525.Az

"Uzağı yakın kılan yazar - Anar" təqdim olundu - Fotolar


 

XALQ YAZIÇISI HAQQINDA BU YENİ KİTABI TÜRKİYƏDƏ İLESAM TƏŞKİLATI NƏŞR ETDİRİB

"Uzağı yakın kılan yazar - Anar" təqdim olundu - <b style="color:red">Fotolar</b>

Oktyabrın 18-də "Azərkitab"da Xalq yazıçısı Anar haqqında Türkiyədə çap edilmiş "Uzağı yakın kılan Yazar - ANAR" kitabının təqdimatı keçirilib.

İLESAM-ın (Türkiyə elm və Ədəbi Əsər Sahibləri Birliyi) təşəbbüs və təşkilatçılığının nəticəsi olan kitabın təqdimat mərasimdə tanınmış ziyalılar, yazıçılar, türkiyəli qonaqlar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza kitab haqqında iştirakçılara geniş məlumat verib. Qeyd edib ki, kitabda Xalq yazıçısı Anar haqqında yazılmış, müxtəlif zamanlarda Türkiyə mətbuatında yayımlanmış məqalələr yer alıb.

Kitabın yaranma ideyasından danışan İLESAM-ın başqanı Mehmet Nuri Barmaqsız deyib ki, bu kitab təkcə Azərbaycan və Türkiyə deyil, bütün Türk dünyası üçün əhəmiyyətli qaynaq olacaq: "Heç bir yazar üçün uzaq anlayışı yoxdur. Bir könülə, ağıla xitab edəndə onun yanında olmaq şərt deyil. Yaxşı yazar da belədir. Anar müəllim təkcə azərbaycanlıların deyil, bütün türksoylu xalqların yazıçısıdır. Bu kitabda yer alan hər bir yazı ona olan böyük sevginin, hörmətin göstəricisidir".

Xalq yazıçısı Anar ona göstərilən bu diqqətdən böyük məmnunluq duyduğunu deyib, təşkilatçılara və kitabın çapında əməyi olan hər kəsə təşəkkürünü bildirib: "Azərbaycandan sonra mənim haqqımda ən çox yazılan ölkələr Türkiyə və Rusiyadır. Haqqımda olan bütün yazıları toplamaq adətimdir. Bu adətim bu dəfə belə bir gözəl işə səbəb oldu. Türkiyədə çıxan bu kitab mənim üçün çox qiymətli hədiyyədir".

"Azərbaycan deyəndə ağlımıza gələn ilk adlardan biri yazıçı Anardır" - deyən Türkiyə Mədəni Varlıq və Muzeylər İdarəsinin müdir müavini Seyid Əhməd Arslan, bütün türk toplumu olaraq, belə bir yazarın varlığı ilə həmişə qürur duyduqlarını vurğulayıb.

Millət vəkili, yazıçı Aqil Abbas bütün müasir yazarların yetişib-tanınmasında Anarın böyük rolu, zəhməti olduğunu vurğulayıb: "Anar müəllimin əzəməti ən çox da Azərbaycandan kənara çıxanda görünür. Bu gün Azərbaycan müstəqildirsə, şairlərinə, yazarlarına, yaradıcı sənətkarlarına buna görə çox borcludur. Müstəqilliyimizin qurucularından biri də məhz Anar müəllimdir".

Yazıçı-publisist Pərvin kitabda yer alan bütün yazıları ayrı-ayrılıqda oxuduğunu, bu kitabın bütünlükdə Anar müəllimə sevginin təzahürü olduğunu deyib: "Bu kitab Anar müəllimin Türkiyəyə, Türkiyənin Anar müəllimə sevgisini göstərir. Bu sevgi heç də təsadüfi deyil. Anar müəllimin Türkiyəyə sevgisi onun genlərindən, ailəsindən gəlir. Atilla İlhan ona demişdi ki, siz bizdən daha artıq türksünüz. O, həm öz yaradıcılığını, həm də Azərbaycanı türk dünyasının bir parçası kimi təqdim edə, bizim türklüyümüzü tarixi faktlarla sübuta yetirə bildi. Bu kitabın özəlliyi bir də ondan ibarətdir ki, burada türkiyəli müəlliflərlə yanaşı, azərbaycanlı müəlliflərin türkcəyə çevrilən və Türkiyə mətbuatında yayımlanan yazıları da yer alıb".

Milli Məclisin şöbə müdiri İbrahim Yusifzadə, AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç, "Azərkitab"ın rəhbəri Sabir Həsənov və başqaları çıxış edərək Anar yaradıcılığı, onun haqqında çap olunan yeni kitab haqqında düşüncələrini bölüşüblər.

Şahanə MÜŞFİQ

 





18.10.2017    çap et  çap et