525.Az

Ziyadxan Əliyev "Dünya rəssamlığında miniatür"dən danışdı - Fotolar


 

TANINMIŞ SƏNƏTŞÜNASIMIZ TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRLİYİNDƏ MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

Ziyadxan Əliyev "Dünya rəssamlığında miniatür"dən danışdı - <b style="color:red">Fotolar</b>

Dünən Türkiyənin Azərbaycandakı səfirliyində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin "Dünya rəssamlığında miniatür sənəti" adlı məruzəsi dinlənib.
 
Bununla bağlı tədbirdə Azərbaycan Rəssamlar İttifaqının rəhbərliyi, səfirlik nümayəndələri, rəssamlar və media nümayəndələri iştirak ediblər.

Türkiyə səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi məruzənin təşkilinin səbəbi haqqında məlumat verib. Müşavir qeyd edib ki, məruzə Türkiyə və Azərbaycan rəssamlarının rəsimlərinin sərgiləndiyi "Rənglərin qardaşlığı" rəsm sərgisinin açılışından öncə bütün türk dünyasının ortaq sənəti olan miniatür haqqında məlumatlanma məqsədi ilə təşkil olunub.

Z.Əliyev məruzəsində miniatür sənətinin tarixi, Azərbaycan və Türkiyə təsviri sənətindəki rolu və əhəmiyyəti haqqında geniş məlumat verib. O məruzəsində qeyd edib ki, tarix boyu miniatür sənəti haqqında yanlış düşüncə formalaşıb: “Qərb rəssamlarının və xristian alimlərinin yanlış təqdimatı ilə miniatür sənətinin yalnız kitab tərtibatında tətbiq olunduğu düşünülüb. Deyilir ki, miniatür qədim əlyazmalarda, kitablarda bəzəkli, rəngli hərfdir. Ancaq miniatür ən qədim Azərbaycan və türk təsviri sənətidir. Xüsusilə klassik şərq ədəbiyyatının təsiri ilə inkişaf edib".

Məruzəçi müxtəlif dövrlərdə yaşamış rəssamların yaradıcılıq nümunələrini nümayiş etdirərək sübut edib ki, bu sənət yalnız kitab tərtibatı ilə bağlı olan janr və ya sənət növü deyil: "Təsviri və tətbiqi yaradıcılığın yer aldığı bütün sahələrindəki nümunələrdən çıxış edərək demək olar ki, miniatür müsəlmanların, o cümlədən, türklərin və azərbaycanlıların tanıdıqları bədii üslubdur. Deməli, miniatür islam-türk təsviri sənətində tətbiq olunan universal bədii dil, üslubdur".

Z.Əliyev çıxışında Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc miniatürçü rəssam Günay Mehdizadə haqqında da danışıb. O deyib ki, Günay Mehdizadə müasir miniatür sənətinin layiqli davamçısıdır. O, ilk rəssamdır ki, çəkdiyi Atatürk portreti Türkiyədə böyük liderin muzeyində sərgilənir.

Daha sonra Z.Əliyev və G.Mehdizadə rəssamlığın inkişafındakı rollarına görə səfirlik tərəfindən diplomla təltif olunublar.

Şahanə MÜŞFİQ

 





19.10.2017    çap et  çap et