsində atam öz sözlərinin təsdiqi üçün gətirib ortalığa 3-4 kitab tökdü, hərəsindən bir şey oxudu və sonda qəti bir səslə dedi: "Sən bunları bilməlisən! Yazmaq istəyirsənsə, bütün ruhunla yazmalısan, qələmi aldatmamalısan". Sonralar Ülvi uzaq Sibirə hərbi xidmətə getsə də, söhbətlər, təhlillər kəsilmədi - məktublarda davam elədi. Atamın tənqidlərindən çəkindiyim üçün mən əvvəlcə yazılarımı, fikirlərimi Ülviyə göndərərdim, sonra "açıq müzakirəyə" çıxarardım. O da mənə məktublarında geniş təhlillər, izahlar, məsləhətlər verərdi. Hətta bir dəfə rus şairi Mixail Lermontovun "Zəmanəmizin qəhrəmanı" haqqında məktəb inşamı olduğu kimi göndərmişdim ona. Zarafat deyildi, mən Peçorini Ülviylə müqayisə eləmişdim və üstünlüyü öz qardaşıma vermişdim. Ülvi də cavab məktubu ilə kifayətlənməyib Sibirin Kansk şəhərindən Daşkəsənə zəng vurub telefonda özü ilə Peçorin arasındakı fərqləri mənə açıqlamışdı, mənim səhvlərimi göstərmişdi. 9-cu sinif şagirdi üçün onun yazdıqlarına verilən belə bir diqqətin nə demək olduğunu təsvir eləmək çox çətindir.

Uşaqlığımdan alışdığım bu müzakirələrin bir ana xətti var idi - sözə dəyər verib yerində işlətmək, onu havaya sovurmamaq və öz imzana hörmət etmək. Bəlkə də həmin söhbətlərin təsiri idi ki, mən sonralar publisistik məqalələr yazmaqdan çəkinirdim. Atam məni həvəsləndirsə də, ürək eləmirdim. Axı, indi əlim Ülviyə çatmırdı, atamın tənqidlərinə isə hazır deyildim. Elmi məqalələrdə öz fikrini bu sahənin 10-20 sanballı nümayəndəsinin sözləri ilə əsaslandırırsan və yerində rahat oturursan. Publisistik məqalədə isə elə bil ki, təkbaşına dayanırsan səhnədə və bütün işıqlar sənin üstünə düşür - nə bacarığın var göstər. Bu mənzərənin özü belə məni vahimələndirirdi: birdən cümlələrim kifayət qədər cilalanmaz, birdən gözəl bir mövzunu aşağı səviyyədə təqdim edərəm, birdən Bünyadzadə imzasına kölgə salaram. Amma bir gün o "səhnəyə" çıxmalı oldum və bu ilk mətbu orqan "525-ci qəzet" oldu.

Evimizdə alınan qalaq-qalaq qəzet-jurnalların, kitabların arasında ilk dəfə "525-ci qəzet"i gördüyümü yaxşı xatırlayıram - adı da, çap elədiyi yazılar da ilk gündən marağımızı cəlb elədi. Yalnız cəlb eləmədi, həm də özünə yer elədi. Rəsmi, hələ sovet dövrünün tozunu üstündən təmizləməyən qəzetlərin arasında öz qeyri-rəsmi məzmunu ilə çox fərqli, işıqlı görünürdü. Sanki fraklı, smokinqli əmilərin yanında öz sərbəst imici ilə rahat-rahat dolaşan, ona zillənən təəccüb dolu baxışlara yüngül təbəssümlə cavab verən cavan bir oğlan idi. Bəlkə də bu sərbəstlik, özünəgüvən idi ki, az müddətdə onu oxuculara, xüsusilə gənclərə sevdirdi. İmperiyanın zəncirlədiyi qələm elə bil “525”in səhifələrində azadlığa çıxmışdı, sağa-sola qılınc oynadırdı. Axı, biz yenicə müstəqil olmuşduq, azadlığı hər şeydə, hər yerdə görmək istəyirdik və bundan zövq alırdıq. Sonralar mən elmi işlə məşğul olsam da, arada mütləq vaxt tapıb "525-ci qəzet"dən bir yazı oxuyurdum. Gizlin-gizlin özümdən: "görəsən, mən də bura üçün yaza bilərəmmi?" - deyə soruşsam da, "səhnə" fobiyası məni fikrimdən daşındırırdı.  Amma bir gün mən də "səhnəyə çıxmaq" ehtiyacı, daha doğrusu, zərurəti hiss elədim.

