525.Az

Tbilisidə Azərbaycan ocağı


 

Tbilisidə Azərbaycan ocağı<b style="color:red"></b>

Tbilisidə keçiriləcək konfransa dəvət alanda ağlıma ilk gələn fikir Mirzə Fətəli Axundovun bu şəhərdəki ev-muzeyini ziyarət etmək oldu. Konfrans işini  yekunlaşdıran  kimi internet vasitəsiylə muzeyin ünvanını tapdım: Vaxtanq Qorsaqali küçəsi 17...

Muzey bizim qaldığımız oteldən piyada 10 dəqiqəlik məsafədə yeləşirdi, özü də şəhərin mərkəzində, daha çox azərbaycanlıların məskunlaşdığı yerdə.

Vestibüldə bizi azərbaycanlı mühafizəçi qarşıladı.

Muzeyin girişində dahi mütəfəkkirin büstü qoyulmuşdu. Binanın birinci mərtəbəsində art-kafe var idi. Burada tez-tez rəsm əsərlərinin sərgisi və bədii gecələr keçirildiyini öyrəndik.

Yaxın dostum, konfrans iştirakçısı Seymur Nağıyevlə hərəyə üç lari verib muzeyə daxil olduq. Muzey əməkdaşı Cəmilə xanımın  şirin, özünəməxsus ləhcəsiylə dramaturqun həyatına qısa ekskurs etdik.

Öyrəndik ki, muzeydə 2700-ə yaxın  eksponat sərgilənir. Sərgilənən eksponatların bir qismi orijinal olmasa da, çox nəfis formada tərtib edilib.

Cəmilə xanım söhbət zamanı bildirdi ki, 22 yaşında Tiflisə gələn Mirzə Fətəli Axundov 1864-cü ildə bu ərazini alaraq ikimərtəbəli binanı öz layihəsi ilə tikdirir və  ömrünün sonunadək burada yaşayır. Keçmiş sovet dövründə binanın bir qismi yaşayış üçün şəhər sakinlərinə verildiyindən onun yalnız salamat qalan iki otağında  1982-ci ildə muzey təsis olunur. 2012-ci ildə isə Azərbaycan prezidentinin göstərişi və SOCAR-ın maliyyə dəstəyi, o cümlədən, ciddi nəzarətiylə muzey yenidən bərpa edilir. İlk olaraq ərazidə məskunlaşan yerli əhali SOCAR-ın ayırdığı maliyyə ilə başqa yerlərə köçürülür və bina sıfırdan əsaslı şəkildə yenidən qurulur, üçüncü mərtəbə inşa edilir.

Məqsəd  muzeyi azərbaycanlıların mədəniyyət mərkəzinə çevirmək idi. Bu gün  muzeyin üçüncü mərtəbəsində yerləşən konfrans zalında tez-tez mədəniyyət tədbirləri keçirilir. Azərbaycan və onun mədəniyyəti Gürcüstanda belə təbliğ olunur. Cəmilə xanım deyir ki, Gürcüstan məktəbliləri, turistlər, Azərbaycan vətəndaşları tez-tez muzeyi ziyarətə gəlirlər.

Bir məqamı qeyd edim ki, biz ziyarətdə olanda artıq möhtəşəm bir təqdimata hazırlıq gedirdi.

Muzeydə dramaturqun ailə üzvləri, əsərləri, müasirləri haqqında sənədlər, fotoşəkillər ayrıca bölmələrdə sərgilənir.

Dramaturuqn iş otağı da olduğu kimi saxlanılıb.  Muzeydə Qarabağ  musiqiçiləri haqqında ayrıca bir bölmə də var. Bu bölmədə M.F.Axundovun böyük hörmət bəslədiyi Xurşidbanu Natəvanın porteti, müasirlərinin arxiv fotoları sərgilənir.

lll

Muzeydən xoş təəssüratla ayrılırıq.

Azərbaycan səfirliyinin möhtəşəm inzibati binası  da  bu ərazidə yerləşir.

Üçgünlük səfər çərçivəsində şəhərdə çoxsaylı Şərq mədəniyyətinin nümunələrini gördük və ziyarət etdik.

Fəxr duyulası məqamlar çox oldu. Məbədə çevrilən muzey bu gün Tbilisidə Azərbaycan  mədəniyyətinin təbliğat mərkəzinə çevrilib. Bu gün M.F.Axundovun  muzeyə çevrilən evi təmiz və saf Azərbaycan sevgisi üzərində qurulduğundan inanıram ki, bundan sonra da muzey mədəniyyət mərkəzi kimi bir sıra ciddi və yaddaqalan layihələrə imza atacaq. 

 





19.10.2017    çap et  çap et