...bir duanın, bir müjdənin, bir röyanın
fəzilətlərin – imanımızın və dinimizin
gün işığına çıxışının başlanğıcı
doğum günü Peyğəmbər Əfəndimizin...
..............................
dua – Cənabı Haqqa
üzü qibləyə Kəbəni quran Həzrəti İbrahimin
öz soyundan
uca Allaha itaət edən
və təslim olan bir millət
meydana gətirməsini
öz aralarından onlara
ilahi ayələri oxuyacaq rəhbər
ruhani elm və hikmət
öyrədəcək bir Peyğəmbər
göndərməsi istəyi...
..............................
müjdə – bir mələyin qanadında
həvarilərə Həsrəti İsanın
özündən sonra Əhməd adında
son Peyğəmbərin gələcəyini söyləməsi...
..............................
röya – Əminə Xatunun
qeybdən eşitdikləri –
sən insanların xeyirlisinə
və bu ümmətin Əfəndisinə hamilə oldun
sənin qədər xürrəm olacaq bu torpaq, bu yer
onu dünyaya gətirdiyin an
şeytanın şərindən qorunmaq üçün
sığınıram de, Bir və Tək olana
sonra ona Əhməd
və ya Məhəmməd adını ver...
..............................
babası Abdulmütəllib
dəvələr və davarlar kəsərək
doğum gününü bayram etdi
adını nə qoydun deyənlərə –
adı
insanın fəzilət və üstünlüyünün
anılaraq öyülməsi – Məhəmməd
hər nidasında uca Allahı
sifətləriylə və qüdrət əsərləriylə
öyən və öyməsini bilən kimsə – Əhməd
küfrü yox edən – Məhi
qiyamətdə insanların onunla
həşr olunacağı adam – Haşir...
..............................
süd anası Həlimənin evinə
uğur, sevinc, bolluq, bərəkət gətirən məsum
bu surə və zaman içində
bir ara iki bəyaz mələk
onu alıb ordan köksünü yardı
o saatdan, o gündən
ürəyi nübüvvət nuru ilə dolub-daşardı...
..............................
bir vaxt Məkkənin fəthində
və öz dəvəsinin belində
böyük coşğunluq içində
qayət mütəvazi bir görnüşdə
qapısını açdı Kəbənin
zikr və şükr edərək, təsbeh əlində
və tam 21 il sürəkli olaraq İslam əsgərlərinə
hər çeşid işgəncəni etməkdən geri qalmayan
və apardıqları döyüşlərdə Mədinəni
yıxıb dağıtmaq istəyən adamların
ondan gördükləri
yenə böyüklük və mürvət oldu
ürəkləri tam və qəti imana gələnlərə
verdikləri min bir sərvət oldu...
..............................
digər aylara görə Şaban ayında
daha çox oruc tutarmış sevgili Peyğəmbərimiz
bunun hikmətini soranlara
bu ay Rəcəb ayı ilə Ramazan ayı arasında
dəyərli bir aydır söyləyər
bunun fəzilətindən xəbərsizdir doğu və batı
bu ayda dua və ibadət
aləmlərin Rəbbi olan Cənabı Haqqın
hüzuruna yüksəlir
aşiq olan kəs əldən verməz bu ehtiyatı...
..............................
onun Qurani-Kərim oxuması
hər kəsi duyğulandırar
və ( bu zaman gözləri yaşarardı )
hər namaz qıldığı əsnada
üzərində sanki bir ağlamaq halı olardı...
b. yer, göy Tanrı pərvanəsi
...sən doğulan günə alqış
ayələri göydən yenən
Quran Haqqa gedən yoldu
adəmlərə, həvvalara
fani dünya sınaq oldu
uca dərgahdan xəbərsiz
dinsiz və imansız ölən
əvvəlkilər yanlış soldu...
...rüzgar döyən uzun yolda
ömrə, günə çıraq – Quran
dünyada bir səs, səda var
Haqdan bizə soraq – Quran
yaddaşlarda bir nida var
ən müqəddəs bayraq – Quran...
...yer, göy Tanrı pərvanəsi
onnan nicat tapar bəşər
dini, imanı olandan
usaq düşər ziyan və şər...
...şeytanın şirin sözləri
gözü alar uyğu kimi
kitabsız yazıq bəndələr
bunu bilər qayğı kimi...
...al qəlbinə hər ayəsin
isti, doğma duyğu kimi
hər vaxt oxu, öp, qoy onu
gözün üstə sayğı kimi
yaxşıları nurlu yerə
aparacaq bir vaxt, Quran
cənnət ilə müjdələyən
bir mükafat, bir baxt, Quran...
...şeytan, iblis qəlbə girər
özünə bir tay arayar
bu orman, bu çöllər onun
dəryalarda adaları
yazıq yenə pay arayar
amma nahaq son ayaqda
sədasına hay arayar...
...padişah və firon da var
əl demirəm, ətək açar
bu dünyanın tamahına
kisə-kisə qızıl yığar
çəpər çəkər sabahına
onun gerçək bildikləri
yalnız xəyal və xülyadı
dünya olsun, ya axirət
hər şeyin tək yiyəsi O
ömür iti bir röyadı...
c. hər günüm səcdədədir
...qabaqda bir bahar var, hələ də bir yay durur
baxmır qışa, payıza, xəyal min büsat qurur...
...nə gecə-gündüz bilir, ömrünü başa vurur
bülbül pərvanə kimi gül-çiçək surətinə
hər günüm səcdədədir Allahın qüdrətinə...
...hüsnü-əla gözələ kimsə olmaz biganə
sevgi, eşq olan yerdə, nə barat, nə ianə...
...anlayan bircə kərə, həmən olar divanə
zərin, zərrənin belə Tanrı itaətinə
hər günüm səcdədədir Allahın qüdrətinə...
...günüm, saatım budu, üstümdən çəkmir gözün
sevir demək də olmur, o yerə qoymur özün...
...gətirmir heç dilinə, bir, tək sevirəm sözün
sevən kəs Məcnun olur, ayrılıq möhnətinə
hər günüm səcdədədir Allahın qüdrətinə...
...bəlli niyyətdə deyil, verənlər dərdi yelə
sərçə dirəniş verir, hərdən tufana, selə...
...bir umud işığıdı bəzən bir yarpaq belə
ormanın havasına, dağın təbiətinə
hər günüm səcdədədir Allahın qüdrətinə...
...yağış umma buluddan önündə rüzgar əsir
çaqqallar çevrəsində, aslan onlara əsir...
...kimi saraya sığmır, kimi dam, koma gəzir
nə olacaq səninki o baxır qismətinə
hər günüm səcdədədir Allahın qüdrətinə...
...eşqin həyat nəşəsi qəlbdə bahar andırar
vicdan səni yaxşının yolunda dayandırar...
...sənin mükafatındı mələklər şam yandırar
gəlişin ən gözəli ana ziyarətinə
hər günüm səcdədədir Allahın qüdrətinə...
...çölünkü vəhşi atlar yəhərsiz və yəhərnən
qartalı çırpınan gör dan yerinə səhərnən...
...boyat və təzə dərdlər süzülər qəm-qəhərnən
söz və fikir aşiqi şairin hikmətinə
hər günüm səcdədədir Allahın qüdrətinə...
...ürəyində sevgisi hər qarışa, hər daşa
igid fateh oldumu, çox yaraşır tac başa...
...yenə səssiz, səmirsiz, yenə edin tamaşa
dünya necə dəyişir, bir anın sürətinə
hər günüm səcdədədir Allahın qüdrətinə...
17 mart 2013