Ülvinin yubileyi idi və birdən-birə ürəyimdə böyük qardaşıma bərkdən, hamının eşidəcəyi bir səslə nə isə demək istəyi yarandı. Ancaq harada? O vaxtlar artıq kifayət qədər dəyərli qəzetlər, dərgilər çıxırdı. Qarşımdakı qəzetlərə baxdıqca məni daha çox təşviş bürüyürdü - bu, mənim ilk publisistik yazım olacaqdı, ilk dəfə imzam qəzetdə görünəcəkdi. Qorxu o qədər güclü idi ki, arada Ülvinin adı olmasaydı, fikrimdən vaz keçərdim. Ancaq içimdəki səs mütləq eşidilmək istəyirdi və mən o məqaləmi "səhnədən" təqdim etməli idim. Xəlvətcə ürəyimdə: "Birinci və axırıncı dəfə olacaq," - desəm də, hələ əvvəlcə bu birinci addımı atmalı idim. Gözüm "525-ci qəzet"ə sataşandı, doğmamı görmüş kimi sevindim. Bilirdim ki, orda gənc imzalara, özünü ilk dəfə sınayan müəlliflərə də yer verirlər. Sevincək, heç düşünmədən telefonu götürüb baş redaktora zəng elədim. Bəxtimdən Rəşad Məcid yerində idi və mənimlə danışmağa etiraz eləmədi. Mən heç vaxt "525"in baş redaktorunu görməmişdim, tanımırdım və telefonda eşitdiyim səsi elə "525"in səsi kimi qəbul elədim: qəzet canlanıb mənimlə bu səslə danışırdı. İçimdəki həyəcanın verdiyi bir cəsarətlə salamdan sonra, özümü təqdim etmədən birbaşa mətləbə keçdim: "Mənim Ülvi Bünyadzadə haqqında məqaləm var və istəyirəm onu çap edəsiniz". İllər sonra mən indi bu addımımın, belə danışıq tərzinin necə gülməli olduğunu anlayıram. Ancaq Rəşad müəllim gülmədi və sakitcə: "Ülvinin xatirəsi bizim üçün həmişə əzizdir. Məqaləni göndər baxaq", - dedi. Mən isə "Yox, baxmaq yox, zəhmət olmasa, çap edin", - dedim.  Rəşad müəllim bir az duruxub mənim kim olduğumu soruşdu. "Mən Ülvinin bacısıyam, ancaq vacib olan bu deyil. Sabah yox, birigün Ülvinin ad günüdür və o məqalə həmin gün çıxsa yaxşı olar," - dedim. Kiçik bir sükutdan sonra Rəşad müəllim: "Göndər, çap edək", - dedi. Göndərdim də, 2 gün sonra, sentyabrın 23-ü yazı çap olundu da. Yalnız qəzet çıxandan sonra gördüm ki, məqaləm qəzet standartlarına uyğun deyilmiş, çox böyükmüş. Ancaq bir vergülümə belə toxunmamışdılar. Birdən, birə Rəşad müəllimlə söhbətimi kənardan seyr etmiş kimi oldum... Tanınmış bir qəzetin redaksiyasına belə ərkyana, hətta ərköyünlüklə zəng etməyimin səbəbini heç cür tapa bilmədim və... xəcalət çəkdim. Ancaq elə o an Rəşad müəllimin, mənim təsəvvürümdə isə "525"in verdiyi cavablar, üstəlik, məqaləni çap etməsi içimdə başqa bir hiss də yaratdı - "525-ci qəzet" özünü mənim böyük qardaşım kimi aparmışdı. Bilmirəm, məhz Ülvi haqqında yazımı verdiyinə görəmi, yoxsa tanınmayan bir müəllifin iddialı danışığına təmkinli cavablar verdiyinə görəmi, ancaq qarşımda qələmimi yonan, sözümə qüvvət verən böyük qardaşımı gördüm. Bu hiss mənə xoş, doğma bir rahatlıq verdi, hətta xəcalətimi də unutdurdu. Yəqin onun verdiyi səssiz dəstək idi ki, əvvəllər qorxduğum o səhnəyə sonralar təkrar-təkrar qalxmaq istədim. Yəqin onun verdiyi güvəndir ki, yazdığım istər ən qeyri-adi məzmunlu esse, istərsə də ən ciddi mətləbli bir məqalə olanda, yenə də onun üstünə qaçıram. Yəqin onun rəyinə verdiyim böyük dəyərdəndir ki, getdiyim hər xarici ölkədən yazdığım təəssüratları məhz onunla bölüşmək istəyirəm. Qəribədir, ancaq “525”ə verdiyim hər yazını oxucular üçün yox, məhz qəzetin özü üçün yazdığımı düşünürəm. O da bir Qardaş təmkini və qayğısı ilə alır, oxuyur və çap edir. İndi bəzən başqa dərgi və qəzetlərdə də çap olunuram. İzah olunmaz bir hissdir, ancaq ilk ağlıma gələn yenə də "525-ci qəzet" olur. Az qalıram ondan icazə alıb sonra məqaləmi başqa bir yerə göndərim. Məncə, yenə də böyük qardaş sindromudur.   

