525.Az

Sözün 25-ci anı - "525"-25


 

Sözün 25-ci anı - <b style="color:red">"525"-25</b>

Zamanın 25-ci məqamını yaşayır Rəşad Məcidin qəzeti. Doğru deyiblər: baş redaktor mətbu nəşrinin  simasıdır.

Bu mənada "525-ci qəzet" həmişə məramı, məqsədi və məzmunu ilə özünəməxsus dəst-xətt sərgiləyib. Az qala, müstəqilliyimizin yaşıdı olan bu qəzet milli dəyərlər kontekstində sabit qədəmliyi, dövlətçiliyə sədaqəti ilə mətbu nəşrlər arasında nümunə olub.  Sosial-ictimai mündəricəli dolğun publisistik nümunələri, ədəbi-bədii sanbalı ilə diqqətçəkən poeziya və nəsr əsərləri qəzetin məxsusi səciyyəsini ehtiva edir. Ölkəmizin tanınmış yazarlarının və ictimai xadimlərinin bu mətbu orqanda çıxış etməyə həvəs göstərməsi nəşrin intellektual, sosial-ictimai və ədəbi-bədii səviyyəsinin yüksək olmasından xəbər verir.

Mətbuat və söz azadlığının ən bariz tribunalarından biri olan, müstəqilliyin ideya məzmununu məxsusi kredo kimi qəbul edən "525-ci qəzet" milli-mənəvi dəyərlərin təbliğində, vətənpərvərlik düşüncəsinin vətəndaşlıq indeksinə çevrilməsində, oxucu dünyagörüşünün zənginləşməsində və estetik fikrin inkişafında unikal rol oynayır. Qəzetin uğurunu səciyyələndirən amillərdən ən başlıcası operativliyi, dəqiqliyi və dərc olunan materialların ictimai və bədii-publisistik  dəyəri ilə seçilməsidir. Məhz bu baxımdan qəzetin ictimai fikrə təsiri diqqətəlayiqdir. Bu onun göstəricisidir ki, "525-ci qəzet"də kifayət qədər peşəkar kollektiv çalışır. Onun hər bir sayı məxsusi dizayn və ictimai sanballa oxucunun görüşünə gəlir. Milli dəyərlərə konservativ yanaşmaqla bərabər hər bir yazıda çağdaşlığın, müasirliyin tələblərini gözləmək bacarığı qəzetin özəlliyini sübut edir. Mətbu nəşrin hər bir sayı tarixin pozulmaz izini, ovqatını, ictimai-sosial həyatın mənzərəsini indeksləşdirən vasitədir. İstedadlı yazıçı, şair və görkəmli naşir kimi Rəşad Məcid bu tarixi məsuliyyəti dərindən anlayır.

"525-ci qəzet"i  Rəşad Məcidin unikal əsəri kimi səciyyələndirmək lazımdır. Yetkin vətəndaşlıq qayəsi, qaynar vətənpərvərlik hissi, sözün müqəddəs missiyasını düzgün dəyərləndirmək bacarığı  bir azərbaycanlı ziyalısı və yazarı kimi Rəşad Məcid fenomenini əyaniləşdirir.

Müstəqil dövlətimizin siyasi dəst-xəttinə, dövlətçiliyimizin inkişafına mətbu orqan kimi xidməti "525-ci qəzet"in uğurlarındandır. Ölkə rəhbərinin demokratik prinsipləri, söz azadlığına verdiyi yüksək dəyər  bütövlükdə KİV-lərə göstərdiyi maddi və mənəvi qayğının ifadəsidir. Səmərəli və uğurlu fəaliyyəti, müstəqil öncüllər sırasında olması  "525-ci qəzet"i milli mətbuatımızın brendlərindən biri kimi şərtləndirir.

Rəşad Məcid təsisçi və baş redaktor kimi işgüzar, tələbkar olmaqla yanaşı, geniş ürəkli, qayğıkeş yazıçı olaraq, ədəbiyyatımızın inkişafı naminə qələm adamlarına, xüsusən gənc yazarlara böyük özünümüdafiə imkanı yaradır.

Bu mənada "525-ci qəzet" həm də ədəbi-ictimai fikrin, yaradıcı düşüncənin laboratoriyasıdır.

İnamla demək olar ki, Rəşad Məcid media kapitanı olaraq, müstəqil milli mətbuatımızın şərəfli tarixini yaradanlar sırasında ən önəmli yerdədir. Rəhbərlik etdiyi qəzetin 25 illik uğurlu fəaliyyəti, bütövlükdə mətbuat tariximizin şanlı səhifələrindəndir.

Rəqəmlər mistik düşüncənin kodlarıdır. Təsadüfdən doğan zərurətin ehtivasıdır. Sözdən rəqəmə, rəqəmdən sözə doğru yol gedir dünya. 525 rəqəmi və onun sözə çevrilmiş mahiyyəti. Mistik düşüncədə qeyri-adiliyi ilkinliyin təzahürü kimi səciyyələndirmək olar. Məncə, "525-ci qəzet"in milli mətbuatımızdakı önəmli, səbatlı və sanballı dəyərlərindən biri də onun mistikasıdır. Rəşad Məcid də ilahi dəyərlərə inamı uca olan işıqlı bir soyun ardıcılıdır.

Zamana, dünyaya, tarixə güzgü tutan, milli ruhumuzun aynasına çevrilən "525-ci qəzet"in 25 yaşı mübarək olsun, Rəşad Məcid! Ömrünüzün və fəaliyyətinizin neçə-neçə "25"lərini uğurlayasınız, böyük ziyalı!

Nəzakət MƏMMƏDLİ

 





19.10.2017    çap et  çap et