Əslində, mən əvvəldən bilirdim ki, "525-ci qəzet" özünün az yaşı olmağına baxmayaraq, ilk addımını atan əksər qələmlərə böyüklük edir. Sadəcə indi özüm də bu təcrübəni yaşadım, bu qayğının şahidi oldum. Məhz onun səhifələrində gənc şairlər, nasirlər ürəklə özlərini tanıdır, ədəbiyyatın korifeyləri isə yenidən təqdim olunurlar. Təsəvvür edin, səhifənin bir üzündə gənc yazarın ilk qələm təcrübəsi, o biri üzündə Məhəmməd Əmin Rəsulzadənin əsərindən bir hissə! Bu, bir tərəfdən, zaman anlayışını ortadan qaldırır. Oxucu nə keçmişdə qalır, nə də bu günün informasiya xaosunda itib batır, nə daşlaşmış ənənələrin içində sıxılır, nə də postmodern ruhu ilə dünyaya asi çıxır. Beləcə klassiklər və müasirlər arasında bir balans yaradır. Klassiklərlə eyni "səhnəyə" çıxan o ilk qələm sahibi özünü böyük ədəbiyyatın fonunda görə bilir. Bu, özünəgüvən yaratmaqla yanaşı, özünütəhlil qabiliyyətini də  formalaşdırır.  Onu da deyim ki, "525-ci qəzet"in gəncliyi ona qocaman klassiklərlə "ünsiyyətinə" nəinki mane olmur, əksinə, onlara yeni, "müasir" bir nəfəs verir. Qəzetin azad ruhlu olması isə müəlliflərə bir uğur qapısı təsiri bağışlayır. Sanki qəzet gənc qələm sahibinə "Sözünü de!", "Arxandayam!", "Ürəkli ol!" ismarıcları verir, ədəbiyyatımızın nəhəngləri yanında ona da bir guşə ayırır, səsini eşitdirməsi üçün kürsü verir.

İlk təəssürat güclü, həm də unudulmaz olur. Böyük bir məqaləmi qeyd-şərtsiz çap etmişdilər deyə, hələ də "525-ci qəzet" mənə sərhədsiz bir məkanı xatırladır: hər sayında zəngin materiallar, ən fərqli ölçüdə məqalələr. Adam bəzən təəccüb edir ki, gündəlik səkkiz səhifədə o qədər yazını necə yerləşdirirlər? Mətbəə, poliqrafiya işlərindən heç nə bilmədiyimə görə, öz sahəmə - fəlsəfəyə uyğun cavab verməyə çalışacam. Kağızı bədən, yazıları onun ruhu kimi qəbul etsək, cavabı tapmaq çətin olmaz: yazılar dolğun, məzmunlu olduğu üçün, oxucuya axtardığını verə bildiyi üçün kağızın hüdudları da unudulur, yəni "525"də bütün diqqət ruha verilir, bədən isə yalnız onun xidmətində durur.     

Bir neçə kəlmə də "525"in şah əsəri - şənbə sayı haqqında yazmaq istəyirəm. Uşaq vaxtı rus kanallarından birində çox sevdiyimiz bir veriliş var idi: "V qostyax u skazki". Hər cüməni səbirsizliklə gözləyərdik. Bilirdik ki, nə isə sehrli bir aləm açılacaq, biz də heyran-heyran onu izləyəcəyik. İndi "525-ci qəzet"in şənbə sayını o cür gözləyəndə, uşaqlığım yadıma düşür. Görünür, hər yaşın öz nağılı var. Onu da deyim ki, bu cür gözləyən tək mən yox, bütün "525-çilər" hamısı olur. Əslində, "525-çilər" ifadəsi indi təsadüfən yaranmadı. Bir anda tək olmadığımı anladım və hamımızı bu adla ümumiləşdirdim. Bir qəzetin axşamdan anonsunu oxuyub səhər ilk işi köşkə tələsmək olan, birində tapmasa təcili başqa köşklərə qaçan, sırf onun saylarını, xüsusilə şənbə günləri, vaxtında əldə etmək üçün qəzet satanlarla dost olan və buna sevinən oxucuya başqa nə ad vermək olar?! 525-çi! Qəzeti əlinə alan kimi elə oradaca acgözlüklə əvvəlcə başdan-ayağa vərəqləyirsən, gözünün ilk tutduğu bir yazını elə ayaqüstü oxuyursan. Sonra evə gəlib pürrəngi çayını da götürüb qalırsan bu səhifələrlə baş-başa. Yüz faiz əminsən ki, yaxın bir neçə saatın hədər getməyəcək - yeni bir şey öyrənəcəksən, yeni bir müəlliflə tanış olacaqsan, artıq bildiyin bir məsələnin qaranlıq tərəfinə işıq düşəcək, hansı isə bir incə mətləb səni düşündürəcək. 

Çoxları xatırlayar, Sovetlər vaxtında ədəbiyyat sevərlər üçün Dünya ədəbiyyatı, Dünya uşaq ədəbiyyatı seriyaları var idi və onların hər sayı xüsusi bir hadisə kimi qarşılanardı. Kimləri oxumamışdıq oradan?! Zəmanə dəyişdi, insanların qalın romanlara olan sevgiləri telefon mesajları həcminə qədər kiçildi, elektronlaşma, texnologiya ədəbiyyata da sirayət elədi, onu quru meyvəyə döndərib ruhsuzlaşdırdı. Belə bir vaxtda ədəbi müstəvidə ünsiyyət qurmağın özü də hünər tələb edir. Doğrusu, elmi fəaliyyətimlə bağlı mən də ədəbiyyatdan bir balaca uzaqlaşmışam və qoruyub saxlaya bildiyim yeganə möhkəm bağ "525"dir. Məndə elə təəssürat var ki, "525"in şənbə sayı sanki ədəbiyyat sevgisinin bir közünü götürüb özündə saxlayır. Hər şənbə oxucular ayrıca almanaxa bənzəyən bu saylardan götürdükləri közlə ürəklərindəki ədəbiyyat ocağını qalayır, boğucu informasiya selindən çıxıb onun istisinə qızınırlar. Bu köz hərdən, layihələr olanda əməllicə atəşə də çevrilir. Məsələn, bir neçə il bundan qabaq qəzetin arasından kiçik kitablar çıxırdı - "525 kitab". İosif Brodskinin, Anarın, Ramiz Rövşənin, Çingiz Abdullayevin, Səlim Babullaoğlunun, Söhrab Sipehrinin, Mişel Uelbekin, Boris Pasternakın, Fikrət Sadığın və daha kimlərin əsərləri o kiçik kitablarla evimizə gəlirdi. Hər kitabı boxçadan çıxan hədiyyə kimi qarşılayırdıq. Maraqlıdır ki, o əsərlərindən bəziləri ilə əvvəldən tanış olsaq da, bu seriyada oxumaqdan ayrı ləzzət alırdıq.  

İllər sonra mən yenə yubiley yazısı yazıram, bu dəfə qələmimin böyük qardaşının - "525-ci qəzet"in yubileyinə. Yenə ürəyimdəkiləri layiqincə çatdırmaq təşvişi keçirirəm. Axı, özü 25 yaşlı bir gənc olsa da, az qala ağsaqqallıq edir - kimlərə isə dəstək olur, bir məktəb kimi formalaşıb yol göstərir, kürsü olub müəlliflərin səsini eşitdirə bilir. Axı, "525"-in adının arxasında 525 qayğı çəkən Rəşad müəllim, onun zəhmətsevər kollektivi var. Sözün 525 qatını bilən bu şəxslərə təbrik sözü demək də bir məsuliyyət tələb edir. Ən yaxşısı, onlara 525 illik zəngin bir ömür, Azərbaycan mətbuat tarixində artıq qazanmış olduğu yerini daha da şərəfləndirməyi, daha da ucaltmağı arzu etməkdir.   

 

 





18.10.2017    çap et  çap et